Məzuniyyətdən qaçış yoxdur!

10 sentyabr, 2021 0 1 167


Məzuniyyətdən qaçış yoxdur!


Bakıda əsməyə başlayan mülayim sentyabr küləyi artıq yay mövsümünün yavaş-yavaş sonlandığını göstərir. Hər kəs yayın sonlandığına üzüldüyü bir məqamda İR mütəxəssislərinin daha bir qayğısı da peyda olur. Məzuniyyət qrafikinə görə məzuniyyətin böyük bir qisminin yay aylarına planlanmasına rəğmən işçilərin ciddi bir qismi plandan kənarlaşıb. Və artıq İR mütəxəssisi il sonuna qədər işçilərin məzuniyyət günlərindən istifadə edib bitirməyəcəklərini öz altıncı hissi sayəsində duymağa başlayır. Kərəmi də məhz burda ağlamaq tutur – Məzuniyyətin və istirahətin işçinin bir başa rifahına, əhval-ruhiyyəsinə və işə bağlılığına güclü təsiri olduğu halda işçilər niyə məzuniyyət günlərindən tam istifadə etmirlər?
HR-AZ.com olaraq bu məqalədə məhz bu sualın mümkün cavablarını analiz edəcəyik.
Oxşar problemin digər ölkələrdə də mövcudluğunu analiz etdikdə ABŞ-da işçilərin 40%-nin məzuniyyət günlərindən tam istifadə etməməsi statistikası ilə qarşılaşırıq. Bu da öz növbəsində, 169 milyon ödənişli istirahət günü və ya 52 milyard dollarlıq istifadə olunmamış imtiyaz (daha dəqiq desək - benefit) deməkdir. Bəzi şirkət rəhbərlərinin prizmasından baxdıqda, mövcud vəziyyətdə şirkətlər 52 milyard dollar qazanclı çıxıblar. Lakin, elə deyil. Məzuniyyət günlərindən istifadə etməyən işçilərdə stress, xroniki yuxusuzluq, iş performansının aşağı düşməsi və depressiya ilə bağlı müxtəlif xəstəliklər yaranır ki, bu da şirkətlərin daha çox xərcə düşməsinə səbəb olur. İstifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənildikdə isə, qeyd olunan xərci ikiyə vura bilərsiz.

Bəs yaxşı bütün bunlara rəğmən, işçilər niyə məzuniyyətlərini tam istifadə etmirlər?

1. Qayıdıb gəldikdə “tökülüb qalmış işlər”-lə qarşılaşmaq qorxusu

Necə deyərlər, “məzuniyyətim burnumdan gəldi”. “Project: Time off” araşdırmasına görə işçilərin məzuniyyət günlərindən istifadə etməməsinin ən əsas səbəbi məhz budur. İşəgötürən olaraq bu problemi maksimum yumşaltmaq üçün müəyyən tədbirlər görmək lazımdır. Misal üçün, birbaşa rəhbərinin məzuniyyətdən geri qayıdan işçi ilə görüşüb prioritetləri müəyyənləşdirmələri, ilk 2-3 gün ərzində ən prioritetliyi yüksək məsələlərin həllini planlaşdırmaları bu keçid dövrünü daha yumşaq və məqbul edəcək. Eyni zamanda, işçilər arasında kommunikasiya və iş bölgüsünün düzgün qurulması, kross-treyninq və sairə metodlardan istifadə də bu problemin həllinə kömək edə bilər.

2. Şirkət mədəniyyəti

Məzuniyyət günlərindən istifadə barədə şirkət prosedurunun olmaması, yuxarı rəhbərliyin “heç zaman məzuniyyətə çıxmaması” və sairə səbəblər işçiləri məzuniyyət götürməkdən çəkindirir. İşçilər məzuniyyət götürməklə özləri barədə neqativ fikir yaratmaqdan çəkinirlər. Bunu aradan qaldırmaq üçün, şirkət rəhbərliyinin məzuniyyətləri təşviq etməsi gərəkdir: özlərinin məzuniyyətə getmələri, qrafikə uyğun olaraq məzuniyyətlərə gedənlərin mükafatlandırılmaları, məzuniyyətdən ən maraqlı foto göndərən işçi müsabiqələri və sairə.

3. “Əvəz oluna bilmək” qorxusu

Rəqabətli iş bazarında işçilər öz iş güvənliyindən (oxu: job security) çox da əmin ola bilmirlər və bəzən hətta məzuniyyətə getməyin iş dünyasında cinayətə, işə xəyanətə bərabər olmasını düşünürlər. Bunun həll yollarından biri kimi, yeni işçilərin adaptasiya proqramları çərçivəsində məzuniyyət günlərindən istifadə barədə şirkət siyasətini düzgün formada kommunikasiya etməkdir.

4. İşə necə bağlı biri olduğunu göstərmək istəyi

Şirkət olaraq işçilərin işdə olma göstəricilərinə deyil, performanslarına dəyər verməyiniz lazımdır. Belə ki, araşdırmalar göstərir ki, məzuniyyətin 10 saatı işçinin iş performansını 8%-ə qədər artırır. Yuxarı rəhbərlik bunu əsas götürərək, performansın idarə olunması alətlərindən biri kimi məhz işçilərin məzuniyyət günlərindən istifadəsinə səylərini artırmalıdır. Elə işçilərə də başa salmaq lazımdır ki, öz performanslarının göstərmək istəyirlərsə, məzuniyyət günlərindən tam istifadə etsinlər.

5. Qopmağın mümkünsüzlüyü

Rəhbər işçilərin təqribən yarısı (46%) məzuniyyətdə olan zaman iş zənglərinə və emaillərinə cavab verməyə davam edir. Dəniz qırağında iş emaillərini cavablamaq razılaşarsız ki, heç də xoş bir hiss deyil. Rəhbərin bu addımı işçilərin də məzuniyyət zamanı daim müsait olmalarını vacib edir. Bu mühitin pozulmasının əsas yolu rəhbərin ilk addımı özündən başlaması lazımdır: məzuniyyətə gedərkən emaildə “işdə deyiləm” avtocavablayıcısını aktiv edin, telefonu söndürün və Novxanı çimərliyində Corat qutabı ilə sumaxın dadını çıxarmağınızda olun.

6. Məzuniyyət qrafikinin sürüşkən olması

Əgər şirkət işçilərə məzuniyyət qrafikində müəyyən dəyişikliklər etməsinə şərait yaradaraq sürüşkən bir qrafiklə prosesi idarə edirsə nəticəsi ilə də qarşılaşmalı olacaq. Sürüşkən qrafikli şirkətlərdə sorğu zamanı işçilərin 84% il ərzində bütün əmək məzuniyyətlərini istifadə edəcəklərini bildirsələr də, cəmi 46% işçinin məzuniyyət günləri növbəti ilə keçməyib. Mentalitetimizdə “pis gün üçün” məzuniyyət günləri saxlayanlar da var. Həmin planlaşdırılmayan çox vacib situasiyalarda şirkətlərin işçiləri ilə empati qurması bu “yığımcıllığımızın” da qarşısını ala bilər.

Beləliklə, çalışdıq ki, işçilərin niyə məzuniyyətə getmədikləri barədə yaranan sualları cavablayaq. Ümid edirik, məqaləmiz İR mütəxəssislərin saysız-hesabsız qayğılarından heç olmasa birinin azaldılmasına az da olsa yardımçı olacaq. Hər birinizə məzuniyyət qrafikinə uyğunluq KPI-nda 100 faizlik nəticə arzu edirik!

Müəllif: Orxan Səfərli











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə