Tarazlanmayan Gəlir Tərəzisi

25 mart, 2019 1 584


Tarazlanmayan Gəlir Tərəzisi


Günümüzdə ədalətsizliyin bir çox sahədə var olduğu təəssüf ki, ən uzaq üfüq xəttindən belə görüləcək bir gerçəkdir. Lakin insanoğlu gözünün önündəkini görməmə, görmək istəməmə kimi xüsusiyyətləri özündə daşıya bilir. Bu yazıda toxunmaq istədiyim nöqtə sahəmlə də daha əlaqəli olan gəlir bölgüsü və ələlxüsus gəlir ədalətsizliyi ilə bağlıdır. Belə ki, yazıda “gəlir” və ədalət kimi anlayışlara kiçik bir aydınlıq gətirdikdən sonra, gəlirin qeyri-ədalətli bir tərəzidə paylaşdırılması ilə bağlı yanaşmamı bəzi mənbələrdən əldə etdiyim məlumatlarla səciyyələndirməyə çalışacam. Sonda isə daha subyektiv fikrimi dilə gətirməklə birlikdə bir fərd olaraq nə edə biləcəyimizin üzərində dayanacağam. Ümid edirəm ki, ərsəyə gətirməyə çalışdığım bu fikir və tədqiqat yazısı məlumatlandırma çərçivəsində az da olsa siz oxuyuculara yararlı olar.

Gəlir və ədalət, bu iki anlayış yanaşı gələndə dünyanın ən qısa lətifəsi olmağa namizəd kimi durmurlar mı? Dünyanın hansı ölkəsində olursanız olun, yer kürəsinin hansı nöqtəsində dayanıb bu yazını oxuyursanız oxuyun, olduğunuz yerdə küçəyə çıxanda abzasın başındakı anlayışların ortaya çıxardığı tragik hadisələrin şahidi olacaqsınız; Küçəyə atılmış insanlar, günlərini ac keçirənlər, mağaza önündən keçərkən övladlarının gözünü bağlamağa çalışan atalar və s. Maraqlısı isə, yenə hansı ölkədə yaşadığınızın önəmi olmadan, internetdə bəzi beynəlxalq ya ölkə səviyyəli mənbələrdən “orta gəlir” kimi məlumatların statistikasına baxsaz bir an özünüzü zənginliklərlə dolu hansısa ütopyada hiss edəcəksiniz. Bu təəssüf ki yuxarıda vurğuladığımız tragik hadisələri tragikomik bir hala gətirir. Bəs bu vəziyyət sadəcə bu günə, bu dövrə mi xasdır? Mən əsrlərdir insanın təbiətində mövcudluğunu qoruyan “daha çox qazanma” instinkinə görə tarixin elə yuxarıdakı tragik hadisələrə paralel şəkildə təkrarlandığını düşünürəm. Həm də tarixin ondan dərs almayanlar üçün təkərrür etdiyi fikriylə razılaşır və əlavə etmək istəyirəm ki, bu günə qədər belə gəlmiş insanın bundan sonrası da çox parlaq və də ədalətli görünmür.

Keçək faktları meydana gətirən hissəyə. Mövzuya milyonlarla insanı əhatələyən ümumiləşdirilmiş məlumatlardan əvvəl şəxslərə xitab edənlərlə başlamaq istəyirəm. Birləşmiş Ştatların ilk ən varlı 3 şəxsi, Jeff Bezos, Bill Gates və Warren Buffet ölkədəki aşağı təbəqə nümayəndələrindən meydana gələn 50%-lik dilimin, kobudca desək 160 milyon insanın ümumi sərvətinə bərabər zənginliyə sahibdir. Bu informasiya İngiltərənin qəzet nəhənglərindən olan TheGuardian-da 2017-ci ildə dərc edilmiş olan bir məqalədə yer alır (Neate, R., 2017). Məlumatı daha aydın ifadə etmək üçün qeyd etməliyəm ki, sözügedən üç şəxsin toplam sərvəti təxminən 318 mlrd ABŞ dollarına bərabərdir. Bu isə ölkəmizin ümumi daxili məhsulundan təxmini 8 dəfə və ya son zamanlar inkişaf pillələrində çətinliklə addımlayan qonşu ölkə Türkiyənin mərkəzi bankında tutduğu ümumi valyuta ehtiyyatlarınından kobudca desək üç dəfə çoxdur. Başqa bir maraqlı fakt isə, bir neçə ildir gəlir ədalətsizliyi, yoxsulluq və bənzər sferalarda gerçəkləşdirilən tədqiqatları əhatələyən raportlar dərc edən Oxfamın 2018-ci il raportundandır. Sözügedən hesabatda 2017-ci ildə dünyada gerçəkləşən gəlir artışının 82%-in ən üst təbəqələrdən ibarət 1%-lik dilimə getdiyini və ən düşük gəlirli qrupa isə demək olar o ümumi gəlirdən heç pay düşmədiyi vurğulanır. (Oxfam, 2018). Məsələyə daha mikro çərçivədən baxsaq tanınmış bir maliyə qurumu olan Credit Suisse-in bir araşdırmasında maraqlı bir informasiyayla qarşılaşırıq. Belə ki, dünyadakı ümumi sərvətin bölgüsünü ələ alanda Şimali Amerika və Avropa qitələri birlikdə ümumi dünya sərvətinin təqribən 64%-ə sahibdir (Suisse, 2017). Hansı ki insan sayı olaraq Avropa və Şimali Amerika ümumilikdə, 1.3 milyard əhaliyə, yəni dünyaya nisbətdə 17.3%-ə evsahibliyi edir. Vurğulanan məlumatları kobudca şərh etsək, dünyanın 17.3%-i ümumi sərvətin 64%-ə sahibdir. Digər bir mütəəssir edici bir məlumat isə Dünya Bankının 2015-ci ildə paylaşdığı bir statistikadandır. Sözügedən məlumata görə dünyadakı kasıb insanların yarısı sadəcə beş ölkədə yaşayır, bunlar müvafiq olaraq Hindistan, Nigeriya, Konqo Demokratik Respublikası, Efiopiya və Banqladeşdir (World Bank, http://www.worldbank.org, 2015). Əslində bu faktlar çoxaldıla bilər, hərçənd çox və ya az olması məsələ deyil və bu şərtlərdə yaşayan insanların mövcud olduğu gerçəyini dəyişmir. Zənnimcə bu qədər kafidir.

Statistikalarla oxucunu boğmaq istəməsəm də mümkün qədər açıqlayıcı məlumat verməyə çalışdım. Çünki məlumatı onsuz da sosial mediadan hər gün görür və sərfnəzər edirik. Dostlar, bura qədər oxudunuzsa artıq dost olduğumuzu fərz edirəm, oxumaq, oxutmaq, düşünmək, düşündürmək və mümkün yollarla bir-birimizə kömək çıxmaq lazımdır. Rifaha, firavanlığa çatmaq üçün ilk işin düşünmək olduğu fikrindəyəm. Düşünərək əldə edilən zənginliyin ədalətli bir şəkildə paylanmasında isə vicdanın, ləyaqətin və bənzər bir sıra insanı insan edən xüsusiyyətlərin əsas amillər olduğuna inanıram. Dostlar, əmin olun ki nələrsə etmək çox çətin və xərcli bir yol deyil. Sabah yeni günü qarşılayarkən dünyanı daha yaxşı bir yer qılmağın bir gülümsəmə ilə başlayacağını unutmayın. Dəyərli dostlar, son olaraq bildirmək istəyərdim ki, mən möhtəşəm cümlələr sərgiləyəcək bacarığı özümdə ehtiva etdiyimi düşünmürəm, lakin bir yazıda önəmli olan gerçəklərin əks olunmasıdır, nəyin ki rövnəqli cümlələrlə bəzədilməsi. Necə ki, Platonun yazdığı “Sokratın Apologiyası” kitabında Sokrat müdafiəyə başlayarkən deyir:

"Yaxşı danışıb danışmadığımın nə mənası var? Dediklərimin doğru olub olmadığına baxın.”

Müəllif: İbrahim Badalov











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Courtnei20 iyul 2024, 21:40
This website was... how do I say it? Relevant!! Finally I've found something that
helped me. Appreciate it!

Feel free to visit my site Johnanthan
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə