Karantində stress: Necə idarə edək?

21 iyun, 2020 0 2 331


Karantində stress: Necə idarə edək?


Psixosomatika deyilən bir elm var və bu elm psixi faktorların insanın sağlamlığına, fiziki halına olan təsirlərini araşdırır. 20-dən çox xəstəliyin, o cümlədən, xəstəxanaya müraciət edən 10 xəstədən ən azı 4 xəstənin xəstəliyinin arxasında məhz psixosomatik faktorlar durduğu iddia olunur. Psixosomatika təxminən 2 əsrdir ki, elm kimi formalaşsa da qədim dövrlərdə də oxşar fikirlər olub. Misal üçün, Sokrat deyirdi ki, bədəninin sağlam olmağını istəyirsənsə ilk öncə ruhunu sağaltmalısan.
Bəs necə olur ki, bizim öz psixikamız öz bədənimizdə dağıdıcı bir rol oynayır? Hər şeyin günahkarı – xroniki stressdir. Stress fizioloji baxımdan faydalı və hətta yaşam üçün əvəzedilməz olan bir durumdur.
Əcdadlarımızda stress “savaş və ya qaç” rejimlərini tətikləyən bir funksiya rolunu oynayıb. İstənilən xarici qıcıqlandırıcı təhlükə anlamına gəlirdi, təhlükə stress yaradırdı. Stress öz növbəsində bədəndə kartizol, adrenalin və noradrenalinin artmasına səbəb olurdu. Arterial təzyiq və ürək döyüntüləri artır, qanda şəkərin miqdarı artır, eyni zamanda güc, çeviklik və reaksiya artmış olurdu. Orqanizmin bütün resursları xilas olmaq üçün səfərbər olunur. Sadəcə 2 seçimdən birini etmək qalır: savaşmaq ya qaçmaq?
Problem ondadır ki, müasir yaşam tərzimizdə, cəmiyyətdə bizim stress yaradan amillərlə savaşmaq və ya onlardan qaçmaq kimi imkanımız bir çox hallarda demək olar, yoxdur. Bizim beynimiz fizioloji cəhətdən hələ də, ilkin dövrlərdə olduğu kimi çalışır. Çox sürətlə dəyişən xarici mühitə adaptasiya olmağa çalışan beynimiz mütəmadi olaraq, bizi stress halına salır. Qədim dövrlərdə hər hansı bir yırtıcı ilə üz-üzə gəldiyimiz anda düşdüyümüz stress vəziyyəti kimi, biz hər gün stress keçiririk. İşdə, yolda, hər yerdə. Fiziki cəhətdən bu stress hər hansı bir formada bədənimizdən çıxmadığı üçün, saatlı bir bomba kimi bizimlə mütəmadi olaraq bərabər olur.
1959-cu ildə işemik xəstəlikləri olan pasientlər üzərində müşahidə aparan ABŞ kardioloqları karonar şəxsiyyətləri – miakard infarktına meylli olan insanları belə təsvir edirdilər: ambisiyalı, məsuliyyətli, mütəmadi olaraq qərarvermə səlahiyyətləri olan və daimi daxili gərginlikdə çalışanlar. Müasir dövrdə bir çox top-menecerlər bu təsvirə uyğundur. Hər birimizin can atdığı sosial status nə qədər yüksəkdirsə, risk də o qədər çoxdur. Maraqlısı odur ki, miakard infarktı tək xoşagəlməz hansısa bir hallarda olmur, eyni zamanda çox sevincli anlarda da baş verə bilər. Çünki ani sevinc özü də bizim fiziolojimiz üçün stressin bir növüdür. Mənfi və ya müsbət stress ola bilər, amma mexanizm eynidir. Adrenalin, yüksək təzyiq, sürətli ürək döyüntüləri və sairə. Ona görə, psixoloqlar sevincli anlarda da adekvat davranmağı və müvafiq davranışları sərgiləməyi tövsiyə edirlər. Loru dildə desək, nə qəmi, kədəri, nə də sevinci içinizdə yaşamayın. Çalışın hər iki halda, bunu öz davranışlarınızda hansısa formada sərgiləyəsiniz. Real bir hadisəni sizlərlə bölüşüm: Yüksək rütbəli bir hərbçiyə yubileyində öz rəhbərliyi mənzil hədiyyə edir, heç zaman sevincini biruzə verməyən hərbçi yenə də, normal bir qaydada üzündə hər hansı bir təbəssüm olmadan evin açarlarını qəbul edir. Saniyələr sonra, hərbçi infarkt keçirərək ölür. Sevincdən ölür.
Bir sözlə, mənfi və ya müsbət stress idarə olunmadığı halda, hansısa boşalma olmadıqda sağlamlığımıza ziyan vura bilər. Koronavirus dönəmi, dəyişən adətlər, dəyişən mühit özü-özlüyündə böyük bir stress mənbəyidir. Bəs stressi boşaltmaq üçün nə edə bilərik?

1. Beyninizi qoruyun.
Onu mütəmadi olaraq neqativ informasiya ilə yükləməyin. Virusla bağlı statistikalara, xəbərlərə və sairə neqativ məlumatlara baxmaq üçün gündə 10 dəfə internetə daxil olmayın.
2. Gündəlik adətlərinizi qoruyun.
Normalda hər gün tezdən işə gedirdinizsə, işə getməzdən öncə duş qəbul edirdinizsə, özünüizolyasiya və sərt karantin rejimində də eynisini edin. Səhər tez durun, duş qəbul edin və sairə. Evdən işləyirsinizsə evin bir küncündə müvafiq bir iş mühiti yaradın.
3. Fasilə edin.
Gününüzü monitor arxasında keçirməyin. İşləyirsinizə, hər 90 dəqiqədən bir özünüzə, çay içməyə 5-10 dəqiqə ayırın. Nahar vaxtı çalışın smartfonunuzdan və kompüterdən uzaq olun. Mümkündürsə ya gəzintiyə çıxın ya da eyvana çıxıb təmiz hava alın.
4. Əlaqədə qalın.
İş yoldaşlarınızla, eyni zamanda, kefinizi açacaq dostlarınızla hər zaman əlaqədə olun. Virtual zənglər edin.
5. İncəsənətlə məşğul olun.
Hər hansı incəsənət və musiqi məktəbini bitirməmisinizsə belə bu problem deyil. Meditativ rəngləmə ilə məşğul ola bilərsiniz. İnternetdə bu tip rəngləmə üçün onlarla eskiz var, çap edin və rəngləməyə başlayın.
6. Fiziki formanıza diqqət edin.
İdman zalına getmək vacib deyil. Evdə də, sadə və faydalı hərəkətlər edərək formanızı qoruya bilərsiniz.
7. Hobbinizə vaxt ayırın.
Stressi azaldan ən önəmli faktorlardan biri müsbət emosiyalarla yüklənməkdir. Sevimli iş hər zaman sizə bu pozitiv emosiyaları bəxş edəcək və sizə zövq verəcək. Hobbiniz yoxdursa hansı işlə məşğul olmaq istədiyiniz haqqında düşünün. Əl işləri hazırlamaqdan, xarici musiqilərin sözlərini tərcümə etməyə qədər bir çox işlə məşğul ola bilərsiniz. Əsas odur ki, bu işlə məşğul olmağı sevəsiniz.
8. Meditasiya və nəfəsalma məşqləri edin.
Əvvəllər bizə qəribə gələn bu tip təcrübələr artıq adi hal alıb və bir çox insanlar mütəmadi olaraq meditasiya ilə məşğul olur. Meditasiya nəinki psixi vəziyyəti yaxşılaşdırır, eyni zamanda beynin sağlam və düzgün işləmə vəziyyətini də təmin edir. Gərginliyinizi azaltmaq üçün, gün ərzində heç olmasa 5-10 dəqiqə vaxtınızı meditasiyaya həsr edin.
9. Gündəlik tutun.
Bəli. İllər öncə bir çox yeniyetmə gənclərin sevimli məşğuliyyəti olan gündəlik tutmaq psixi vəziyyətimizin yaxşılaşdırılması üçün faydalı metodlardan biridir. Beləki, beynimizdə bütün günü fırlatdığımız fikirləri yazıya tökməklə artıq bu barədə daha az düşünür və beynimizi artıq yüklənmədən azad edirik. Bundan əlavə, düşündüyümüzü yazıya tökmək analitik düşünmə qabiliyyətimizi inkişaf etdirir. Bunun üçün, öz gününüzü təsvir edən zaman çalışın gün ərzində baş verən xronologiya içində ən faydalı və pozitiv olanları tapıb xüsusi vurğulayasınız.
10. HR-AZ.com yardımçınız olsun! :)
Sonda pozitiv bir metod da qeyd etməsəm olmazdı. Bəzən sadəcə mənasız bir işlə məşğu olaraq vaxt keçirmək və stressimizi azaltmaq istəyirik. Məhz buna görə, karantin dönəmində stress yükünüzü azaltmaq üçün dünyanın ən mənasız saytlarına sizi aparacaq bir bölməni istifadəyə vermişik. Bölməyə keçid üçün bura klikləyin.

Məndən bu qədər. Sizin də stressinizi azaltmaq üçün istifadə etdiyiniz hər hansı metodlarınız varsa bizimlə bölüşməyinizi istərdik. Stressdən azad olaq, sağlam olaq!

Müəllif: Orxan Səfərli











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə