Lateral düşüncə tərzi nədir?

17 yanvar, 2021 0 2 351


Lateral düşüncə tərzi nədir?


Bir çoxumuz həyatımızı stereotiplərlə idarə edirik: çünki biz bu sterotiplərlə böyümüşük. Bəzən isə fərqli düşünən, məsələlərə tam ayrı baxış bucağından baxan insanlarla qarşılaşırıq. Düzdür, bir çoxumuz onları qəbul edə bilmirik, onlar qədər cəsarətli olmadığımızı düşünürük. Amma etiraf edək ki, qeyri-standart düşüncəli insanlar həyatda həmişə 1:0 öndədirlər. Psixologiyada bu qeyri-standart, şablon olmayan düşüncə “lateral düşüncə tərzi” adlanır.

Lateral düşüncə konsepsiyasının yaradıcısı 1967-ci ildə britaniyalı psixoloq Edvard de Bono olub. Fərqli düşüncə tərzi yeniliklərin yaranmasına səbəb olur. Dünyada bir çox dəyərli ixtiralar məhz qeyri-standart düşüncəli insanlar tərəfindən həyata keçirilmişdir. Biz bunları bəzən “qəribəliklər” adlandırırıq.

Leonardo da Vinçi saatlarla oturub bir vərəqdə müxtəlif xətlər, dairələr çəkər, sonra onları nəyəsə bənzədər, birləşdirər, beləcə rəsm əsəri yaradarmış.

Tomas Edison 1093 ixtiranın müəllifidir. Çox böyük bir rəqəmdır, elə deyilmi? Buna necə nail olmuşdu dahi alim? O, qarşısına məqsəd qoymuşdu ki, hər 10 gündən bir kiçik bir icad etsin. Bu kiçik icadları sonradan böyük icadlar üçün də istifadə edirdi.

Yaxud da, Eynşteyni götürək. Amma əgər Eynşteyn “qəribə” olmasaydı, biz bu gün onu tanıyacaqdıqmı?


Heç lateral düşüncə qabiliyyətinizi inkişaf etdirmək barədə düşünmüsünüzmü? Biz, adətən vertikal düşüncəyə sahibiq. Yəni, hər hansı bir məsələni addımbaaddım analiz edirik, faktlara və hamı tərəfindən qəbul edilən ümumi yanaşmalara istinad edir və qeyri-adi nəticə əldə edə bilmirik.

Lateral düşüncə tərzi isə məsələlərə ənənəvi yanaşmaları rədd edir. Bu, qeyri-standart, şablon olmayan, hər hansı bir məsələyə bir deyil, bir neçə müxtəlif aspektdən yanaşma tərzidir. Yəni, çərçivələrdən kənara çıxırıq.

Lateral düşüncəni inkişaf etdirmək üçün Edvard Bononun 5 metodik tövsiyəsi var:

• Klişe və mövcud düşüncə tərzlərindən uzaqlaşın;
• Məsələlərin mövcud həlli yollarına şübhə ilə yanaşın;
• Bütün alternativ variantları ümumiləşdirin;
• Yeni ideyalar tətbiq edin və bundan nə əldə edə biləcəyinizə baxın;
• Yeni giriş və çıxış nöqtələri axtarın.

Marketoloqlar yaxşı bilər, hətta “lateral merketinq” anlayışı də mövcuddur. Məsələn, belə bir misal çəkim: Londonda tikinti şirkətlərindən biri tikdiyi mənzillər üçün müştəri cəlb edə bilmirdi. Vəziyyət o yerdə idi ki, müştərilər heç mənzillərə baxmağa belə gəlmirdilər. O zaman şirkət belə bir ideya həyata keçirir: binanın maketini düzəldir, onu bir barjaya yerləşdirir. Barja Temza çayı boyunca üzür və ara-sıra Temza çayının müxtəlif sahillərinə yan alırdı. Beləliklə, şirkət minlərlə şəxsin mənzillərlə tanış ola bilməsini həyata keçirdi və nəticədə, satışlar artdı.

Demək, lateral düşüncə tərzini inkişaf etdirmək üçün biz nə etməliyik?


• Aid olduğumuz sahələrdə yeni ideyalar axtarmalıyıq;
• Stereotiplərdən kənara çıxmağı bacarmalıyıq;
• Bir məsələnin həlli üçün bir neçə fərqli variant düşünməliyik;
• Gündəlik, rutin məsələlərə belə yaradıcı yanaşmalıyıq.

Əslində çox axtardığımız kreativlik və ya yumor hissi də lateral düşüncənin tərkib hissəsidir.
Bəs biz nə icad edək? Xeyr, nəsə icad etmək vacib deyil.
Skrepka və ya sancaq. Konkret məqsədlərdən başqa, bu iki sadə əşyanı necə istifadə edə bilərik?

Köhnə, lazımsız əşyaları necə fərqli şəkildə istifadə edə biləcəyinizi heç düşündünüzmü? Məsələn, sosial şəbəkədən qiyabı tanıdığım bir xanım köhnə, yararsız qapılardan evi üçün çox gözəl mebel düzəltdirmişdi. Çox gözəl, maraqlı və kreativ bir ideya idi.

“Beyin fırtınası” (brain storm) ifadəsini çox eşitmişik. Bu metodu tətbiq edərkən çoxlu sayda ideyalar toplanılır. İdeya mükəmməldir və ya deyil, fərq etmir. İdeyalar tənqid edilmir. Məqsəd bütün ideyaları analiz edib, onların hamısından faydalı olan nüansları götürüb, bütün ideyaların bazasında daha mükəmməl yeni ideya yaratmaqdır.

Ferrero Roşe brendindən olan dadlı şokoladları hamımız sevirik. Bir dəfə Roşe bazara yeni məhsul çıxarmaq haqqında düşünürdü və o, məhsulun dadına yox, görünüşü ilə əlaqədar ideyalara çox yer ayırdı. Beləliklə, işçisi Vilyam Saliçenin ideyasına əsasən məşhur “Kinder-sürpriz” meydana gəldi. Düzdür, bu ənənə əvvəllər də mövcud olub. Amma bu ənənəni ticari markaya çevirən Ferrero Roşe oldu, sonralar bu ideyanı bir çox qənnadı şirkətləri istifadə etməyə başladı və günümüzdə hələ də aktualdır. Mən belə, hələ indi də “kinder-sürpriz” alıram.

İşdə və həyatımızda lateral düşünmək bizi inkişaf etdirir. Robotlaşmış düşüncəli insanlarla işləmək maraqlı olar, yoxsa hər gün yeni ideyalarla gələn?

Monoton iş-ev-iş şəklində həyat tərzi maraqlı olar, yoxsa hər gün fərqli məşğuliyyət həyat keçirməyiniz?
Çoxşaxəli düşünmək həm də psixologiyamıza müsbət təsir edir. Bu düşüncə tərzini inkişaf etdirmək üçün hər gün sadə ideyalar haqqında düşünün: məsələn, fincanı çay içməkdən başqa necə istifadə etmək olar? Yaxud, hər gün işdən evə gəlmək üçün alternativ hansı yollar və üsullardan istifadə edə bilərik?İşdə gündəlik rutin deyil, daha fərqli necə qrafik qura bilərik?

Bunları ara-sıra tətbiq edirəm və həqiqətən də çox faydasını görürəm.

Müəllif: Sevinc Qarakişiyeva











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə