Əmək məzuniyyəti ilə bağlı Konstitusiya Məhkəməsinin təcrübədə əhəmiyyətli dəyişikliklərə səbəb olacaq yeni Qərarı dərc olunub:
"İşçinin əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi əlavə məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi müəyyən edildi.
Yəni, işçi artıq işdən çıxarkən yalnız əsas əmək məzuniyyətinə görə deyil, həmçinin istifadə etmədiyi əlavə (əmək şəraitinə, əmək stajına, uşağa görə, işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə) məzuniyyətlərə görə də kompensasiya alacaqdır."
HR-AZ.com xəbər verir ki, sözügedən şəxslərə istifadə etdikləri əlavə məzuniyyətə görə kompensasiya veriləcək:
- Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər
Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə müddəti 6 təqvim günündən az olmayan əlavə məzuniyyətlər verilir.
- Əmək stajına görə əlavə məzuniyyətlər
Əmək stajından asılı olaraq işçilərə 5 ildən 10 ilədək əmək stajı olduqda 2 təqvim günü, 10 ildən 15 ilədək əmək stajı olduqda 4 təqvim günü, 15 ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
- Uşaqlı qadınların əlavə məzuniyyətləri
Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək 2 uşağı olan qadınlara 2 təqvim günü, bu yaşadək 3 və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
- İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə məzuniyyəti
İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
- İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi
Hazırda qüvvədə olan qanunvericiliyə görə, yuxarıda nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiya verilmir.
Yeni qərara əsasən isə, yuxarıdakı abzasdakı müddəa bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə onun tətbiqi dayandırılacaq.
Mövcud qeyri-bərabərliyin qarşısının alınması məqsədilə əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi yuxarıda göstərilən əlavə məzuniyyətlərinə görə istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin ediləcək.
Qərarın təm mətnini aşağıda təqdim edirik:
1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsindəki “bu Məcəllənin 115–117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” müddəası bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından tətbiqi dayandırılsın.
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən işdən çıxan günədək işçinin istifadə etmədiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərə görə kompensasiya ödənilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin 144-cü maddəsinin 2 və 3-cü hissələri Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin I və III, 71-ci maddəsinin II və 149-cu maddəsinin I hissələrinin tələblərinə uyğunlaşdırılsın.
3. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25 və 149-cu maddələrinin tələbləri nəzərə alınmaqla mövcud qeyri-bərabərliyin qarşısının alınması məqsədilə, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin edilsin.
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsindən sonra əmək müqavilələrinə xitam verilməsi ilə bağlı yaranan münasibətlərə, habelə hazırda məhkəmələrin icraatında olan müvafiq işlərə şamil olunsun.
5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
6. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
7. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Mənbə:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q Ə R A R I
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com