İş vaxtından əlavə iş prosesi necə tənzimlənir?

24 iyun, 2020 1 1 215


İş vaxtından əlavə iş prosesi necə tənzimlənir?


Əmək Məcəlləsinə əsasən, işəgötürən müstəsna hallarda işçini müəyyən olunmuş iş vaxtından artıq müddətdə işə cəlb edə bilər. Bu zaman hər iki tərəfin razılığının olması mütləqdir və bu cür işə cəlb olunma işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Bu məsələdə diqqət yetirilməli olan məqamları iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

Tutaq ki, işəgötürənin qərarına əsasən, işçi 2 iş günü ərzində hər gün işdən sonra 3 saat işləməlidir. Əmrdə qeyd edilir ki, işçi həftənin bazar ertəsi və çərşənbə axşamı saat 18:00-dən 21:00-dək əlavə işə cəlb edilir. Bu cür əmrin verilməsi düzgün hesab edilmir. Çünki dalbadal gələn iki iş günü ərzində işçi cəmi 6 saat işləyəcək ki, bu da əmək qanunvericiliyinin tələbinə ziddir. Maddədən göründüyü kimi, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə daha az müddət müəyyən edilib: əmək şəraiti ağır və zərərli olan iş yerlərində dalbadal gələn iki iş günündə işçi əlavə işə iki saatdan çox cəlb edilə bilməz.

İşçinin iş vaxtından əlavə işə cəlb edilməsinin əsaslandırması olmalıdır. Əmək Məcəlləsinin 101-ci maddəsində işçinin iş vaxtından artıq işə cəlb edilməsinə yol verilən müstəsna hallar qeyd edilib. Buraya dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi və ya işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti halları aiddir.

Məsələn, mühasib dövlət qurumlarına hesabatların təqdimi və ya dövlət orqanlarından gələn sualların cavablandırılması ilə əlaqədar iş vaxtından artıq işləyə bilərmi? Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, işçi bu cür işləri iş vaxtında yerinə yetirməlidir. Amma mümkündür ki, işlərin çoxluğundan dövlət orqanının müəyyən etdiyi müddətdə hesabatı təqdim etməkdə problemlər yaransın.

Misal 1. Tutaq ki, işçi hesabatı hazırlamasına baxmayaraq, vergi orqanının serverində problemlər yaranıb. Hesabatın verilməsinin son günü olmasını nəzərə alaraq işəgötürən işçinin razılığı ilə qərar verir ki, işçi iş vaxtından sonra 2 saat əlavə işə cəlb edilməklə müvafiq hesabatı təqdim etməlidir.

İş vaxtından əlavə görülən işə görə əməkhaqqı necə hesablanır?

İşəgötürənin işçini iş vaxtından artıq işə cəlb etməsi ödənişli əsaslarla həyata keçirilməlidir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməkhaqqı aşağıdakı kimi ödənilir:

- əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
- əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əməkhaqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Maddənin tələblərini misalla izah edək.

Misal 2. Fərz edək ki, işçinin 2019-cu ilin oktyabr ayı üzrə əməkhaqqı 600 manatdır. Oktyabr ayı üzrə 23 iş gününün olmasını nəzərə alsaq, ay ərzində normal iş saatı 184 (8x23) saat təşkil edir. Deməli, işçinin bir saata düşən əməkhaqqı 3,26 manatdır. İşçi oktyabr ayı ərzində 5 saat əlavə işə cəlb edildiyi halda, ona əlavə olaraq 32,60 manat (3,26x5x2) əlavə əməkhaqqı ödənilməlidir.

Misal 3. İşçi iş günü ərzində 3 saat həcmində natamam iş vaxtı ilə çalışır və 2019-cu ilin oktyabr ayı üzrə əmək haqqı 600 manatdır. Oktyabr ayı üzrə 23 iş gününün olduğunu nəzərə alsaq, ay ərzində işçinin iş saatı 69 saat (3x23) təşkil edir. Bu zaman işçinin bir saata düşən əməkhaqqı normal iş saatından fərqli - 8,69 manat olmalıdır. İşçi oktyabr ayı ərzində 5 saat əlavə işə cəlb edildiyi halda, ona əlavə olaraq 86,96 manat (8,69x5x2) əməkhaqqı ödənilməlidir.

Əmək qanunvericiliyinin digər tələblərində olduğu kimi, əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənişi minimal tələbdir. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

Misal 4. İşəgötürən işçi ilə əmək müqaviləsində istehsalatda boşdayanmanın yaranmasının qarşısını almaq məqsədilə iş vaxtından artıq çalışan işçilərə əlavə iş saatına görə ikiqat yox, dördqat məbləğdə əlavə əməkhaqqı ödənilməsi barədə qərar verir. İşəgötürən bu cür qərar vermək səlahiyyətinə malikdir. Əmək Məcəlləsində nəzərdə tutulandan aşağı dərəcə ilə ödəniş etməyə isə yol verilmir.

Sual. İş vaxtından əlavə iş saatlarına görə işçiyə əlavə istirahət günləri vermək olarmı?

Təcrübədə rast gəlinən hallardan biri də işəgötürənin iş saatlarından əlavə işə cəlb olunan işçiyə əlavə əməkhaqqı ödəmək istəməməsidir.

Misal 5. Tutaq ki, işçi oktyabr ərzində 4 saat əlavə iş saatına cəlb olunsa da, işəgötürən həmin 4 saata görə ikiqat əməkhaqqı ödənişi əvəzinə, ona həftənin bir iş günü istirahət verildiyini rəsmiləşdirir. Hətta əmrin verilməsi üçün işçinin razılıq ərizəsi də alınır. İşçinin iş vaxtından artıq işlərin görülməsinə cəlb edilməsinin bu formada rəsmiləşdirilməsi əmək qanunvericiliyinə ziddir: Əmək Məcəlləsinin 165-ci maddəsinin 3-cü hissəsinə əsasən, iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Vergiler.az
Oxşar məqalələr
Şərhlər
Kaylyn17 sentyabr 2024, 22:36
I know this if off topic but I'm looking into starting my own weblog and
was wondering what all is required to get setup? I'm assuming having a blog like yours would cost
a pretty penny? I'm not very internet savvy so I'm not 100% certain. Any
tips or advice would be greatly appreciated. Appreciate it

Take a look at my site ... Chamia
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə