Karyera ortasında böhran

23 noyabr, 2019 0 456


Karyera ortasında böhran


“Harvard Business Review” jurnalında bu yaxınlarda bir yazı çıxmışdı. O yazını oxuyandan sonra uzun müddətdir beynimi məşğul edən suala cavab tapmış kimi oldum və bir az rahatladım. Yazının mövzusu karyera ortasında yaşanılan böhranla bağlı idi (mid-career crisis). Sən demə özümdə hiss etdiyim bu narahatlığın şəxsimlə əlaqəsi yoxdur, beynəlxalq olaraq elmi cəhətdən də sübut edilmiş prosesdir. Səmimi deyim ki, bir xeyli sakitləşdim, hətta uşaq kimi sevinirdim. Sizə bu yazıda “mid-career crisis” haqqında bir az ətraflı məlumat vermək istəyirəm. Düşünürəm ki, aranızda bir çoxlarınız eyni problemlə rastlaşmısınız. O halda bu yazı əsl sizin üçündür.

Deməli, keçən ilin ortalarından qəribə bir narahatlıq yaranmışdı. Ətrafda olan bir çox şeylərin üzərimdə təzyiqi olduğunu hiss edirdim. Və bu təzyiq mənə stress verirdi. Xüsusən də bir-birinin ardınca gələn onlarla layihələr, hazırlıq prosesləri, iş, ailə, yeni ideyalar və s. günümü alt-üst etmişdi. Heç cür işlər bitmək bilmirdi. Əvvəl-əvvəl işlərin çoxluğu və yorğunluqla əlaqələndirib çıxış yolu kimi bir az dincəlmək lazım olduğunu düşünsəm də, sonra gördüm ki, yox, dincəlməklə əlaqəli deyil.

Bu haqda yaxın dostlarımla da bir neçə dəfə müzakirələr aparmışıq. Hər dəfə müzakirə zamanı fərqli yerlərə gəlib çıxsaq da nəticə dəyişmirdi. Təsəvvür edin, gecənin bir yarısı evə dəhşət yorğun halda gəlməyimə baxmayaraq özümü məcbur edirdim ki, mütləq ən az bir kinoya baxım və minimum 50 səhifə də kitab oxuyum. Belə edəndə sanki özümə gün sonu mükafatı vermiş olurdum. O günü həm də dincəldiyimi düşünmək istəyirdim. Girirdim iş otağıma kitabxanamda olan oxunmamış kitab və jurnallara baxıb bir ayrı növ stressi də bu halda yaşayırdım. Qısacası, beyində qəribə proseslər gedirdi. Hətta beyin haqqında kitablar da oxumağa başladım ki, bəlkə bir çarəsi ola. “İncognito” kitabını çox tərifləyirdilər, aldım, oxudum, beynim yandı. Olmadı yəni.

Orta yaş böhranı karyera ilə də əlaqəli imiş

“Mid-career crisis” deyilən bu məhvum sən demə elmi cəhətdən də isbat edilmiş psixoloji haldır. Hətta normal insan həyatı üçün də keçərlidir. Mahiyyət də ondan ibarətdir ki, gənclikdə daha motivasiyalı olursan, 40 yaşa doğru motivasiyan azalmağa başlayır, hətta 40 yaşları ərəfəsi motivasiya dibə vurur və 40-dan sonra artmağa doğru gedir. Yəni 40-dan sonra U dönüşü başlayır. Buna orta yaş sindromu da deyirlər. Yaşla bağlı sindrom olduğunu eşitmişdim, amma bunun karyera ilə də bağlı olduğunu bilmirdim.

Bəs bu karyeranın ortasında gələn böhranın səbəbləri nələrdir?!

İlk yerdə duran səbəblərdən biri və bəlkə də birincisi bir-birinin ardınca gələn layihələr, proyektlər, işlər. Proyektin birinin hazırlığına başlayırsan, min işin arasında hazırlaşırsan, tamamlayırsan ki, o biri başlayır. Beləcə zəncirvari ilboyu davam edir. Davamlı şəkildə baş verən və bitməyən işlər insanda stress yaratmağa başlayır. Bu arada onu bildirim ki, bu böhranın uğursuzluqla heç bir əlaqəsi yoxdur. Düzdür, uğursuzluq da insana stress verir, kompleks yaradır və s. Amma uğurlu olub da eyni böhranı yaşaya bilərsən. Hətta bu böhranı daha çox karyera həyatında uğurlu insanlar yaşayır deyə bilərik.

İkinci səbəb seçim məhdudluğu ilə bağlıdır. Yəni nə qədər uğurlu olsanız da, bir çox məsələlərdə seçim hüququnuz sanki əlinizdən alınır. Formalaşmış, yerini tutmuş layihələrin davamlı olması ağırlığının altında qalırsınız. Məsələn, ürəyiniz istəyən vaxt məzuniyyətə çıxıb dincələ bilməzsiniz. Buna imkanınız da var, amma edə bilməzsiniz. O layihələrdə onlarla insan cəlb olunur, təminatı oradan gəlir və ələxsüs də cəmiyyət üçün faydalı bir şeydirsə, heç bir halda ertələyə bilmirsiniz. Amma bu tərəfdən də sağlamlığınız əldən gedir. Müəyyən mərhələdən sonra cəmiyyətdə və ətrafınızdakı insanlar tərəfindən müəyyən gözləntilər formalaşdığına görə həm də bu gözləntiləri qarşılamaq üçün çalışırsınız.

Üçüncü səbəb isə daha öncə edilmiş işlərdən çox edilməmiş işlərin verdiyi peşmançılıqdır. Elə bir söz də var ki, insanı etmədikləri daha çox yandırır, nəinki etdikləri. İnsan istər şəxsi həyatında, istərsə də iş həyatında itirdiyimiz şeylərin fərqinə orta yaşımızda varırıq. Maraqlısı da budur ki, fərqinə varsaq da edə biləcəyimiz çox şey olmur. Qatar gedib artıq. Məsələn, karyeranızı fərqli formada başlaya bilərdiniz, amma etməmisiz. Filan-filan işləri zamanında başlasaz, zamanında deyən olsaydı, indi daha fərqli cür olardı, amma olmadı və s. Bu misalları çox uzatmaq olar. Orta yaşlarımızda əvvəl edə bilmədiyimiz şeylərin bir çoxunu bundan sonra da edə bilməyəcəyimizi anlayırıq. Bunu qəbul edə bilməyib bəlli yaşdan sonra etməyə çalışanların əksəriyyəti də kənardan özünü gülünc vəziyyətə salacaq hərəkətlər edir. Təbii ki, hamıya aid etmək olmaz, ümumən isə belədir. Keçən dəfə orta yaşlarda xaricə köçənlər haqqında çox gözəl bir fikir eşitdim və beynimdə həmişəlik həkk olundu. Orta yaşda xaricə köçənlər özlərinə deyil, övladlarına xoş həyat, yeni həyəcan bəxş edirlər. Onlar nə qədər təminatlı olsalar da, özlərini həmişə “yarımçıq” hiss edəcəklər.

Bəs çıxış yolları?!

Karyera ortası böhrandan çıxış yolu da var. Gəlin görək nə kimi çıxış yolları var imiş.

Dəyişdirə bilmədiyiniz şeyləri qəbul etməyi öyrənməliyik. Bu ilk çıxış yolu. Heç nəyin sonu deyil, təbii ki, Siz hər şeyi çatdıra bilməzsiniz. Çox şeyləri fərqli edə bilərdiniz, amma etməmisinizsə, həyatı dayandıra bilməzsiniz. Olduğu kimi qəbul edib sadəcə bu dəfə motivasiya mənbəyinizi dəyişəcəksiniz. Əvvəl başqa motivasiya mənbəyiniz varsa, olanlardan sonra özünüzə fərqli motivasiya istiqaməti götürəcəksiniz. Düşünün ki, 2-ci dünya müharibəsi illərində insanların motivasiyası sağ qalmaq idi, biz nədən danışırıq axı. Hər şeyin daha pisi və daha yaxşısı var.

Seçib yaşayın, işləyin. Ətrafda minlərlə oxunası kitab, gediləsi yer, görüləsi iş var. Siz onların hamısını çatdıra bilməzsiniz. Bu həqiqəti olduğu kimi dərk etməliyik. Sadəcə özümüzə yeni təyin etdiyimiz motivasiya mənbələrinə görə qarşımızda olan menyudan ancaq bizə lazım olanları seçməliyik. Seçib yaşamalıyıq. Bu yaxınlarda Müfit Can Saçıntı (Mandıra Filosofu) Bakıda çıxış edəndə yaxşı bir cümlə işlətdi ki, “Iphone icad Stiv Cobs belə onun 4 seriyasını gördü, Siz nəyin yarışındasınız?!” Çox maraqlı təsbitdir. Həqiqətən də insanlar olaraq qəribə bir yarış içindəyik sanki. Ömür bitər, yarış bitməz. Yarış Sizi yoracaq, yarışa qoşulmaq olmaz. Trendi deyil, zövqümüzü təqib etməliyik. Dəyər yaradan nəsildən daha çox, ifrat istehlak edən nəsilə çevrilmişik sanki. Odur ki, seçməyi öyrənmək, seçdiyini isə sevmək lazımdır. Bir dəfə İstanbulda çox yaxşı işi olan türk iş adamına Türkiyənin şəhərlərindən birindən söz düşərkən, orada olmusunuzmu dedim – yox dedi. Ehtiyac olmadı, getmədim – vəssəlam.

Bir digər həll yolu yeni hobbilər tapmaqdır. Orta yaşlarda insan daha rasional düşünə bilir və uşaqlıqdan qalan bəzi travmalarını daha yaxşı dərk edir. Sizi dincəldəcək, üzünüzü güldürəcək, ruhunuzu oxşayacaq yeni hobbilər tapmağa çalışın. Bu hobbilər işinizlə, ixtisasınızla əlaqəli olmasın, tamam yeni həyəcan olsun. İdman, musiqi, səyahət, tamam başqa istiqamətdə yeni elm, peşə və s. Siyahını çox uzatmaq olar, Siz özünüz bu an nəyi ən çox istədiyinizi daha yaxşı bilirsiniz.

HBR-in həmin araşdırma yazısında da deyir ki, məmnuniyyət hissi keçmiş və gələcəklə bağlıdır. Onun çox az bir hissəsini həmin an yaşayırsınız. “Mindfulness” deyilən bir anlayış var – anı yaşamaq. Düzdür, elə hər şeyi də anı yaşayıram deyib keçmək olmaz. Amma insan məmnuniyyət hissini yaşadığı anları uzatdığı qədər xoşbəxt olur. Məsələn, avtomobil almaq istəyirsiniz. Bu sizin hədəfinizdir, motivasiya mənbəyinizdir. Bir müddət bu hədəf üçün çalışır və nəhayət bir arzuladığınız avtomobili əldə edirsiniz. Onu aldığınız an, toxunduğunuz, ilk sürdüyünüz an çox xoş hisslər yaşanır. Bir müddət keçəndən sonra artıq adiləşməyə başlayır. Məmnunluq hissiniz artıq keçmiş olur, keçmişdə qalır. Bitən və bitməyən aktivliklər var. Bitənlər həmin anda Sizi daha çox xoşbəxt edir, nəinki bitən anda yenidən başlayanlar. Onun xoşbəxtliyini yaşamağa macal tapmamış bir yeni təşəbbüsün əziyyətinə qatlanmalı olursunuz.

Odur ki, dəyərli dostlar, həyatınızda və karyeranızda əldə etdiklərinizin qiymətini bilib, çatdıra bilmədiklərinizə görə çox da peşman olmayaq. Bir şeyləri mütləq ki, əlimizdən qaçırtmışıq. Səmimi deyim ki, HBR-in bu araşdırma yazısını oxumasaydım, deyəsən, hələ uzun müddət yaşadığım narahatlıq haqqında düşünəcək, çıxış yolu axtaracaqdım. Bu arada gördüyünüz kimi, oxumaq həmişə faydalıdır, istənilən situasiyada gözləmədiyiniz halda xeyri dəyə bilər. Bir sözlə, istər iş, istərsə də şəxsi həyatımızda seçib yaşasaq, yaşadıqlarımızı isə sevsək yaxşıdır.

Müəllif: Rafiq Vəliyev











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə