Demək olar ki bütün menecerlər bu məqalədə yer alan tez-tez rast gəlinən səhvləri edirlər.
Hər hansı bir liderin ən kritik səhvi - lider olduğunu unutmasıdır. Lider olduğunu unudub, öz səriştəsizliyini nümayiş etdirərək tabeliyindəkilərin işini görməsidir. Burada söhbət təkəbbürdən və ya eqoizmdən getmir. Burada söhbət tabeçilik və iş bölgüsü, nizam-intizam və subordinasiyadan gedir.
Bu səhvin bədəli boş vaxtın olmaması, saysız yarımçıq qalmış işlər və daimi olaraq şəxsi həyatda və biznesdə yaranacaq problemlərdir.
İkinci səhv – rəhbər dəqiq meyyarlar və müddətlər qoymadan ziddiyyətli hədəflər müəyyən edir, əsasən də məqsədinin nə olduğunu anlamır.
Bu səhvin bədəli odur ki, işçilər hərəsi bir yöndə işləyir və nəticədə yenə də ortaya bir iş çıxmır. Belə hala çox misallar gətirmək olar.
Üçüncü səhv - qoyulan məqsədlərə çatmaq üçün rəhbər ümumi ideya seçimində səhvə yol verir, və bu ideyanın əslində nə dərəcədə əhəmiyyətli olduğu haqda heç xəbəri belə yoxdur.
Belə ki, tabelikdə olan kəslər real vəziyyəti dərindən başa düşmədən öz ideyaları daxilində məqsədləri reallaşdırırlar və nəticədə bədəlini ödəyən kəs ya rəhbər ya sahibkarın özü olur.
Dördüncü səhv, rəhbər mövcud olan və ya proqnozlaşdırılıan xarici və daxili faktorların törədə biləcək təsirlərini qiymətləndirmir. Bu səhvin nəticəsini anladan və xalq arasında geniş yayılmış belə bir deyim vardır: “Bütün yumurtaları bir zənbildə saxlama!”. Qısaca daim bazarların və ya şirkətin özünün transformasiyalarını nəzərə almaq lazımdır.
Beşinci səhv – şirkət rəhbəri planlaşdırma işlərində ya ifrata varır, ya da əksinə laqeyd yanaşır. Misal üçün: əsas vaxtını strateji planlamaya sərf edir, operativ planlama isə zəif işlənir. Və ya əksinə, hər kəsin başı operativ planlamaya qarışır, strateji planlama isə kənarda qalır. Hər ikisinin nəticələri şirkətə hiss edilən zərbə vura bilər.
Altıncı səhv – yersiz idarəetmə sisteminin tətbiqi. Misal üçün topaynan lazımsız sənəd, əmr, instruktajların tətbiqi, hansı ki heç kəs onları oxumur və icra etmir. Lazımsız və məqsədsiz saysız-hesabsız hesabatların tətbiqi. Bütün işçilər “idarəetmə prossesləri” ilə məşğuldur, bütün vaxtını və şirkətin resurslarını boş-boş işlərə sərf edib əsas məqsəd və mənanı itirirlər.
Yeddinci səhv - rəhbər ədalətsiz motivasiya və məsuliyyət sistemi qurur. İşləməyən kəsləri irəli çəkir və əksinə işləyən kəsləri cəzalandırır. Tez-tez rast gəlinən haldır ki, işləməyən kəslər özlərini işləyən kimi gözə salır, işləyən kəsləri isə qarayaxma kompaniyaları, dediqodu vasitəsi ilə gözdən salırlar. Kölgədə qalan işçilər ya “sönür”, ya da şirkəti tərk edir. Səriştəsiz rəhbərlər oyuna gəlir, bununla da dostunu, düşmənini tanımayan rəhbər Titanik kimi aysberqə çırpılıb gedir dənizin dibinə.
Səkkizinci səhv – rəhbər düzgün olmayan idarəetmə qərarları qəbul edir. Belə desək top-tüfnglə sərçə vurur, əsas hədəfləri isə gözdən qaçırır.
Misal üçün şirkət yeni bazarlara girən anda struktur dəyişikliyi qərarı. Adətən bunun aqibəti eyni cür olur: yeni bazar yoxdur və xeyli sayda yaxşı işçi itirilmişdir.
Döqquzuncu səhv – rəhbər verdiyi əmrlərin dəqiq və obyektiv yerinə yetirilməsinə və onların məqsədəuyğunluğuna həqiqi nəzarət etmir. Tapşırıq verərkən bilmək lazımdır ki, heç bir tapşırıq tam dəqiqliyi ilə yerinə yetirilmir, hardasa artıq, hardasa əksik yerinə yetirilir. Və bu kənarlaşmalar yığıldıqça ağır fəsadlarla nəticələnə bilər.
Onuncu səhv – rəhbər bazar dinamikasını, inkişaf proqnozlarını təqib etmir və hədəflərin, məqsədlərin xarici və daxili mühitin vəziyyətinə uyğunluğunu nəzərə almır.
Bütün bu səhvlər bir çox rəhbərin idarəetməni və onun əsas qanun və prinsiplərini anlamadığı üçün baş verir. Yəni məsələnin kökündə nəzəri savadsızlıq, bəzən təkəbbürlük və ya lüzumsuz inadkarlıq dayanır.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Finmarket.az