Kouçinq nədir?

10 iyun, 2022 1 1 104


Kouçinq nədir?


Kouçinq (coaching) – insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və şəxsi inkişaf prosesidir. Həyatlarında müsbət dəyişikliklərə qərar verən insanlar yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün kouç adlanan şəxsi inkişaf müəlliminin müşayiəti ilə ruhi və zehni səyahətə başlayırlar. Kouçinqin əsas məqsədi – bu xidməti alan şəxsin (coachee – koçi) potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin və sədlərin yıxılaraq, performansının maksimuma çatdırılmasıdır. Kouçinq prosesinə daxil olan şəxslər həyatlarının, gələcəklərinin, düşüncə, davranış və addımlarının məsuliyyətini öz üzərinə götürərək, daha böyük özünəinam və həvəslə şəxsi həyatlarında nizam-intizam yaratmağa başlayırlar.

Mən heç kimə heç nəyi öyrədə bilmərəm. Mən sadəcə insanları düşünməyə təşviq edə bilərəm. - Sokrat


”Coaching” sözünün mənası nədir?


Kəlimə olaraq ”coaching” bir şəxsi bir yerdən olmaq istədiyi başqa yerə aparmaq mənasına gəlir. Dilçilərə görə bu sözün etimalogiyası macar dilindəki “kocs” sözünə söykənməkdədir və araba, fayton kimi mənaları daşıyır. Macarıstanda 12-ci əsrdən etibarən fayton istehsalı ilə məşhurlaşmış “Kocs” adlanan bir qəsəbə mövcuddur. Macar dilinin türk dilləri ilə qohumluğu bilinən həqiqətdir və bu qəsəbənin adının türk dillərindəki “Köç” sözündən törədiyi bildirilir. Bu söz ingilis dilində ilk dəfə 1556-cı ildə istifadə olunmuşdur və daha sonra Amerikaya keçmişdir.

1830-cu ildə “coach” adı Oksford Universitetində imtahanlarda uğursuz olan tələbələrin dərslərinə köməklik göstərən şəxslərə verilməyə başlamışdır.

Kouçinq fəlsəfəsinə görə:

• Hər bir insan anadangəlmə bacarıqlı, yaradıcı və bütündür.
• Kouçinq mənəvi, psixoloji və ya zehni təmir metodu deyildir. Problemli insan yoxdur, sadəcə nə istədiyinin və sahib olduğu güclü potensialın fərqində olmayan insan vardır.
• İnsanlar axtardıqları sualların cavablarına sahibdirlər, ancaq bu sualların cavablarını necə və harada tapacaqlarını bilməyə bilərlər. Kouçlar bu cavabların ortaya çıxa bilməsi üçün insanların düşüncələrini provakasiya edir (düşünməyə sövq edir) və onları baş verənlərə fərqli baxış bucaqlarından baxmağı dəvət edirlər.

Kouçinq – insanın inkişafını, məhsuldarlığını və maariflənməsini artırmağa yönəlik əməkdaşlıq sənətidir. - Myles Downey


Kouçinq xidməti nədən ibarətdir?

Kouçinq planlı fərdi inkişaf prosesidir. Burada xidməti verən şəxs – kouç və alan şəxs – koçi (coachee) arasında əməkdaşlıq mövcuddur. Bu prosesin dizayn edilməsində əsas söz sahibi xidməti alan şəxs – koçidir. Kouçinq prosesinin necə və hansı şəkildə davam etməsinə koçi qərar verir. Kouçun vəzifəsi isə müsahibinin bu prosesin əvvəlcədən razılaşdırılmış şərtlərinə və çərçivəsinə riayyət etməsini təmin etməkdir.

Kouçinq eyni zamanda öhdəlik prosesidir. Yəni, həyatındakı əksikliklərin fərqinə varan və dəyişikliklərə qərar verən şəxs bu dəyişikliklərə çatmaq üçün mütləq kiçik də olsa addımlar atmalı və davamlı inkişafda olmalıdır. Koçi bunun üçün öhdəlik alır və Kouç da bu öhdəliyi davamlı şəkildə nəzarət altında saxlayır, müsahibini həvəsləndirir, ruhlandırır və beləliklə, onun inkişaf yolundakı davamlılığını təmin edir.

Kouçinq prosesində koçilər hazırda olduqları mənəvi-ruhi-zehni səviyyənin fərqinə varır, yüksəlmək istədikləri inkişaf mərhələlərini müəyyən edir, zəif tərəflərini kəşf edib, onları azaltmağa, güclü tərəflərini kəşf edib daha da gücləndirməyə çalışırlar. Kouçinq insanları həyat fəlsəfələrini daha yaxşı anlamağa, vizyonlarını aydınlaşdırmağa, ambisiyalı hədəflər qoyaraq həyatlarını daha zəngin və məmnunluq içərisində yaşamağa təşviq edir. Kouçinqin məqsədi – həyatı biolojik mövcudiyyətdən xilas edib, maddi, mənəvi və zehni olaraq daha keyfiyyətli bir həyat tərzinə sahib olmaqdır.

İnsan özünü və ruhunun dərinliklərini ancaq başqasının aynasında tanıya bilər. - Elif Şafak


Kouç və koçi ararsındakı ünsiyyət normal şərtlərdə bir saat davam edən üz-üzə seanslar şəklində həyata keçirilir. Bu saat içərisində koçinin o gün üçün gətirdiyi mövzu müzakirə edilir və xidməti alan şəxs tərəfindən öhdəlik müəyyən olunur. Bir sonrakı seansda o günün mövzusu ilə paralel şəkildə əvvəlki seansda alınmış öhdəliklərin və atılmış addımların nəticələri də müzakirə olunur. Məqsəd – müsbət dəyişikliklərə nail olmaqdır. Kouçinq münasibətləri bu xidməti alan şəxsin ehtiyaclarına görə üç aydan bir ilə qədər uzana bilər. Bu münasibətlər kouç və koçinin qarşılıqlı anlaşması və güvəninə əsaslanaraq daha uzunmüddətli, hətta ömür boyu da davam edə bilər.

Kouçinq nədir?

Digər peşələrlə aradakı əsas fərqlər nələrdir?

Psixoterapiya və mentorluq fəaliyyətləri istifadə etdiyi alətlər və metodlar nöqteyi-nəzərindən kouçinqə bənzəsə də, yuxarıda qeyd olunan hər iki sahə ilə kouçinq arasında ciddi fərqlər mövcuddur.

Kouçlarla psixoterapevtlərin fərqi ondadır ki,

– Psixoterapevtlər mənəvi və ruhi narahatlıqlardan, depressiyalardan əziyyət çəkən insanların müalicəsi ilə məşğul olurlar;

– Kouçinq isə psixoloji tarazlığı yerində olan, mənəvi və ruhi sağlam və həyatında müsbət dəyişiklər yaratmaq istəyən insanlarla ünsiyyət və əməkdaşlıq vasitəsidir;

– Kouçlar insanların keçmişdə yaşadıqları problemlər və travmalarla maraqlanmır, əksinə, onların bu gün sahib olduqları güclü tərəflərə, dəyərlərə və sahib olduqları potensiala fokuslanırlar.

Kouçlarla mentorların fərqi ondadır ki,

– Mentorlar və ya məsləhətçilər hər hansı dar bir sahə üzrə ixtisaslaşmış şəxslərdirlər. Məsələn, siz maliyyə təhlilləri və ya hüquq xidmətləri üzrə bu sahənin mütəxəssislərindən dəstək ala bilərsiniz. Onlar dərin təcrübələri olan sahələr üzrə sizə konkret həll və təkliflər təqdim edirlər. Kouçlar isə hər hansı bir sahənin mütəxəssisi deyildirlər və onların təklif etdiyi xidmətlər konkret peşələri və fəaliyyət sahələrini əhatə etmir, koçinin ümumi dünya görüşünü, düşüncə tərzini, davranışlarını ələ alır;

– Mentorlardan fərqli olaraq kouçların hazır həll paketləri yoxdur və onların xidmətlərindən istifadə edən şəxslər öz həllərini ortaya qoymalıdırlar. Kouç qarşı tərəfə hər hansı tövsiyyə vermir və hazır həll təlqin etmir. Kouçun məqsədi insanların öz daxili imkanlarını, güclü tərəflərini və potensiallarını kəşf etməsi və bu potensialdan ortaya çıxan həlləri həyata keçirməsidir.

Kouçinq və bənzər sahələr arasındakı fərqi anlamaq üçün aşağıdakı nümunələr bizə faydalı ola bilər:

Müəllim: Ən yaxşı yol və metod budur.

Məsləhətçi: Düz həll budur, bu şəkildə çıxış yolu tapa bilərsiniz.

Mentor: Məni təqib edin və etdiklərimi nümunə götürün.

Psixoloq və ya psixoterapevt: Xahiş edirəm özünüzdən bəhs edin. Qeyd etdiyiniz problemə bənzər daha əvvəllər, misal üçün, uşaqlıq vaxtınızda hər hansı xoşa gəlməz təcrübəniz olubmu?

Kouçinq: Nə etmək istəyirsiniz? Nəyə ehtiyacınız var?

Kimlər kouç sayılırlar?

Kouçinq hal-hazırda iş dünyasında şəxsi inkişaf və əməkdaşların performans və potensiallarının artırılması istiqamətində ən güclü alətlərdən biri sayılır. Daxili kouçinq tətbiqləri artıq bir çox tanınmış şirkətin idarəetmə sistemlərində yer almaqdadır. Şirkətlər əməkdaşlarını motivasiya etmək, performans və məhsuldarlıqlarını yüksəltmək, korporativ loyallıqlarını artırmaq və şəxsi həyatlarına nizam-intizam gətirmək məqsədi ilə onlara kouçinq xidmətləri təklif edirlər.

Bir çox ölkə başçılarının və böyük şirkət rəhbərlərinin kouçlarla işlədiyi artıq bilinən həqiqətdir. Misal üçün, dünya liderlərindən Bill Clinton, Mixail Qorbaçov, Nelson Mandela, Fransua Mitteran, Marqaret Tetçer və Şahzadə Diana amerikalı kouç Tony Robbinsin xidmətlərindən istifadə etmişdir. Dünyanın ən varlı insanlarından sayılan tanınmış iş adamı və filantrop Bill Gates özünün bir TED çıxışını bu sözlə başlamışdı: “Hər bir insanın kouça ehtiyacı var”.

Kouçinq nədir?


Kouçinq son 20 ilin ən sürətlə inkişaf edən və rəğbət görən peşələrindən biridir. Dünyada bu peşənin əsas təsdiqləyici və tənzimləyici qurumu kimi International Coach Federation təşkilatı çıxış edir. Kouç peşəsinə yiyələnmək istəyən şəxslər ICF-in tanıdığı və təsdiq etdiyi təhsil qurumlarından müvafiq sertifikat almalı və periodik olaraq təhsillərini təkmilləşdirməlidirlər. Rəsmi ICF kouçları bu qurum tərəfindən müəyyən edilmiş “Etik qaydalar” Kodeksi əsasında fəaliyyət göstərirlər və Kodeksi pozan şəxslərin kouç ünvanlarının geri alınması da ICF-in səlahiyyətləri çərçivəsindədir. Buna görə də kouçinq xidməti almaq fikrinə gəlsəniz, bu xidmətləri sizə təklif edən şəxslərin və ya qurumların ICF təsdiqli sertifikatlarını mütləq tələb edin.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Coaching.az
Oxşar məqalələr
Şərhlər
Nasario23 iyul 2024, 04:05
I am curious to find out what blog platform you have been utilizing?
I'm experiencing some small security issues with my latest site and I'd like to find something more
secure. Do you have any suggestions?

Also visit my homepage :: Selena
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə