Bildiyimiz kimi, İR menecerinin əsas funksiyalarından biri işçilərin Motivasiya edilməsidir. Lakin, bu heçdə o demək deyil ki, motivasiya yalnız İR menecerin işidir. Motivasiya etmək CEO daxil olmaqla bütün menecerlərin işidir. Amma ümumi iş mühitinə gəldikdə, işçilərin sistemli olaraq daha motivasiyalı işləməsinə çalışmaqdan, işçilərin məmnunluğunun davamlı ölçülməsindən danışırıqsa, bunu biz İR nümayəndəsindən gözləməliyik.
Motivasiyanı insan münasibətlərinə istiqamət verən ən önəmli faktor kimi də göstərmək olar. İR nümayəndəsi işçiləri motivasiya etməklə işçilərə daha yaxşı işləmələri üçün ilham verir, birlikdə işləmə istəyini hiss etdirir. Ümumiyyətlə onu deyə bilərəm ki, motivasiyalı işçilər maksimum potensiallarını ortaya qoyurlar ki, buda motivasiyanın şirkət həyatında böyük rol oynadığını göstərir. Formasından asılı olmayaraq bütün müəssisələr, qurum və təşkilatların ortaq hədəfi insanların fəaliyyətlərini öz məqsədlərini gerçəkləşdirməyə yönəltməkdir.
Bəs motivasiya necə olmalıdır? -sualına cavab versək onu deyə bilərəm ki, fasiləsiz və səmimi olmalıdır. Bütün iş ili boyunca gərgin iş rejimi altında işçiləri çalışdırıb ildə bir və ya iki dəfə motivasiya tədbirləri həyata keçirtməklə motivasiya olmaz. Eləcə də işçiyə səlahiyyət verməmək, səhv etmək imkanı yaratmamaq, gördüyü işə görə sağol deməmək və ya rəy bildirməmək, lakin motivasiya olsun deyə ildə 1 dəfə əmək haqqı artımı etmək bugünkü bəzi rəhbərlər tərəfindən adət halını alıb. Lakin, unutmaq olmaz ki, y və z nəslini maddi imtiyazlar deyil məhz, işçi ilə geri bildirim yaratmaq, gördüyü işə görə təşəkkür etmək, səlahiyyət vermək və s motivasiya edir. Həmçinin, 1 dəqiqə işə gecikən işçiyə xəbərdarlıq vermək və daha sonra həmin işçinin motivasiyasına çalışmaq ziddiyyət təşkil edir. Belə olan halda işçinin lazım gəldikdə 18:00-dan sonra da qalıb işləməyə həvəsi olmur.
Yuxarıda qeyd etdiyim halların menecerlər tərəfindən azaldılması üçün İR nümayəndələri tərəfindən menecerlərə motivasiya və mükafatlandırma təlimləri keçirilməli və şirkət üzrə motivasiya alətləri hazırlanmalıdır.
Beynəlxalq praktikaya nəzər yetirdikdə "Harvard Business Review" -ya əsasən işçilərin uzunmüddətli motivasiyası üçün 3 faktor əsas hesab edilir.
1) İlham - işçidə ilham yaratmaq onlarda yeni ideyaların formalaşmasına, təşəbbüskarlığa, motivasiyaya səbəb ola bilər. Tanınmış psixoloqlar Thrash və Elliotun fikrincə ilham həm bir şeydən ilhamlanmağı, həm də bu ilhamla hərəkət etməyi əhatə edir.
2) Xeyirxahlıq, səmimilik- Tədqiqatlar göstərir ki, müsbət və səmimi davranış motivasiyalı iş mühitini formalaşdırır. İşçilərin işdən sonrakı həyatı, ailə vəziyyəti ilə maraqlanmaq, xəstəliyi və problemi olduqda yardım göstərilmək işçi motivasiyasının və bağlılığının artırılmasına səbəb olan faktorlardan biridir.
3) Özünə qayğı - Bir çox şirkətlər işçilərə fitnes və spa imtiyazları təklif etsələr də gərgin iş rejimində çalışdıraraq özlərinə və ailələrinə zaman ayırmağa imkan vermir. Almaniyadakı Konstanz Universitetindən Sabine Sonnentag'ın fikirlərinə görə, məşq, işdən aralanma, istirahət, iş və ailə balansı iş stresini azaldır və işçinin rifahını və bağlılığını artırır. ABŞ Hərbi hava qüvvələri arasında edilən araşdırma yuxu məhrumiyyətinin işdə motor bacarıqlarının əhəmiyyətli dərəcəcdə pisləşməsinə gətirib çıxardığını göstərib. Buna görə şirkətlər işçiləri idmanla məşğul olmağa, kifayət qədər yatmağa təşfiq etməlidirlər. Bu kimi halların qarşısını almaq üçün bəzi Alman şirkətlərinin nümunəsini tətbiq edə və fövqəladə hallar istisna olmaqla işdən kənar vaxtlarda e-poçt göndərməyi qadağan edə bilərsiniz.
Yekun olaraq, unutmayaq ki, yalnız motivasiyalı işçilərlə şirkət öz hədəflərinə çata bilər.
Müəllif: Aysel Novruzova
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com