Əmək məzuniyyətlərində növbəlilik hansı qaydalara əsasən tənzimlənir?

06 iyun, 2020 0 1 155


Əmək məzuniyyətlərində növbəlilik hansı qaydalara əsasən tənzimlənir?


Əmək məzuniyyəti ilə bağlı maraq doğuran məqamlardan biri məzuniyyətlərin verilməsində növbəlilikdir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

İşəgötürənlər müvafiq qaydalara uyğun olaraq mikro, kiçik, orta, iri sahibkarlıq subyektlərinə bölünür və buna uyğun olaraq onların işçilərinin sayı müxtəlif olur. Əmək məzuniyyətində növbəliliyin təmin olunması mikro və kiçik sahibkarlıq subyektlərində, adətən, asan olur, amma işçi sayı daha çox olan müəssisələr müəyyən çətinliklərlə üzləşirlər.

Bu məsələ Əmək Məcəlləsi ilə tənzimlənir.

Maddə 133. Əmək məzuniyyətlərinin verilməsində növbəlilik

1. İstehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.

2. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.

Maddə 131. Əmək məzuniyyətinin verilməsi qaydası

1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.

2. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.

3. İşçiyə işin ikinci və sonrakı illəri üçün əmək məzuniyyəti işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.

Deməli, növbəlilik məsələsində həm işçilər, həm də işəgötürənlər ilkin olaraq aşağıdakılara diqqət yetirməlidirlər:

əmək məzuniyyətlərinin verilməsi, uçotun qurulması üçün hər il üzrə növbəlilik cədvəllərinin tutulması;
cari il üçün növbəlilik cədvəllərinin yanvarın sonuna kimi tərtib və təsdiq edilməsi;
növbəlilik cədvəli tərtib edəndə işçinin rəyinin nəzərə alınması. Rəy, yaxşı olar ki, yazılı formada olsun və ya rəsmiləşdirilsin.
Misal1: Tutaq ki, "AA" MMC 2020-ci il üçün işçilərinə əmək məzuniyyətinin növbəlilik cədvəlini tərtib edib. İşçilərin bir qisminin 2020-ci ilin aprel ayında, bir qisminin isə may ayında məzuniyyətə göndərilməsi nəzərdə tutulub. Növbəlilik cədvəli tutulanda işçilərin rəyi nəzərə alınıb. Növbəlilik cədvəlinə uyğun olaraq işçilər aprel ayında məzuniyyətə çıxıblar. Amma məzuniyyəti may ayına düşən bəzi işçilər əvvəldən razılıq rəyinin olmasına baxmayaraq, iyunda məzuniyyətə çıxmaq istədiklərini bildiriblər.

Sual: İyunda əmək məzuniyyətinə çıxmaq istəyən işçilər belə bir addım ata bilərmi? "AA" MMC-nin rəhbərliyi bunu təmin etməlidirmi?

Həmin işçilərin iyunda əmək məzuniyyətindən istifadə etmək hüquqları vardır və buna görə də onlar işəgötürənə yazılı və ya şifahi məlumat verməlidirlər. Artıq bundan sonrakı addımlar tərəflər arasında razılaşmadan asılıdır. Ola bilər ki, iyunda əmək məzuniyyətindən istifadə etmək istəyən bəzi işçilərin tutarlı səbəbi vardır və işəgötürən onu təmin etməlidir. Əsaslı səbəb olmayan halda isə işəgötürən işçini may ayında məzuniyyətə göndərə bilər.

Çünki, məzuniyyət qrafikinə və məzuniyyət növbəlilik cədvəlinə əsasən, işəgötürən öz istehsalat davamlılığını, fəaliyyətinin fasiləsizliyini tənzimləyir. İşçinin əmək məzuniyyətinə görə Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən, istənilən vaxtda ərizə vermək səlahiyyəti vardır, bununla belə, işəgötürənin razılığı tələb olunur.

Ona görə də əmək məzuniyyətinin vaxtının dəyişməsini tələb edən işçilərin buna əsaslı səbəbi olduqda, tələb təmin oluna bilər.

Misal 2: Tutaq ki, "BB" MMC-də məzuniyyət üçün növbəlilik cədvəli tutulmamışdır. İşçilərinin bəzilərinə yanvarda 30, bəzilərinə də fevralda 21 gün əmək məzuniyyəti verilib.

Sual: MMC növbəlilik cədvəlinin tərtib etməməklə qanun pozuntusuna yol vermişdimi? Bu zaman məzuniyyət məsələləri necə tənzimlənir?

Qeyd etdiyimiz kimi, növbəlilik cədvəlinin tutulması məcburi deyildir, amma işçi sayının çox olduğu təsərrüfat subyektlərində xaos yaranmaması, uçotun düzgün aparılması, fəaliyyəti düzgün qiymətləndirmək, istehsalın, işin normal gedişatını tənzimləmək üçün bu, lazımdır. Hər bir işçi məzuniyyətə gedəcəyi vaxtı bilməlidir.

Odur ki, yanvarda və fevralda məzuniyyətə gedən işçilər əmr verilməmişdən ən azı 5 gün əvvəl məzuniyyətə getməsi haqqında ərizə verməlidir, MMC rəhbəri ən azı 5 gün əvvəl əmr imzalamalı və işçi bununla tanış olmalıdır.

Beləliklə, bu məqamların nəzərə alınması müəssisələr üçün faydalı ola bilər:

əmək məzuniyyətinin verilməsi üçün növbəlilik cədvəli olsa daha yaxşıdır;
növbəlilik cədvəli əmək məzuniyyətinin verilməsi üçün tam rəsmi sənəd deyildir;
növbəlilik cədvəli uçot üçün nəzərdə tutulan sənəddir;
növbəlilik cədvəlinə görə işəgötürən öz fəaliyyətinin fasiləsizliyini, istehsalın davamılığını, işin normal gedişatını tənzimləyir və tamamlayır;
Əmək məzuniyyətinin verilməsi üçün işçinin ərizəsi vacib ilkin sənəd kimi əsasdır və buna işəgötürənin razılığı olmalıdır;
işəgötürən növbəlilik cədvəlinə razılığını bildirmiş işçinin məzuniyyət növbəsini fəaliyyətinin fasiləsizliyini əsas gətirərək dəyişə bilər;
son addım kimi işçi məzuniyyətə çıxması barədə əmrlə tanış olduğunu və razılığını bildirməlidir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Vergiler.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə