Heç ofisdəki mətbəxə daxil olub dolu zibil qabını, mətbəxdə yuyulmamış qabları və kənara atılmış kağızları görüb “Onsuz da hər yer qarışıqdır, bir qab da mənimki olsun” deyə düşündüyünüz olubmu?
Əgər cavabınız “bəli”dirsə, siz fərqinə varmadan qırıq şüşə nəzəriyyəsinin təsirinə düşmüsünüz.
Bu nəzəriyyə ilk baxışdan ictimai davranışlara aid görünsə də, əslində iş mühitində əməkdaş davranışlarına, təşkilati mədəniyyətə və idarəetməyə birbaşa təsir edir. Gəlin bu nəzəriyyənin mahiyyətini və insan resursları sahəsində necə tətbiq edilə biləcəyini birlikdə araşdıraq.
Qırıq şüşə nəzəriyyəsi nədir?
Qırıq şüşə nəzəriyyəsi 1982-ci ildə amerikalı sosioloqlar James Q. Wilson və George L. Kelling tərəfindən irəli sürülüb. Nəzəriyyənin əsas ideyası budur: əgər bir mühitdə kiçik pozuntular – məsələn, qırılmış bir pəncərə – vaxtında aradan qaldırılmasa, bu, ətrafdakı insanlara həmin mühitdə nəzarətsizliyin hökm sürdüyünü göstərir və daha ciddi qayda pozuntularına yol açır. Yəni, nəzarətsiz buraxılmış xırda nizamsızlıqlar, zamanla böyük problemlərə çevrilir.
Bu nəzəriyyə iş mühitində nə deməkdir?
İş mühitində “qırıq şüşə”lər nələrdir?
• Müntəzəm gecikmələrə göz yumulması
• İşçilər arasında etik olmayan davranışların görməməzlikdən gəlinməsi
• İdarəetmədə şəffaflığın olmaması
• Həll olunmayan daxili konfliktlər
• Əməkdaşların təklif və şikayətlərinə reaksiyasız qalınması
• Əməkdaşın uğurlarının qeyd olunmaması
Bu kimi hallar, bir-birindən kiçik görünsə də, təşkilat mədəniyyətində “nəzarətsizlik siqnalı” verir. Bu isə əməkdaşlarda məsuliyyətsizlik, passivlik, vəzifəyə laqeyd münasibət kimi davranışlara səbəb ola bilər.
HR və rəhbərlər üçün hansı dərslər çıxır?
1. Kiçik problemləri vaxtında həll edin
HR mütəxəssisləri və rəhbərlər üçün əsas dərs budur: xırda qayda pozuntularını vaxtında həll etmədikcə, onlar sistemli problemə çevriləcək. Məsələn, bir nəfərin iclaslara gecikməsinə göz yumulduqda, bu davranış başqaları üçün də “icazə verilmiş norma”ya çevrilir.
2. Nümunəvi davranışı təşviq edin
Yaxşı davranışlar da “yoluxucudur”. Əgər rəhbərlik əməkdaşların düzgün davranışlarını görünən edir, onları təqdir edirsə, bu mədəniyyətin formalaşmasına kömək edir. Qaydalara riayət etmə həm motivasiya yaradır, həm də ədalətli iş mühiti formalaşdırır.
3. Əməkdaşların səsi eşidilsin
Əgər əməkdaşların təklif və narahatlıqları qulaq ardına vurulursa, bu da “qırıq şüşə” effektinə səbəb ola bilər. İnsanlar səsini duyurmadığı mühitdə zamanla susur və əlaqəsini kəsir. Aktiv dinləmə və geribildirim mədəniyyəti bu problemin qarşısını alır.
4. İş mühitində nizam və qayda vizual olaraq hiss olunmalıdır
Təmiz və qaydalı fiziki mühit, əməkdaşlara da mesaj verir: “Biz bu mühiti və səni önəmli sayırıq.” Bu həm ofis dizaynında, həm geyim qaydalarında, həm də gündəlik əməkdaş münasibətlərində özünü göstərməlidir.
Qırıq şüşə nəzəriyyəsi bizə göstərir ki, idarə olunmayan xırda pozuntular, təşkilat daxilində böyük davranış problemlərinə yol aça bilər. İstər HR mütəxəssisi, istər menecer olun, mühitinizdəki “qırıq şüşə”ləri vaxtında görə bilmək və onları aradan qaldırmaq həm komanda ruhunu, həm məhsuldarlığı qorumağa yardım edəcək.
Unutmayaq: daha güclü təşkilatlar böyük problemləri həll etməklə deyil, kiçik detallara biganə qalmamaqla formalaşır.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com