İşçinin kredit müraciəti və ya "iş yerindən arayış" problemi

26 noyabr, 2021 0 620


İşçinin kredit müraciəti və ya "iş yerindən arayış" problemi


Son zamanlar insan resurslarının idarə edilməsi üzrə mütəxəssislər bir problemlə tez-tez qarşılaşırlar. İşçilər əlaqə saxlayıb bankdan onlara kredit verilmədiyini, səbəb kimi isə əmək müqaviləsi müddətinin bitməsi göstərildiyini bildirirlər. İnsan resursları şöbəsi tərəfindən banka rəsmi arayış da verilsə, elektron hökumət portalından işçinin əmək müqaviləsi statusunun aktiv olduğunu göstərən bildiriş də göndərilsə nəticəsi olmur. Bankdan bildirirlər ki, müqavilə yenilənməlidir, yəni müqavilənin bitmə müddəti dəyişdirilməlidir.

Bəzi insan resursları şöbəsinin əməkdaşları bankın tələb etdiyi kimi elektron hökumət portalından müqavilə müddətini irəli tarixə dəyişirlər. Lakin, nəzərə almadıqları bir nüans var. AR Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Yəni əmək müqaviləsini müddətli bağlamaq qarşılıqlı razılıq əsasında işəgötürən və işçinin hüququdur.

Belə ki, işçini elektron hökumət portalında qeydiyyata alarkən əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi səhifəsinin 2.1) bəndində əmək müqaviləsini müddətli seçdikdə Müqavilənin bağlanma tarixi bölməsində - işçini işə qəbul etdiyimiz tarix (cari tarix), Müqavilənin bitmə tarixi bölməsində isə əmək müqaviləsinin müddətindən asılı olaraq müddətin bitmə tarixini qeyd edirik.

Misal üçün, biz işçini 01.01.2021 tarixdə işə götürürüksə müqavilənin bağlanma tarixi bəndinə 01.01.2021 və müqavilə müddəti bir aylıqdırsa bu zaman müqavilənin bitmə tarixi bəndinə 01.02.2021 yazırıq. 01.01.2021-01.02.2021 ( 1 ay) aralığındakı müddət müqavilənin müddətini bildirir. Və yenə də Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Yəni 01.02.2021 tarixindən bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verməzsə əmək müqaviləsi həmin müddətə (qeyd etdiyimiz misalda 1 ay müddətinə) uzanır.

Lakin müqavilənin bağlanmasından bir il də keçsə, müqavilə qüvvədə olmasına baxmayaraq elektron hökumət portalında müqavilənin bitmə tarixi 01.02.2021 göstərilir. Elə əsas problem də buradan başlanır. Tutaq ki, işçi cari ilin noyabr ayında banka müraciət edir və insan resursları şöbəsinin əməkdaşları bankın tələbi ilə müqavilənin bitmə müddətini dəyişib 01.12.2021 qeyd edirlər. Lakin bu zaman artıq müqavilənin müddəti 1 aylıq yox 11 aylıq olur (01.01.2021-01.12.2021) və bu da əmək müqaviləsinə əlavə razılaşma imzalanmasına zərurət yaradır ki, çox şirkətlər də buna razı olmur. Çünki yuxarıda qeyd olunduğu kimi bir çox şirkətlər müəyyən səbəblərdən AR Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə istinad edərək əmək müqavilələrini müddətli bağlayırlar. Bu zaman zərər çəkən işçi olur. Çünki bank əməkdaşı “ASAN Finans” sistemi vasitəsilə noyabr ayında işçinin məlumatlarına baxdıqda əgər müqavilənin bitmə tarixi 01.02.2021 göstərilirsə bu zaman işçinin elektron hökumət portalında statusunun aktiv olmasına baxmayaraq ona kredit verməkdən imtina edir. Onsuzda çətin vəziyyətdə olan, pula ehtiyacı olan insanlar belə xırda bürokratik əngəllərlə daha da çıxılmaz vəziyyətə düşürlər.

Bütün dünyada 300 mindən çox üzvü olan İnsan Resurslarının İdarə Edilməsi Cəmiyyətinin (SHRM) 2007-ci ildə yayımladığı etik kodeksdə qeyd olunan müddəalardan biri də etibarlı iş mühiti yaratmaq üçün insanlara ləyaqət, hörmət və mərhəmətlə yanaşılmasıdır (Treat people with dignity, respect and compassion to foster a trusting work environment). Hal-hazırda ölkəmizdə insan resursları sahəsində təcrübəli mütəxəssislər var, bu sahədə müxtəlif birliklər və təşkilatlar yaranır, təlimlər keçilir, müəyyən maarifləndirmə işləri görülür. Düşünürəm ki bu kimi problemlərin həllini tapması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması da məhz insan resursları sahəsində çalışan əməkdaşların öhdəliyidir.


Müəllif: Əliağa Əzimzadə











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə