Pis zamanlar geridə qaldı, artıq daha pis zamanlar bizi gözləyir: VUCA modeli

03 iyun, 2024 0 338


Pis zamanlar geridə qaldı, artıq daha pis zamanlar bizi gözləyir: VUCA modeli


VUCA konsepsiyası ilk dəfə hərbçilər tərəfindən irəli sürülmüş, daha sonra isə iri korporasiyaların strategiyalarının tərkib hissəsinə çevrilmişdir. Bəs nədir VUCA?

VUCA antiböhran konsepsiyası olub, məqsədi strategiyanın xaotik, dəyişkən və qeyri müəyyən dünyaya uyğunlaşdırılmasıdır. 1980-cı illərdə amerikalı hərbçilər ətraf mühitdə 4 əsas təhlükəni (dəyişkənlik, qeyri-müəyyənlik, çətinlik və ikimənalılıq) VUCA konseptində birləşdirdilər. VUCA elə bu təhlükələrin ingilis dilində olan qarşılıqlarından yaranmış abreviaturadır:

• Volatilitiy (dəyişkənlik, stabilliyin olmaması) – Dəyişikliklər hər zaman və hər yerdədir: trendlər dəyişir, texnologiya dəyişir, iqtisadi və siyasi şərtlər dəyişir, tələblər və təkliflər dəyişir. Bütün bunlar öz növbəsində biznesi və onun müştərilərinin istəklərini də dəyişir. Sağ qalmaq üçün yeni şərtlərə hazırlıqlı olmaq lazımdır.
• Uncertainty (qeyri-müəyyənlik) – gələcəyi proqnozlaşdırmaq çox çətindir, hətta bəzən mümkünsüzdür. Müharibələr, pandemiya, qlobal dəyişikliklər demək olar hər an baş verir və bütün planları alt-üst edir. Heçkimin sabahkı günlə bağlı əminliyi yoxdur.
• Complexity (mürəkkəblik) – Hər keçən gün qərarvermə prosesinə təsir edən faktorların sayı artmaqdadır. Bu baxımdan, nəticəyə əsas təsir edə biləcək məsələləri analiz edə bilmək çox çətinləşib.
• Ambiguity (ikimənalılıq) – Biznesin əldə etdiyi siqnallar və informasiyalar ikimənalıdır. Oyunun dəqiq müəyyənləşdirilmiş qaydaları yoxdur. İnformasiya axını bir-birinə ziddiyət təşkil edə bilər və ya fərqli formalarda şərhləndirilə bilər. Saxta xəbərlər, ictimai şəxslərin ehtiyatsız çıxışları iri miqyaslı problemlərlə nəticələnə bilər.


Bir sözlə ifadə etsək VUCA qeyri-müəyyənlik dünyasıdır. Bu dünyaya vaxtında və düzgün adaptasiya olmadıqda bunun şirkət üçün ciddi fəsadları ola bilər:

• İşçilər narahat olur və motivasiyalarında azalma müşahidə olunur.
• İşçilər şirkətdə karyeralarını davam etdirmək istəmirlər.
• Əsəbi verilən qərarların tezliyi artır.
• Uzunmüddətli layihələr təhlükə altında olur.
• Şirkətdə qərarvermə prosesi iflic olur.
• Mövcud vəziyyətdən çıxmaq üçün ciddi resurs sərf olunmalı olur.

Bəs bu təhlükələrin antidotu varmı?

Təbii ki, VUCA-nın məqsədi təkcə bu təhlükələri göstərmək deyil. Model şirkəti bu təhlükələrdən agah etməklə yanaşı ona uyğunlaşma yollarını da təklif edir. Robert Yohansson bu baxımdan konsepti daha da irəli aparaq VUCA Prime – təhlükələrə qarşı həll yolları konseptini təklif edib.
Beləliklə, hər təhlükələrin çıxış yolu da abbreviaturaya uyğun olaraq müəyyən edilib:

• Vision (vizyon) – şirkətin hara istiqamət aldığını bilmək, buna uyğun biznes-hədəflər müəyyən edərək onlara fokuslanmaq. İşçilərdə şirkətin vizyonu, gələcəyi və hədəfləri barədə dəqiq təəssüratın olması böhrandan çıxa bilmək üçün çox önəmlidir.
• Understanding (anlamaq) – şirkətə təsir edən daxili və xarici faktorları anlamaq, onların biznesə təsirini anlamaq. Fürsətləri tapa bilmək üçün dəyişiklikləri qəbul etmək və öyrənilmiş iş vərdişlərindən qırağa çıxmağı bacarmaq lazımdır.
• Clarity (aydınlıq) – kritik düşünmə, informasiyanı analiz etmə və filtrləmə səriştələrinin inkişaf etdirilməsi. Əsas olan nəyin idarə olunan, nəyin isə idarə olunan olmadığını müəyyən edə bilməkdir.
• Agility (çeviklik) – dəyişikliklərə uyğunlaşmaq və onlara çevik reaksiya verməyi nəzərdə tutur. Dəyişikliklərin sürətinin artdığı bir dövrdə qərarvermənin operativ olması, komandanın yeni şəraitə çevik uyğunlaşması uğurun əsas faktorlarındandır.

Pis zamanlar geridə qaldı, artıq daha pis zamanlar bizi gözləyir: VUCA modeli


VUCA mühitində elə indi çalışa bilmək üçün nə etmək olar? Bununla bağlı əsas tövsiyələr rəhbərin ilk növbədə özündən başlaması ilə bağlıdır:

1. İlk öncə dəyişikliklərin artıq iş həyatımızın daimi və ayrılmaz hissəsi olduğunu qəbullanmağınız lazımdır. Buna müqavimət yersizdir.
2. Tələskənliyə yol verməyin: qərar vermədən öncə fasilə verərək bazarı araşdırın. Mühiti, rəqibləri və digər maraqlı tərəfləri və faktorları analiz etməyiniz strategiyanızı formalaşdırmaqda kömək olacaq.
3. Yeni strategiyanıza uyğun olaraq komandanıza yeni hədəflər müəyyən edərək onu komandaya kommunikasiya edin. Hədəfləriniz adaptiv olmalıdır, ehtiyac olduqda onları sürətli şəkildə korrektə edə və ya yenisi ilə əvəzləyə bilməlisiniz.

Əlavə nələr etmək olar?

• Qərarvermə tərzinizi dəyişin. Qərarvermədə çevik metodları nəzərdən keçirə, qərarvermə prosesində rolları dəqiq müəyyən edə bilərsiniz.
• Kreativliyi artırın. Yeniliklərə adət etdiyiniz iş tərzinizin pozulması kimi deyil, VUCA dünyasının təhlükələrinin həlli kimi baxın. Bəlkə də, proseslərinizdə yeniliklər etməyin zamanıdır.
• Fürsətlər yaradın. Necə deyərlər fürsətləri axtarmaq deyil, onları yaratmaq lazımdır. Böhran vəziyyətləri bu fürsətlər üçün ən ideal zamandır.
• Alternativ ssenariləriniz olsun. Mümkün dəyişikliklərlə bağlı, böhran vəziyyətləri ilə bağlı hər zaman alternativ ssenariləriniz və bu ssenarilərdə tədbirlər planınız əlinizin altında olmalıdır.
• Təhlillər edin. SWOT, PESTLE və digər analiz metodlarından istifadə edərək şirkətinizi və ətraf mühiti qiymətləndirə, bununla da dəyişikliklərə daha hazırlıqlı ola bilərsiniz.
• Komanda işini təşviq edin. Müxtəlif timbildinq aktivitələr və tədbirlər işçilərin motivasiyasının artırılması və VUCA zamanlarında hər böhrandan minimal zərərlə ayrılmaq baxımından çox faydalıdır.
• İşçilərinizi inkişaf etdirin. Düzgün və bacarıqlı insanları işə qəbul edin, mövcud komandanın səriştələrinin inkişafı istiqamətində fəal işlər görün. Böhrandan sizi çıxaran məhz bacarıqlı işçiləriniz olacaq.

Müəllif: Orxan Səfərli














HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə