Müzakirə mədəniyyəti

12 noyabr, 2019 2 1 440


Müzakirə mədəniyyəti


“Həmişə haqlı olmağa çalışmaqdansa, həmişə mədəni olun”

Sosial media Azərbaycanın ictimai, sosial və siyasi həyatının müzakirə olunduğu ən aktiv platformalardan biridir. Etiraf etməliyik ki, sosial media olmasa, bizim bir çox tv, radio, hətta internet layihələrindən o qədər də xəbərimiz olmazdı. Hətta ən məşhur saytlar, ən məşhur media layihələri belə trafiklərinin önəmli hissəsini məhz sosial mediadan götürür. Sosial medianın bir digər üstünlüyü isə hər kəsin çox rahat fikir bildirmək imkanının olmasıdır. Bunun müsbət cəhəti odur ki, hamı fikir bildirə bilir, senzura yoxdur. Mənfi tərəfi də odur ki, hamı yazanda əslində hamının da müzakirə mədəniyyəti ortaya çıxmış olur.

Son zamanlar fərqli gündəm mövzularda gedən müzakirələr, eləcə də facebookdakı tanışların açdığı mövzular üzrə şərhlərin mahiyyəti ilə tanış olandan sonra müzakirə mədəniyyəti haqqında bilməli olduğumuz bəzi nüanslar haqqında yazmaq istədim. Daha əvvəlki həvəs və marağım yoxdu deyə, şərhlərdə çox aktiv olmuram, xüsusən də hiss edəndə ki, müzakirə iştirakçılarının tutumu “hamı Mersinə, mən tərsinə” stilindədir, o zaman xüsusilə heç nə yazmamaq, baş qoşmamaq ən doğru addım kimi gəlir. Əgər istəyirsinizsə ki, həqiqətən sizi müzakirə tərəfi kimi ciddiyə alsınlar, fikrinizə münasibət bildirsinlər, çox rahat təqdir və tənqid etsinlər, o zaman bu yazılan qaydaları oxumaqda və tətbiq etməkdə fayda var. Beləliklə,

Qayda 1: Zəhər qusmayın

Tutaq ki, kimsə bir fikir yazıb və Siz həmin fikirlə razı deyilsiniz. O zaman girib altından fikrin və onu söyləyən adamın şəxsiyyəti haqqında qeyri-etik söz yazmaq olmaz. Daha doğrusu olar, amma bu sizin tərəfdən qeyri-etik addım, nüfuzunuz və şəxsiyyətiniz haqqında sizi tanımayanlar arasında mənfi fikir formalaşdıracaq. Hətta Sizi tanıyanların belə fikrinin dəyişməsinə səbəb ola bilər. Növbəti o tip şərh və ya statusunuza ümumiyyətlə baş qoşmaya bilərlər. “Nə mənasız fikirdir, bunu yazan nə yeyib görəsən, bunların başı qaçıb, hələ belə savadsız fikir görməmişdim, qətiyyən razı deyiləm, kökündən səhvdir” – kimi sözlər müzakirəni tamamilə səhv istiqamətə aparar. Bu halda qarşı tərəf həmən müdafiə moduna keçir, sizin səhvdir deyib əsaslandırmağa çalışdığınız fikrə də “gözlərini bağlayır”. Bu hələ o haldadır ki, Siz haqlısınız, amma üslubunuz səhvdir. Hələ-hələ haqsız yerə yazırsınızsa, buna da fikrin müəllifi əmindirsə, o zaman ümumiyyətlə ciddiyə alınmayacaqsınız. Qarşı tərəf belə bir şərhə ümumiyyətlə fikir vermir, bəzən silir, bəzən bloka atır və s. Alternativ nədir? Ümumiyyətlə 90% fikirlərdə mütləq ki, düzgün olan hansısa tərəf olur, siz də bunu bilirsinizsə, müzakirəni pozitiv notlarda və davamlı etmək üçün doğru bildiyiniz hissələri qeyd etsəniz üzüyünüzün qaşı düşməz. Birbaşa sərt döngə adekvat qarşılanmaz. Ümumiyyətlə fikir müzakirəsi gedirsə, zövq müzakirəsi gedirsə, “siz doğru düşünmürsünüz” tipli sözlər yersizdir. Hərə fərqli düşünə bilər, siz razı deyilsinizsə, öz baxış bucağınızı paylaşın, daha paylaşılan fikri qeyri-etik tərzdə yorumlamayın. Ümumiyyətlə, unutmaq olmaz ki, mütəmadi neqativ fışqıran adamları heç kim sevmir. Dərinə getsək, onların bir çoxu ümumiyyətlə həyatda da xoşbəxt olmayan adamlardır. Və bunun “sözün düzünü deyəni sevməzlər” fikri ilə əlaqəsi yoxdur, bu fikir ilə təsəlli tapmağa dəyməz. Mədəniyyəti olmayan adamın, savadının olması (əgər varsa) heç bir üstünlük vermir.

Qayda 2: Mövzunu başqa yerə çəkməyin

Bir də görürsən hansısa mövzuda müzakirə gedir, biri də durub yazır ki, bu heç filan qanun da nədi bilmir, hələ birinci getsin onu öyrənsin falan. Əgər müzakirə mövzusu üzrə fikriniz yoxdursa, onu başqa yerə dartmaq olmaz. Hətta olur ki, müzakirə gedən vaxtı arqumenti bitir, amma durub yazır ki, “əşşi düzələn deyil” tipli bir şey. Bəzən də əlaqəsiz və ancaq özünə gülməli gələn “kəlam”. Bir yazımda bu tip adamları GNY adlandırmışdım – GUYA NƏSƏ YAZDI. Mövzunu başqa yerə çəkməklə kənardan mövzudan qaçdığınızı da göstəmiş olursunuz. Sizi divara sıxışdırdıqca, sağa-sola lağım atmaq olmaz. Bu halda da ciddiyə alınmayacaqsız.

Qayda 3: Həmişə haqlı olmaya bilərsiz, dirəşməyin.

Olur ki, bir fikir atılır ortaya, müzakirə əsnasında söylənilən fikirlərdə bəzi korrektələr etmək lazım gəlir. Əgər buna ehtiyac varsa, onu deməkdən çəkinmək lazım deyil. O boyda böyük-böyük kişilər çıxıb ekranda səhv anlaşılmaya görə üzr istəyir, nə bilim hansısa mövzuda tam dolğun məlumatı olmadığına görə fikrində yanlışlıqlar olduğunu etiraf edir. Hə, amma bir də var səhv tutan adam bunu o qədər açıq qışqırır ki, məqsədi düzgünü paylaşmaq deyil, səhv tutduğunu ona-buna yüksək səslə göstərməkdir. Bu da etik addım deyil.

Qayda 4: Sözü müzakirə edin, onu deyəni yox.

Yenə baxırsan kimsə tərəfindən fikir atılıb ortaya. Bir ağıllı mütləq çıxır və başlayır sən özün də filan vaxtı belə etmişdin, nə bilim filan yerdə işlədin nə etdin və s. Yazır və gedir. Hətta o səviyyədə ola bilər ki, Sizdən konkret xoşu gəlmirsə, yazsanız ki, qatıq ağdır, deyəcək qaradır, qara desəz, deyəcək ağdır. İnanmırsınızsa, bir dəfə test edin. Mən etmişəm deyə əminəm buna. Belə olan halda da artıq müzakirə bloklanmış olacaq.

Qayda 5: Özünüzə dəstək çağırmayın

Bir də görürsən açılan bir mövzuya bir-bir “dostlarını” tag edir ki, gəlin, siz də kömək edin. Təbii ki, o dostlar da nə dostlar. Məsələn, tag olunanlardan biri gəlir və guya nəsə yazdı ritorikası ilə “abi, biz iş görək, kimlərsə də qoy danışsın, sən əjdahasan”. Dərininə getsən, uzun müzakirələrin və şərhlərin birini də oxumayıb, bir az başından, bir az ayağından göz gəzdirib “dostunun da xətrinə dəyməmək” üçün nəsə yazır gedir. Yəni, gördün, gəldim, söz atdım getdim. İnanın ki, kənardan gülməli görünür. Ümumiyyətlə, biz işləyək, kimsə danışsın sözü o qədər banal ifadədir ki, onu birinci nə sübut etmək olar, ikinci də hardandır bu əminlik ki, siz işləyirsiz, başqaları yox. Əvvəlki yazılarımda da bir dəfə yazmışam, yenə deyim ki, bu ölkədə trade marketinq ilə brend marketinqi, brend menecer ilə marketinq meneceri, smm menecer ilə kommunikasiya üzrə menecerini, hətta sayt dizayneri ilə rəqəmsal marketinq mütəxəssisini qarışdıran, onların vəzifə öhdəliklərini ayıra bilməyən, hazırda da bunu bilməyə-bilməyə işləyən onlarla adam var. Hər biri də öz az bildiyi sahəni çevrənin mərkəzində görür, qalan hamısı ətrafdadır onlara görə. Problem bu deyil, problem budur ki, onların arasında elələri var ki, izah etməyə çalışsan ki, fərqli şeylərdən danışırıq, elə bir arı yuvasına çomaq soxmuş olarsan. Bir də görəcəksiz müzakirə artıq belə tonda davam edir – kim olmusan, sən ümumiyyətlə nə iş görmüsən, mən filan şeyi edəndə harda idin və s. Belə adamlara həqiqəti isbat etmək kora şam yandırmaq kimi bir şeydir.

Uzun sözün qısası, əziz dostlar, hətta tam haqlı olduğundan əmin olduğunuz məsələlərdə belə müzakirə zamanı maksimum etik olmaq, əzici davranmamaq, özünü gözə soxmamaq, qarşı tərəfi alçaltmamaq lazımdır. Halbuki müzakirə mövzularında özünü 100% haqlı saymaq özü belə yumşaq desək, çox mübahisəlidir. Konstruktiv müzakirə həmişə rəğbət görür, öyrədici olur. Destruktiv, dağıdıcı müzakirədən isə nə mövzunu açan, nə də onu cavablandıran xeyir tapır.

Əlqərəz ədiblərdən birinin dediyi kimi hər müzakirədə haqlı olmağa çalışmaqdansa, mədəni olmağa çalışın. Mədəni olmaq öz əlinizdədir. Mədəni olmağın isə hamıdan daha çox özünüzə xeyri var. Ümumiyyətlə insan istər pisliyi, istərsə də yaxşılığı ilk növbədə özünə edir.

Müəllif: Rafiq Vəliyev











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Trudi3 sentyabr 2024, 05:18
I was suggested this blog by means of my cousin. I am
no longer sure whether or not this submit is written through him as nobody else
know such unique approximately my trouble. You are incredible!
Thanks!

Also visit my website :: Annice
Anton16 sentyabr 2024, 09:57
I’m keen to learn about how Mantle 3D manages adjustments or iterations during the production phase.


The accuracy and repeatability that Mantle 3D provides, combined
with cost reductions, could make high-quality tooling
accessible to more companies.

Streamlining the tooling lifecycle is essential in today’s
fast-paced manufacturing environment, and Mantle's 3D technology appears to have figured out how to do it
effectively.

my web page ... advancing the field of rapid
tooling
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə