CV-də ehtiyacınız olmayan 10 şey

22 dekabr, 2020 0 2 196


CV-də ehtiyacınız olmayan 10 şey


İş axtarışı bir neçə addımdan ibarət çətin bir tapşırıq ola bilər. Tipik olaraq, ilk addım işə qəbul mütəxəssisinin sizi boş vakansiyaya uyğun hesab etməsinə inandıran bir rezüme (CV) yaratmaqdır.

CV-nizi öz sözçünüz və ya təqdimat vasitəsi kimi düşünün, potensial işəgötürən üçün arzuolunan ilkin təəssürat ifadə edən bir rezüme yaratmaq vacibdir. Bir işə qəbul mütəxəssisi və ya işçinin işə qəbulu ilə bağlı son qərarı verən şəxs (işə qəbul meneceri) sizinlə görüşmək istəsə, bu, CV-in sizi uyğun bir namizəd kimi təqdim etdiyi mənasını daşıyır.

Buna baxmayaraq, son tarixlər və alınan CV-lərin sayına görə işə qəbul mütəxəssislərinin hər rezümeyi diqqətlə nəzərdən keçirmək üçün kifayət qədər vaxtı olmur. Ümumiyyətlə, işə qəbulla əlaqədar olan şəxs müvafiq məlumat üçün CV-ni gözucu oxuyur. “Ladders” tərəfindən həyata keçirilən "2018 Göz İzləmə Araşdırmasına" görə, bir çox işə qəbulla məşğul olanlar orta hesabla 7.4 saniyə ərzində CV-ni oxuyur.

Heyrət! Vay! İşə qəbul üzrə məsul birinin CV-i saxlamağa və ya atmağa dəydiyini müəyyənləşdirməsi orta hesabla 7.4 saniyə çəkir. CV-lərin üzərindən belə gözucu keçmək (və kənara atmaq) ən yaxşı təcrübə olmasa da, bu həqiqətdir.
Bu arada namizəd, böyük ehtimalla şirkətdən geri cavab almağa ümid edir. Bəli, bunu sübut edə bilərəm. Bir neçə dəfə həmin vəziyyətdə olmuşam. Əminəm ki, CV-in mindən çox versiyasını yaratmışam. Ötən illər ərzində, digər mütəxəssislərin və resursların köməyi ilə əhəmiyyətli dərəcədə dəyişdi.

İşin yaxşı tərəfi, İR mütəxəssisi kimi işlərin necə getdiyini anlamaq üçün masanın digər tərəfində oturmaq üstünlüyünə sahibəm. Təməl funksiyalarımdan biri kimi işə qəbulu gördüm (həm texnoloji, həm də praktik cəhətdən), bir çox CV-i nəzərdən keçirdim, müvafiq vəzifələrə uyğun namizədləri seçdim və yerləşdirdim.

Təcrübəmə əsasən, CV-də iş axtarışına mane ola biləcək bir neçə şey mövcuddur. Onlardan bir neçəsini aşağıda qeyd etmişəm:

1. Şəxsi məlumatlar

Şəxsi məlumatlarınız rezümenizə aid deyil, çünki sizi ayrı-seçkiliklə nəticələnən qərəzli yanaşmalara məruz qoyur. Nümunələr arasında cinsiniz, doğum tarixiniz, milliyyətiniz, mənşəyiniz, ailə vəziyyətiniz və dininiz var. İşə qəbuldan məsul birinin sizi yaşınızdan və ya sizdən aslı olmayan başqa bir səbəbdən namizədliyinizi dəyərləndirmədiyini bilsəniz nə hiss edərsiniz? Heç kimin onlara mənfi təsir göstərə biləcək məlumatlar paylaşacağını gözləmirəm. Buna görə öz CV-i hazırlayarkən işi yerinə yetirmək bacarığınızla birbaşa əlaqəli olmayan şəxsi məlumatları silin.

2. Ev ünvanınız

Bəzi iş üçün müraciət edənlər hələ də yerlərini göstərmək üçün tam ev ünvanlarını istifadə edirlər. CV-lərin e-poçt və iş portalları vasitəsi ilə kiber məkanımızda səyahət etdiyini nəzərə alsaq, tam adresinizi istifadə etmək risklidir. E-fırıldaqçılıq və şəxsiyyət oğurluğu kimi təhlükəsizlik problemlərinə məruz qala bilərsiniz. CV-nizə adresinizi əlavə edərkən yalnız şəhər və əyalətdən istifadə edin (və ya xaricdə işə müraciət edirsinizsə, şəhər və ölkədən).

3. Fotoşəkiliniz

Dünyanın bəzi yerlərində insanlar peşəkar fotoşəkillərin (baş şəkilləri) CV-də məqbul olduğunu iddia edirlər. Buna baxmayaraq, İnsan Resursları təcrübəsi namizədləri fotoşəkilləri CV-də istifadə etməyə təşviq etmir, lakin modellər, aktyorlar, televiziya adamları və ya işəgötürənlər tərəfindən tələb olunan xüsusi peşələr istisna olmaqla. Ümumiyyətlə şəklinizi CV-ə əlavə etməyinizi tövsiyə etmirəm, çünki ilk baxışdan qeyri-ixtiyari şəkildə ayrı-seçkiliyə səbəb ola bilər. İşə qəbulla məşğul olan şəxs fotoşəkilinizlə cinsinizi, irqinizi, bəlkə də dininizi təxmin edə bilər və böyük ehtimalla yaşınızı da. Bu qərəzlilik layiq olduğunuz fürsəti əldə etməyinizə mane ola bilər. Fotoşəkiliniz CV-ə əlavə nəsə qazandırmayacaqsa və ya ixtisasınızı göstərməyəcəksə, onu əlavə etməyin. Bundan əlavə, şəkillər rezümedə yer itkisidir, işə qəbul üzrə məsul şəxs sizi görmək istəsə hər zaman Linkedin profilinizə baxa bilər.

4. Uyğun olmayan e-poçt ünvanları

CV-dəki e-poçt adresinin sizi bir mütəxəssis kimi yansıtdığından əmin olun. Yeni bir e-poçt hesabı yaratmaq olduqca asandır və beləliklə, CV-də uyğun olmayan e-poçt ünvanlarını istifadə etmək üçün heç bir bəhanəyə ehtiyac yoxdur. Adınızı göstərən, ləqəb və jarqon olmayan bir e-poçt ünvanı istifadə edin. Həmçinin, cari işinizdə istifadə etdiyiniz e-poçt adresinizi öz CV-də göstərməyin. Məsələn, Kənan Adilovun CV-də kananadilov@domain.com və ya kadilov@domain.com istifadə etmək daha peşəkardır. Vasif Əsgərov üçün CV-də vasifasgarovqaqa123@domain.com və ya vasifasgarov@mycurrentjob.com istifadə etmək qeyri-peşəkar haldır.

5. Vəzifə öhdəlikləri

Bəzi hallarda iş üçün müraciət edənlərin hər iş təcrübəsi altında vəzifə öhdəliklərini sadaladıqlarını görürəm. Başqa sözlə desək, insanlar vəzifə təlimatlarında göstərilən bütün öhdəlikləri sadalayırlar. Bilirik ki, hər kəs bir vəzifə təlimatında qeyd olunan öhdəliklərin hamsını yerinə yetirmir. Bu səbəbdən, hər iş təcrübəsi altında nailiyyətlərinizi vurğulamaq daha əhəmiyyətlidir. Komandanıza / təşkilatınıza dəyər qazandırmaq üçün etdiyiniz işlər nələrdir? Bu nailiyyətlər, işə qəbul menecerinə təşkilatın önəmli parçası olacağınızı göstərəcəkdir.

6. Qrafik dizaynlar

Namizədlər özünəməxsus şriftlərdən istifadə edərək, cədvəllər əlavə edərək və ya rənglərlə oynayaraq rezümelərində yaradıcılıq nümayiş etdirməyə çalışırlar. Buna baxmayaraq, adi qaydada rezüme hazırlamaq həmişə daha etibarlıdır. Bəzi namizəd izləmə sistemləri, qrafik dizaynlar olan CV-lərdən müvafiq məlumatları çıxara bilməyəcəkdir. Ayrıca, işə qəbul üzrə məsul şəxs CV-də müvafiq məlumatı tapmaq çətinlik çəkirsə, CV-nizi kənara atma riski ilə qarşılaşırsınız.

7. Köhnəlmiş məlumatlar

CV-nizə uzaq keçmişinizdən məlumat daxil etməyinizə ehtiyac yoxdur. Məsələn, universitet diplomunuz varsa, bu orta təhsilinizi (orta məktəbi) başa vurduğunuzu göstərir. Buna görə də, orta məktəbi CV-ə daxil etməyinizə ehtiyac yoxdur. Ayrıca, uzun illər təcrübəsi olan bir mütəxəssissinizsə, bütün karyera tarixçənizi öz CV-ə yazmağa ehtiyac yoxdur. Əksər karyera kouçları və işə götürənlər son 10-15 il ərzindəki müvafiq vəzifələrə diqqət yetirməyinizi tövsiyə edirlər.

8. Jarqonlar

CV-də qısaldılmış sözlərin və ya texniki sözlərin (sənaye linqosu) istifadəsini minimuma endirin. Bəzi jarqonlar xüsusi şirkətlərə, sənayelərə və ya ölkələrə xasdır, buna görə də, işə qəbul mütəxəssislərinin onlarla tanış olduğunu güman etmək hər zaman güvənli deyil. İşə qəbul edən şəxs bu jarqonları tanımırsa, uyğun olsanız belə, namizədliyinizin nəzərə alınmamaq riski var. Buna baxmayaraq, elan edilmiş vakansiya əvvəlki iş təcrübənizlə əlaqəlidirsə, həmin sənayeyə xas jargondan listifadə edə bilərsiniz. Şübhə etdiyiniz zaman sadə sözlərdən istifadə edin və abreviaturaları açın.

9. Tövsiyə edən şəxslər (İstinadlar)

Karyeramın başlanğıcında CV-ə məni tövsiyə edən şəxsləri əlavə etməklə səhvə yol verdim. Buna baxmayaraq, istinadlar siyahısını təqdim etmək və ya "istəyə görə istinadlar təqdim olunacaq" kimi qısa qeydlər əlavə etməyin, CV-dəki boş yerləri lüzumsuz şəkildə tükətmək olduğunu tez bir zamanda öyrəndim. Bundan əlavə, siz onların məlumatlarını erkən mərhələdə lazımsız olaraq ifşa edirsiniz. İşəgötürən tələb etdikdə ayrıca bir tövsiyə edən şəxslərin siyahısını təqdim edin.

10. Qrammatik və ya orfoqrafik xətalar

Kiçik bir qrammatik və ya orfoqrafik səhv, müsahibəyə dəvət alma şansınızı azalda bilər. İşə qəbul üzrə qərar sahibi menecerlər iş üçün müraciət edənlərin orfoqrafik qabiliyyətlərini və ya diqqətlərini, onların CV-ləri ilə ətraflı qiymətləndirməyə meyllidirlər. Hər hansı bir vəzifəyə müraciət etmədən əvvəl CV-in səhvsiz olduğundan əmin olun. CV-in məzmununu yüksək səslə oxuyaraq səhvləri yoxlayın. Həmçinin, bir nəfərdən sizin sənədinizin mətnində düzəlişlər etmək üçün oxumasını istəyə bilərsiniz.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Hrmagazine
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə