İşdə siyasət

21 mart, 2019 0 466


İşdə siyasət


Yazır Rafiq Hunaltay

Siyasət haqqında fikirlər müxtəlifdir. Var real siyasət, biri də var gündəlik həyatımızdakı siyasət. Bu situasiyaların hər birində sözün özü müxtəlif mənalar verir. Bu yazıda mən iş yerində olan siyasətdən, onun forma və xüsusiyyətlərindən yazacam.

Siyasət çirkindir ifadəsini yəqin ki, eşitmisiz. Ümumən siyasətin çirkinliyi haqqında o vaxt belə bir fikir oxumuşdum ki, “əslində siyasət çirkin deyil, onunla çirkin insanlar məşğul olanda çirkin olur”.

Məntiq var. Məncə, bu hər sahədə belədir. Ümumiləşdirmək ədaləti olmazdı. İş yerində siyasət də belədir. Ümumiləşdirmək olmaz, amma bir çox insanlar xarakterlərindən doğan düzgün olmayan addımlar atmaqla özünə haqq qazandırır və bunun da adını siyasət qoya bilir.

Bəs işdə siyasət nədir, necə olur, ondan adətən kimlər istifadə edir, nə işə yarayır, ümumiyyətlə işdə siyasət olmalıdırmı kimi suallar yəqin Sizi də haçansa, narahat edib.

Əvvəla ondan başlayaq ki, necə dolların 78 olan vaxtına qədərki iqtisadiyyatla ondan sonrakı iqtisadiyyat fərqlənir, eləcə işdə siyasəti də dolların 78 vaxtından əvvəlki və sonrakı dövrlərə bölmək olar.

Etiraf etməliyik ki, indiki iqtisadi mühitdə işdə siyasətə daha az meydan var, nəinki əvvəl. Səbəb də onunla bağlıdır ki, əvvəllər vəziyyət bir az yaxşı olduğu üçün şirkətlərimiz bir yolla nəticəyə nail olurdular.

Və bu nəticədə insanların maksimum potensialından istifadə etməsi o qədər də rol oynamırdı.

Bu halda daha çox əmək haqqı almaq, bonus almaq və ya vəzifədə irəli getmək üçün siyasət yeridənlərə meydan var idi. İndi isə şirkətlər artıq hər şeydə optimallaşdırmaya və ölçülə bilən nəticəyə fokuslanıb.

Ölçülə bilən nəticə o deməkdir ki, artıq hər bir əməkdaşın da nəticələri real “tərəziyə qoyula” bilir. Belə olanda kobud desək siyasət falan çox işləmir, yəni “burcutmağa yer qalmır”.

İşdə siyasət(çi) nədir, kimdir?!

Makiavelli siyasət haqqında deyirdi ki, “siyasətdə məqsədə gedən istənilən yol məqbuldur” İstənilən yol da o deməkdir ki, etik və ya qeyri-etik, qaydalar uyğun olan və olmayan istənilən addım.

Halbuki tarix sübut etdi ki, elə deyil. İndi də siyasətə o cür yanaşanlar var, amma insanlar bunu yumşaq desək xoş qarşılamır. Mən də işdə siyasət deyəndə məhz işdə layiq olduğu və ya olmadığı mövqeyə gəlmək, daha çox qazanmaq, nə bilim daha yaxşı şəraitə sahib olmaq, həmçinin ağlınıza gələn n qədər məqsədlər üçün düzgün olmayan addımların atılmasını nəzərdə tuturam.

İşdəki siyasətçilər emosional bağ qurmurlar. Adətən onlar tez-tez çevrələrini dəyişirlər. Məsələn, baxırsan ki, həmişə oturub-durduğu adamlarla anidən əlaqəsi kəsildi. O zaman 100% əmin olun ki, maraqları dəyişib.

O “kruq” böyük ehtimal ona daha sərf etmir. Rokçu ilə rokçu, dindar ilə dindar, biznesmenlə biznesmen, avara ilə da avara kimi görünməyə çalışırlar.

Çox vaxt elə bilirlər ki, bunun heç kim fərqinə varmır. Amma elə deyil. Kənardan bir az məntiqli adam söhbəti o saat tutur. Məsələn, mən ayda-ildə bir dəfə işi düşəndə zəng edib emosionalcasına “biz niyə görüşmürük, niyə oturub dərdləşmirik və s.” tipli sözlər deyənləri həmişə yola verirəm. İnsanın işi düşəndə zəng etməsi, hətta ayda-ildə bir dəfə zəng etməsi çox normaldır, hətta belə də olmalıdır.

Amma o zəngə “dost zəngi”, emosional bağ calamaq düzgün deyil. İnsanın dostları ayrıdır, iş yoldaşları ayrı, iş münasibətləri qurduğu kontaktlar ayrı.

İş yoldaşın dostun ola bilər, bu halda məsələ tamam başqa cür olur. İkisindən birini seçmək lazım gələndə insan dostluğu qorumalı olduğunu dərk etməlidir. Həyat qısa, bizə xoş görünən çox şey də müvəqqətidirsə, onlara görə illərlə qazandığın dostları itirmək səhvdir.

Siyasətçilər emosional bağ qurmadıqları kimi, həm də xaraktersiz olurlar. Daha doğrusu xarakterləri zəif olur. Xarakter zəif olduğuna görə də həmişə ikili həyat yaşayır və bəlkə də belə iki cür davranmalı olduqlarına görə çox yorulurlar.

Şirkətin zəif nöqtələri ilə “qidalanırlar”

İşdəki siyasətçilər üçün münbit şərait olmalıdır. Adətən sistemli şirkətlərdə siyasətçilərə çox meydan olmur.

Hər şey yazılmış və riayət edilən qaydalara görə edilirsə, biznes proseslər çox dəqiq təsvir edilibsə, hədəflər və kriteriyalar aydın və ölçülə biləndirsə, siyasətçinin işi burada çox çətindir. İşdəki siyasətçilər ilk növbədə şirkətin zəif nöqtələrini axtarırlar.

Məsələn, şirkətdə kommunikasiya qopuqluğu varsa, bu tip insanlar siyasətlərini ora yönəldirlər. Və ya məsələn, rəhbər açıq müzakirəyə meylli deyilsə, qərarlar birtərəfli qəbul edilirsə, o zaman da qərar verən şəxsə yönəlik siyasət aparırlar.

“Güc mərkəzlərini” təsbit edib ora yönəlirlər

İşdəki siyasətçilər həm də yaltaq olur. Güclü tərəfə meyllənirlər. Şirkətin iyerarxik quruluşu onlar üçün önəmli deyil. Güc mərkəzləri önəmlidir.

Məsələn, ola bilər ki, direktor hər şeyə cavabdehdir və idarəetmənin ən üstündəki adamdır, amma güc mərkəzi, loru dildə desək, sözü keçən adam direktor müavinidirsə, onun hədəfi artıq direktor müavini olur.

Düşünür ki, qərarı verən, proseslərə təsir edə bilən odursa, onunla aramı yaxşı edim. Və ya başqa bir misal.

Şəxslər yox, şöbələr, departamentlər olaraq da güc mərkəzinin hara olması rol oynayır. Deyək ki, şirkətdə maliyyə güclüdürsə, söz sahibidirsə, orada siyasətçi bütün məsələlərə maliyyənin mövqeyindən yanaşır.

Və ya tərsinə. Şirkətdə marketinq şöbəsi zəifdirsə, statusu çox da ciddiyə alınmırsa, o zaman işdəki siyasətçi üçün iclaslarda mövzu bol olur. Öz işinə aid oldu, olmadı hücum edəcəyi istiqamət zəif olan departament və ya onun rəhbəridir. Çünki güc mərkəzlərinə meyllənəndə, zəif nöqtələri mütəmadi tənqid edən özünə aid işlərdən diqqəti yayındırırsan.

İşdəki siyasətçilərin öz fikirləri olmur və ya bunu açıq söyləmirlər

Görüşlərdə, iclaslarda aktiv olmaq, çox danışmaq, təkliflər vermək, təşəbbüskar olmaq pis deyil, əksinə yaxşı xüsusiyyətdir. Siyasətçilər isə şirkətdə adətən çox danışırlar, amma söhbətləri “sümüksüz ət” kimidir.

Bilmirsən, harasından tutasan. Bilmirsən, müzakirə edilən məsələyə HƏ dedi, ya YOX. Aram-aram, sakit danışan və ya səbəbsiz çılğın danışan, emosional o qədər siyasətçiyə rastlamışam ki. Danışdıqca hiss edirsən ki, sözləri seçir, danışır.

Ümumiyyətlə önəmli məsələlərdə belə adamlar konkret fikir söyləməzlər. Həmişə qərarlarının iki başı olur. Bu tutmayanda o biri, o tutmayan da bu birinin üzərinə getsin deyə konkret fikir söyləməyi bilərəkdən istəməzlər.

Nəticədə də məsələ uzanır, dolaşığa düşür, kimlərsə, bu dolaşıqdan zərər görür və siyasətçi məqsədinə çatır. Ya sevmədiyi adam bu dolaşıqdan zərər gördüyünə görə qazanır, ən yaxşı halda isə daha bir müddətlik vaxt udur.

Qurbanlarından istifadə edib sonra rahatca tərk edə bilirlər

Şirkətin içində mütləq şəkildə siyasətçinin yaxınlıq etdiyi adamlar olur. Bunlar da adətən ya özləri kimi siyasətçilər, ya da özləri də bilmədən qurbanlar olur. Məsələn, önəmli məsələlərdə istədiyi qərarı qəbul etdirmək üçün siyasətçi heç vaxt masada hamının ilk eşidəcəyi fikri söyləməz. Öncə o fikrə görüşə qədər tərəfdar tapmağa çalışar.

Görüşə qədərki “tərəfdarlar” görüş zamanı onun əlini gücləndirəcək, müzakirə zamanı səs çoxluğu qazanacaq.

Siyasətçilər üzdə yaxın göründükləri adamı heç kimin gözləmədiyi anda rahatca “rasxoda da verə bilər”. Təbii olaraq, belə adamlar üçün haqq, ədalət, kişi kimi hərəkət etmək və s. nisbi məsələlərdir. Hətta bunu edib sonra məclislərdə falan “hər işdə siyasət olmalıdır, işdə rəqabət uğrunda mübarizədə hərə öz oyununu oynamalıdır kimi sözlər” də səsləndirə bilərlər.

Bu isə əslində etdiyi pisliyə siyasət donu geyindirməkdən başqa bir şey deyil. Məsələn, deyirsən ki, “ay kişi filan məsələdə niyə filankəsin haqlı olduğunu demədin, deyəcək ki, “sən bilmirsən, onu indi deməyin yeri deyildi”.

Sanki bu 3-4 addım qabağı ölçüb-biçib, bilir nə edir. İşdəki siyasətçilər bu cür qurbanlarından rəqiblərini vurmaq üçün də istifadə edir. Məsələn, hansısa şöbənin rəhbərinə hələlik gücü çatmır özü nəsə desin, qurbanı vasitəsilə onu “vurmağa başlayır”.

Özünü təbii olaraq bu məsələlərdən də “xəbərsiz” kimi aparır. Və ya tərsinə vurmaq istədiyi adamın tabeçiliyində olan bir nəfəri öz tərəfinə çəkib oyunu onla oynayır. Axırda da iş çətinə düşsə, həmin qurbanı rahatca tərk edir.

Ardı var...











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Oxu.Az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə