Postural skolyoz bədənin iş yerində saatlarla düzgün olmayan pozada qalması səbəbiylə ortaya çıxan tipik “ofis” xəstəliyidir. Rusiyanın əməkdar həkimi və manual terapevt Andrey Kabıçkin Sputnik Radiosuna “90 qaydasını” tətbiq edərək skolyozun profilaktikası ilə məşğul olmağın mümkünlüyündən danışıb.
Onun sözlərinə görə, ofisdə oturarkən qamətiniz düzgün deyilsə, əzələlərin bir hissəsi həddən artıq gəriləcək, bir hissəsi isə əksinə rahatlaşacaq. Qısamüddətli dövrdə bu, qorxulu deyil, ancaq hər gün “S” şəklində otursanız, onurğanız böyük təzyiqə məruz qalacaqdır.
Öz sağlamlığına belə laqeyd münasibətin “mükafatı” heç də gözəl görünməyən və daxili orqanlara zərər yetirə bilən onurğa əyriliyi olacaq. Kabıçkin bildirir ki, bu problemlərdən qaçınmaq üçün sadə bir qaydaya əməl etməliyik.
“Ofisdə “90 qaydasına”na riayət etməlisiniz. Bu o deməkdir ki, oturarkən gövdə ilə budun ön səthi arasında 90° bucaq yaranmalıdır. Diz sümüyü və daban da döşəməyə 90° bucaq altında dayanmalıdır”, — həkim əmindir.
“Ofisdə ayağı ayağın üstünə aşırdıb oturmaq isə təkcə onurğaya deyil, həm də damarlara və aşağı ətrafların venalarına zərbə vuracaqdır. Belə vəziyyətdə əyləşmək sizdə vərdiş halını alıbsa, varikoz qaçılmazdır. Ayaq ayaq üstünə aşırdıb oturarkən venalar basılır, qan dövranı zəifləyir, venaların genişlənməsi inkişaf edir. Gələcəkdə orada tromblar meydana gələ bilər. Həmin qan laxtası hərəkət edərsə, bu çoxlu ağırlaşmalara səbəb ola bilər”, — həkim xəbərdarlıq edir.
Kabıçkin saatda ən azı bir və ya iki dəfə iş yerindən qalxmağı məsləhət görür. Onun fikrincə, hətta çox uzağa deyil, ümumi istifadədə olan printerə qədər gedib-gəlmək sağlamlığınıza müsbət təsir göstərə bilər.
İndidən orqanizminizin qeydinə qalın ki, gəncliyinizdə pul qazanmaq üçün sərf etdiyiniz, etinasız yanaşdığınız sağlamlığınızı qaytarmaq üçün qocalıqda çox pul xərcləməli olmayasınız.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Finco.az