«Ürəyinizcə olan işi tapın, onda siz həyatınız boyu işləməli olmayacaqsınız»— Konfutsinin aforizmi günümüzün devizinə çevrilib. Bəs hansı işi sevəcəyimiz barədə zərrə qədər təsəvvürümüz yoxdursa, nə edək? Biznes-jurnalist Rebekka Bern-Kallander uğurlu insanların tətbiq edərək bəhrəsini gördüyü 7 bəsit məşğələni təqdim edir.
Bu problemlə universiteti yeni bitirmiş və öz yolunu seçmək istəyən gənclər də rastlaşır, karyerası durğunluq dövrünü keçirən mütəxəsssislər də.
1. Özünüdərketmə üçün 3 sual verin.
— Bezmədən, yorulmadan hansı mövzuya aid 500 kitab oxuya bilərəm?
— Maaş almadan 5 il boyunca nə ilə məşğul ola bilərəm?
— Maddi çətinliyim olmasaydı, həyatımı nəyə həsr edərdim?
Bu suallar qəlbinizin dərinliyində unutduğunuz uşaqlıq arzularınızı belə üzə çıxara bilər. Odur ki, yaxşı düşünün.
2. Arzularınızın işinin mütləq pul gətirməli olduğu fikrini beyninizdən atın.
Yazıçı və jurnalist Hanter Tompson bir dəfə demişdi: «Ürəyinizi sürətlə döyünməyə vadar edən şey artıq sizin səylərinizə dəyər».
Elə şey mövcuddur ki, sizə pul gətirməsə belə ona böyük məmnuniyyətlə vaxtınızı və qüvvənizi sərf etməyə hazır olasınız? Başqa işdə çalışaraq pul qazanmaq da olar, yetər ki, sevimli işlə də məşğul olub inkişaf etməyə vaxt qalsın.
3. Nəyi etmək istəmirsinizsə, siyahısını tutun.
Sizə tamamilə yad olan sənət və peşələrin siyahısını tutun. Təzadlar sizə yol göstərəcək. İşgüzar planda kimlərə qibtə edirsiniz, yaxud həsəd aparırsınız? Özünüzü hansı ampluada sınamaq istəyirsiniz, amma hələ ki cəsarətiniz çatmır?
4. Bacarıqlı olduğunuz sferaları dəqiqləşdirin.
Hər hansı bir sferada müstəsna qabiliyyətiniz olmaya bilər, amma bu, o demək deyil ki, sizin hansısa digər sahədə bacarıqlarınız yoxdur. Siz uşaqlıqda, tələbəlikdə hansı bacarığınıza görə digərlərindən seçilirdiniz? Düşünün. Xatırlamağa çalışın. Sırf hansısa müəllimin “sənin gözəl qələmin var” sözünə görə jurnalist olan insanlar var. Sizin hansı bacarığınızı təqdir ediblər?
Bəzən bir neçə bacarığın məcmusu insanın əsl təyinatını müəyyən edir. Dahi olmaq şərt deyil. Vərdiş və bacarıqların unikal kombinasiyası sizi uğura apara bilər. Məsələn, menecment ixtisası üzrə məzun olmuş və proqramlaşdırma işini bacaran, eyni zamanda satış təcrübəsi olan biri IT-şirkətin rəhbəri vəzifəsinə münasib ola bilər.
5. Aydınlanmanı gözləməyin.
Hər gün 20 dəqiqə son dövrlərdə sizdə maraq doğuran şeylər barədə düşünün, yeni imkanları götür-qoy edin.
Yaxınlarınızdan və ailə üzvlərinizdən hansı sahədə özünüzü təsdiq edə biləcəyinizi soruşun. Amma mənfi cavabların sizi ruhdan salmasına icazə verməyin! Sizi sizdən yaxşı heç kəs tanıya bilməz.
Ətrafınızdakıların peşəkar məşğuliyyəti və hobbiləri ilə maraqlanın. Kömək etməyi təklif edin və ya master-klass keçmələrini rica edin. Cəsur olun, eksperiment edin, idmanla, xarici dil öyrənməklə, sənətkarlıq və yaxud əl işi ilə məşğul olun, bəlkə də, öz təyinatınızı bu işlərdən birində tapacaqsınız.
6. Uşaqlıqda nə etməyi sevirdiniz? Xatırlayın.
Rəsm çəkmək və ya hekayələr yazmaq xoşunuza gəlirdi? Bəlkə, gildən nəsə düzəltməyi sevirdiniz? Kuklalara don tikirdiniz? Uşaqlıq həvəsiniz hələ də sönməyibsə, niyə də onu daha professional səviyyəyə çatdırmayasınız?
Məsələyə bir az həzin də yanaşa bilərik. Həyatınızın son 20-30 ilini yaşadığınızı düşünün. Bu son illərdə nə ilə məşğul olmaq istərdiniz?
7. Vizualizasiya tətbiq edin.
Düşünün ki, səhər tezdən durmusunuz, çarpayıdan atılıb tez əyninizi geyinirsiniz. İşə getməyə can atırsınız. Mənzərəni tamamlayın: Hara gedirsiniz? Ofis necə görünür? Bu gün nə ilə məşğul olacaqsınız?
Müəllif: Nigar Umaxanlı
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banco.az