Peşəkar rezüme (CV) necə hazırlanmalıdır?
İş axtarışı zamanı vacib və ilk addımlardan biri peşəkar rezümenin (və ya bir çoxlarının səhvən CV olaraq bildiyi) hazırlanmasıdır. Bununla bağlı, həm HR-AZ.com tərəfindən, həm də İR sahəsində çalışan digər mütəxəssislər tərəfindən müxtəlif seminarlar, vebinarlar təşkil olunsa da, mövzu hələ də aktual olmaqdadır. Qeyd edilənləri nəzərə alaraq, peşəkar rezüme hazırlanması barədə ən vacib məqamları sizinlə bölüşmək istərdik.
İlk öncə, peşəkar cv ilə peşəkar rezümenin fərqinə qısaca toxunmaq istərdik. CV (curriculum vitae) və rezüme terminləri adətən sinonim olaraq işlənsə də, müəyyən fərqləri mövcuddur. Hər iki sənəd işaxtaranın peşəkar fəaliyyətini, təcrübəsini, bilik və bacarıqlarını özündə əks etdirir.
Məqsəd, məzmun və ölçü baxımdan bu sənədlərin 3 əsas fərqi mövcuddur. Rezümenin məqsədi rekruterin diqqətini maksimum şəkildə cəlb etməkdir. CV-də isə, daha çox akademik vakansiyalar üçün nəzərdə tutulduğundan, əsas məqsəd namizədin həyatı boyunca aldığı təhsil və iş yerləri barədə geniş məlumatların təqdim olunmasıdır.
Məzmun baxımından rezümedə yalnız vakansiyaya uyğun bilik, bacarıq və təcrübənin əks olunması önəmlidir. CV-də isə, namizədin akademik və peşəkar təcrübəsi detallı və dolğun şəkildə sıralanır. Bu baxımdan, hər vakansiya üçün fərqli rezümenin tərtib olunması tövsiyə olunsa da, CV vahid formada hazırlanır.
Ölçü baxımdan isə, rezüme maksimum qısa və lakonik olmalıdır. Bu rezümenin məqsədinə çata bilməsi üçün (rekruterin/ işə qəbul mütəxəssisinin diqqətini cəlb edə bilmək) önəmlidir. Buna görə də, işçinin təcrübəsindən asılı olaraq rezüme adətən 1, maksimum 3 səhifə olmalıdır. CV isə, daha akademik xarakter daşıdığı üçün ölçüdə hər hansı bir məhdudiyyəti yoxdur.
Beləliklə, ilkin olaraq aydınlaşdırdıq ki, adətən vakansiyalara müraciət edərkən yolladığımız sənəd CV deyil, rezümedir. Bəs o zaman, ilkin seçim zamanı uğurlu ola bilmək və işəqəbul mütəxəssisinin diqqətini cəlb edə bilmək üçün peşəkar rezümeni necə hazırlaya bilərik?
Başlayaq rekvizitlərdən. Rezümenin üst hissəsində ad və soyadınız, eyni zamanda artıq müəyyən təcrübəyə malik bir mütəxəssissinizsə, ekspert olduğunuz sahə barədə məlumat (İR peşəkarı, Təchizat üzrə mütəxəssis, Baş mühasib və sairə) əks olunmalıdır. Beynəlxalq təcrübədə diskriminasiya səbəbi olması iddiaları ilə əlaqədar rezümeyə fotoşəklin, cins, yaş və doğum yeriniz barədə məlumatların əlavə edilməsi tövsiyə edilmir. Azərbaycan reallığında isə, fotoşəkil tələbinin bir çox müəssisələr tərəfindən hələ də aktual saxlanılmasını nəzərə alaraq, rezümenizə əlavə edə bilərsiniz. Lakin, peşəkar bir foto olmasına diqqət etmək lazımdır. Hər hansı studiyada peşəkar çəkiliş etmək imkanınız olmadığı təqdirdə, ən azından ağ fonda səliqəli klassik geyimdə foto çəkərək CV-yə əlavə edə bilərsiniz. Qətiyyən toyda, çimərlikdə, açıq-saçıq və ya gündəlik geyimdə bir fotonu CV-yə əlavə etməyin.
Əlaqə vasitələrində qeyd etdiyiniz, o cümlədən, rezüme göndərdiyiniz email ünvanınızın peşəkar olmasına diqqət edin. Ayka89@box.az, kungfupanda@mail.ru, bombaoglan@gmail.com kimi email ünvanlardan gələn rezümelərin peşəkar təsir bağışlamadığı üçün açılmadan da “zibil qutusuna” atıla biləcəyini unutmayın.
Rezümenin üst hissəsində, rekvizitlərinizdən sonra təcrübənizi, bilik və bacarıqlarınızı, kvalifikasiyanızı 2 cümlə ilə ifadə etməyə çalışın. Özünüzü işə qəbul mütəxəssisinə “sata bilməyiniz” üçün bu ilk fürsətinizdir.
Növbəti hissədə iş təcrübəniz barədə məlumatları sonuncu iş yerinizdən başlayaraq daha öncəki iş yerlərinizə doğru xronoloji ardıcıllıqla sadalayın. Hər vəzifəyə uyğun məsuliyyətlərinizi və ən vacibi, olduğu təqdirdə nailiyyətlərinizi qeyd etməyə çalışın. Əgər iş həyatına yeni qədəm qoyan birisinizsə, könüllülük proqramlarındakı iş təcrübənizi və orda yaratdığınız dəyərləri qeyd edə bilərsiniz.
İş təcrübəsindən sonra təhsil məlumatlarınızı qeyd etməlisiniz. Bir çox namizəd təhsil məlumatlarını iş təcrübəsindən daha öncə qeyd edir. İşəqəbul mütəxəssisinə isə, sizin iş təcrübənizin daha vacib olmasını nəzərə alaraq, bu səhvə yol verməməyiniz tövsiyə olunur. Təhsil hissəsində bitirdiyiniz ali təhsil müəssisəsinin adını, ixtisasınızı və bitirmə tarixini qeyd etməyiniz kifayətdir.
İş təcrübəsindən sonra təlim və sertifikatlarınız barədə məlumatlarınızı qeyd edə bilərsiniz. Önəmli məqam, bu sertifikatların müraciət etdiyiniz vakansiyaya uyğunluğudur. Əgər mühasib vakansiyasına müraciət etmisinizsə, dizayn proqramları üzrə hansısa təlimdə iştirak edərək aldığınız sertifikatın bir o qədər önəmi yoxdur.
Daha sonra, müraciət etdiyiniz vəzifəyə uyğun malik olduğunuz bir neçə bacarıqlarınızı və texniki səriştələrinizi qeyd edə bilərsiniz. Lakin, bu səriştələrin vəzifəyə və Sizə uyğunluğuna, o cümlədən, sayının 8-dən çox olmamasına diqqət etməyiniz gərəkdir. Unutmayın ki, qeyd etdiyiniz hər bacarıqla bağlı müsahibədə sizə sual ünvanlana bilər. Uyğunluq məsələsi burada da vacibdir. Mühasib nümunəsini davam etsək, paraşütdən atlamaq bacarığınızın işəqəbul mütəxəssisinə heç də maraqlı olmaması barədə yəqin ki, mənimlə razılaşarsınız. O zaman, lazımsız informasiya ilə onu yormağa nə gərək var?
Ən sonda sizi tövsiyə edə biləcək keçmiş həmkarlarınızın və rəhbərlərinizin əlaqə vasitələrini qeyd edə bilərsiniz.
Rezümeni göndərən zaman, vakansiyaya olan marağınız, işə qəbul olunduğunuz təqdirdə şirkətə nə kimi dəyərlər qatacağınız barədə qısa müşaiət məktubu da yazsanız çox gözəl olar.
Düşünürəm ki, rezümenin hazırlanması haqqında əsas məqamları burada qeyd edə bildim. Qeyd edilən tələblərə uyğun nümunə rezüme formasını da aşağıdan yükləyə və özünüzə uyğunlaşdıra bilərsiniz.
peshekar-cv-numune.docx [125,17 Kb] (yüklənib: 410)
Məqalənin faydalı olacağına ümid edirəm. Karyeranızda uğurlar!
Müəllif:
Orxan Səfərli
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com