Hazırda koronavirus təhlükəsi ilə əlaqədar olaraq, bir sıra şirkətlər "Working from home" iş rejiminə keçiblər. Azərbaycanda da, SOCAR və bir neçə şirkət bu yanaşmanı sınaqdan keçirməyə cəhd göstərir. Bəs bu nə dərəcədə realdır və dünyada iş vaxtının idarə olunmasında hansı yanaşmalar mövcuddur?
HR-AZ.com olaraq, araşdırmalarımızı sizinlə bölüşmək istərdik. Bir sıra şirkətlər, işçilərinə "pijamada işləmək" imkanı – başqa sözlə desək, evdən işləmək imkanı yaratmaqdan məmnundurlar. Apple şirkəti iş/həyat balansının qorunmasının əhəmiyyətini vurğulayaraq pijamalı işçilərin məhsuldarlığının daha çox olduğunu düşünür. Əsasən, müştəri xidmətlərində çalışanlara bu imkanı yaradan şirkət onların evdə rahat çalışmalarını təmin etmək üçün pulsuz iMac ilə də təchiz edir. Xerox şirkətinin isə, müştəri xidmətləri, keyfiyyətə nəzarət, İT və sairə struktur bölmələrində 8000dən çox pijamalı işçisi var. Freelance dizayerlərin, mühəndislərin və biznes konsultantların məşhur platforması olan Toptal şirkətində isə CEO-dan dizaynerə qədər hər kəs evdə çalışır və şirkətin demək olar, ofisi yoxdur. İnsan Resurslarının idarə edilməsi, outsorsinq və biznes konsultasiya ilə məşğul olan ADP şirkəti də işçilərinə tam iş günü, qısa iş günü, evdən distant iş kimi imkanlar tanıyır.
Ümumiyyətlə, evdən işləmə imkanı işçilərə ailələri ilə daha çox vaxt keçirməyə imkan yaradır. Bununla əlaqədar olaraq, bir sıra dövlətlər normal iş vaxtının da daha yumşaq tənzimlənməsinin və iş saatlarının qısaldılmasının tərəfdarıdır.
Finlandiya
İşçilərə qarşı ən loyal dövlətlərdən biri sayılan Finlandiyada həftəlik iş vaxtının minimum 32, maksimum isə 40 saat olması barədə qanun qüvvədədir. Lakin, Finlandiyanın baş naziri Sanna Marin bu ilin yanvar ayında gündəlik 6 saat olmaqla 4 günlük iş həftəsi barəsində qanun qəbul edilməsi haqqında təklif irəli sürüb. Onun sözlərinə görə, hər kəsin ailəsi ilə daha çox vaxt keçirmək hüququ var. Və bunun işə yalnız müsbət təsir edəcəyini düşünür. Bu arada Toyota şirkətinin İsveç filialı artıq 4 günlük iş həftəsini tətbiq etməyə başlayıb. Şirkət rəhbərliyinin sözlərinə görə, bu işçilərin motivasiyasının artmasına və şirkət xərclərinin azalmasına səbəb olub.
Danimarka
Danimarkada həftəlik iş norması 33 saatdır. Bundan əlavə, işçilər 5 həftəlik ödənişli məzuniyyət hüququna malikdirlər.
Ən qısa iş həftəsi olan digər dövlətlər
Həftəlik iş normasının az olduöu ölkələr sırasına Fransa (35 saat), ABŞ (36.4 saat), Almaniya (35 saat), Belçika (35 saat), İsveçrə (35 saat), İrlandiya (35 saat), İspaniya (36 saat), İtaliya (36 saat) və Avstraliyanı (34 saat) misal göstərmək olar.
İşləməkdən ölənlər və ya karosi
Yaponiya mentalitetindən dolayı yaranan yapon biznes modelində hər kəs öz vəzifə öhdəliklərini yaxşı bilir və işinə bağlıdır. Eyni zamanda, komanda işi o qədər güclüdür ki, “mən” anlayışı tamamilə “biz” anlayışı ilə əvəzlənibdir. Hətta xəstəlik və sairə səbəbdən işə gəlməmək mümkün olsa belə, Yaponiyada bu kimi hallara demək olar rast gəlinmir. Hər kəs özünün bir böyük mexanizmin tərkib hissəsi olduğunu düşünür və hərkəsin işlədiyi halda istirahətin qəbul edilməz olduğu qənaitindədir. Elə bu səbəbdən də, işçilər haqqları olan ödənişli məzuniyyət hüquqlarından demək olar istifadə etmirlər. Bu yanaşma biznesə müsbət təsir etsədə də, insanlar üçün bir sıra hallarda faciə ilə sonlanır. Zangyou (残業) – yəni iş vaxtından əlavə işdə qalmaq ödənişli olsa da, insanlar əlavə ödəniş olmadan çalışırlar. Qanunvericiliklə əlavə iş vaxtına məhdudiyyət qoyulduğundan bir sıra işçilər sadəcə bunun qeydiyyatını aparmırlar. Əmək Nazirliyinin açıqlamasına görə, hər 5 yapondan biri həftədə ən azı 60 saat çalışır. Bütün bunlar depressiya, yorğunluq, stress və hətta iş yerində ölümlə nəticələnir ki, yaponlar bunu “Karosi” adlandırır. Təkcə 2013-cü ildə 133 nəfər karosiyə - iş yerində ölümə məruz qalıb, daha 306 nəfərin isə səhhətində ciddi problemlər yaranıb. 2015-2016-cı illərdə isə karosi rekord həddinə çatıb: Tam 1456 nəfər artıq iş yükündən həyatını dəyişib. Bu səbəbdəndir ki, Yaponiyada hər kəs yorğun görünür, metroda telefonla danışmaq və hətta ümumiyyətlə danışmaq etik sayılmır. Çünki insanlar işdə olmadığı hər yerdə, metroda, avtobusda, imkan tapdıqları hər yerdə yatırlar. Dövlət karosi ilə mübarizə aparmağa çalışsa da, qanunvericilikdə çoxsaylı dəyişikliklər etsə də, faydasızdır. Bütün bu problemin kökü yapon mentalitetinə dayanır. Onlar üçün kiməsə etiraz etmək çox çətindir, iş yoldaşlarının, rəhbərlərinin etimadlarını doğrultmamaqdan çəkinirlər və düşünürlər ki, onlar çox işləməsə bütün bir mexanizm çökəcək.
Cənubi Koreya və sampo nəsli
2018-ci ilin mart ayında Cənubi Koreya işçilərin bir çoxunun daha çox istirahət etməsi və daha az işləməsini təmin edəcək qanun layihəsi qəbul etdi. Və bu qanunla iş həftəsində iş saatlarının sayı 68 saatdan 52 saata düşdü. İnkişaf etmiş dövlətlər arasında hələ ki, Koreya ən çox illik iş saatı norması olan dövlətdir. Hazırda orta illik iş saatı hesablamasında Meksika (2225 saat) və Kosta-Rikadan (2212 saat) geri qalan Koreya iş saatlarının çoxluğuna görə 3-cü yeri tutur.Yaponiya kimi Koreyada da işçilər işinə çox bağlıdır. Bunun nəticəsində insanlar çox asosial həyat tərzi keçirik, hətta bəzən sanki robot kimi durmadan çalışırlar. Heç təsadüfi deyil ki, C.Koreyada gənc nəsli “sampo generation” adlandırırlar. Sampolar 3 şeydən imtina edən nəsildir: qayğı (sevgi, diqqət), evlilik və uşaqlar. Sosial iqtisadi vəziyyətin təzyiqləri, o cümlədən, iş vaxtının çoxluğu belə cərəyanlara səbəb olub. Özünü sampo nəsil saymayan və evlənmək istəyən gənclərin isə, tanışlıq üçün belə vaxtları yoxdur. Bundan dolayıdır ki, C.Koreyada gənclər bir-birlərini tanımaq üçün xüsusi agentlərdən istifadə edirlər. Yəni, bir gəncin digərindən xoşu gəldiyi halda, sosial şəbəkədə, çoxsaylı görüşlərdə və sairə üsullarla qarşı tərəfi tanımaq əvəzinə, bu işi müəyyən məbləğ müqabilində xüsusi şirkətə ödəyir. Şirkət hər iki tərəfin xarakterini, müsbət və mənfi tərəflərini analiz edərək hesabat hazırlayır və gəncləri bir-birinə tanıdır. Uğurla olarsa, iş evliliyə qədər gedir. Evli cütlüklər isə, övlad məsələsinə də, birmənalı yanaşmırlar. Bir çox ailələr, iş yükünün çoxluğu və sairə problemləri nəzərə alaraq, sadəcə köpək saxlamaqla kifayətlənirlər.
Hər bir halda, son araşdırmalar iş saatının çoxluğu işin effektivliyinə mənfi təsir göstərdiyini iddia edir. Eyni zamanda, iş-həyat balansının qorunması, işçilərin ailələri ilə daha çox vaxt keçirməsi, dəyişkən iş qrafiki isə motivasiyanın və effektivliyin artmasına müsbət təsir edir. Ümid edirik ki, bir sıra dövlətlər Finlandiya modelinin tətbiqinə, o cümlədən pijamalı işçilərə daha çox etimad edəcək. Bunun üçün isə, tək dövlətin deyil, cəmiyyətin də buna hazır olması gərəklidir.
Müəllif:
Orxan Səfərli
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com