“Work.ua” 10 dil bilən Benni Lyuisin verdiyi tövsiyələri dərc edib. Poliqlot hər hansı dillə üç ay məşğul olduqdan sonra həmin dilin daşıyıcıları ilə tam sərbəst ünsiyyət qura biləcəyinizi iddia edir.
Məktəbdə Benni Lyuis aşağı qiymətlər alan şagird idi. Qavrama qabiliyyətinin, təhsildə çətinliklərinin səbəbinin öyrənilməsi üçün hətta həkim konsultasiyasına da göndərilib. Ancaq Lyuisin 21 yaşı tamam olanda hər şey dəyişdi.
O, xarici dillərə maraq göstərməyə başladı və onları asanlıqla mənimsəmə sistemini yaratdı. Bu gün Benni on dildə səlis danışır, dünyanı gəzir və bildiyi dillərlə kifayətlənmək niyyətində deyil.
Benninin metodikasında əsas tövsiyə mükəmməllikdən imtina etməkdir. Dildə mükəmməl danışmağa və minlərlə söz işlətməyə ehtiyac yoxdur. Heç ana dilimizdə lüğətdəki bütün sözlərdən istifadə etmirik.
Öyrənərkən nədənsə xarici dilləri məktəb fənninə çevirməyə çalışırıq. Yəni bir proqram qururuq, qrammatika dərsləri keçirik, sözləri mövzular üzrə öyrənirik. Hər kəs səlis danışmaq istəyir və bu hədəfə o qədər aludə olur ki, heç çata bilmir. “Work.ua” Benni Lyuisin xarici dili asanlıqla mənimsəmək üçün məsləhətlərini sizinlə bölüşür.
S.M.A.R.T. Smart Goal Sistemindən istifadə edin.
Ağıllı (S.M.A.R.T.) hədəflər konkret, ölçüləbilən, əldə edilə bilən, aktual, zaman limiti olan məqsədlərdir.
Ən son hədəfi müəyyənləşdirmədən xarici dillərin keyfiyyətli öyrənilməsini təsəvvür etmək mümkün deyil. Adətən yeni il üçün bir plan qurarkən qarşımıza “ispan dilini öyrənmək” məqsədini qoyuruq. Bəs, həqiqətən, uğur əldə etdiyimizi necə başa düşəcəyik?
Məqsəd budursa, ona nail olduğunuzu necə müəyyənləşdirirsiniz? “Bulanıq” hədəflər dibsiz quyu kimidir. Məsələn, “Mən hələ hazır deyiləm, çünki dili hələ tam mənimsəməmişəm”.
Məsələn, özünüzə deyin: “Növbəti üç ay ərzində ingilis dilində ən çox istifadə olunan 300 sözü öyrənəcəyəm. Onlardan istifadə edərək bir hekayə yazacağam. Və dilin daşıyıcısı o hekayədə iyirmidən çox səhv tapa bilməyəcək”. Bu halda hədəfə çatma ehtimalı, həmin dildə normal ünsiyyət qurmaq şansı daha yüksək olacaq.
Düzgün sözləri düzgün şəkildə öyrənin.
Xarici dilləri öyrənmək yeni sözlər öyrənməyi əhatə edir. Əlbəttə ki, insanların çoxu zəif yaddaşa sahib olduğunu bəhanə edərək işə ciddi başlamazdan əvvəl atırlar. Ancaq məsələ bundadır ki, ifadəli danışmaq üçün dilin bütün sözlərini bilməyə mütləq ehtiyac yoxdur. İngilis dilində təxminən 300 söz bütün yazılı materialların 65%-ni təşkil edir. Məhz bu sözlər yeni bir dil mühitinə “qərq ola bilmək” üçün kifayət edir.
Hər halda 300-400 sözü yadda saxlaya bilərsiniz. Gündə bir neçə söz öyrənməyi təklif edən onlarla tətbiq mövcuddur. Didaktik kartlar hazırlaya və nəqliyyatda təkrarlaya, evin divarlarından və masanın ətrafından asa bilərsiniz.
“Qohum” sözləri öyrənin: Bunlar istənilən dildə dostlarınızdır.
Qəribə də səslənsə, dili öyrənməyə başlamazdan əvvəl də həmin dildə kifayət qədər söz bilirsiniz. Əlaqəli sözlər (koqnatlar) əsl dostlarınızdır, ana dilinizdəki alternativlərinə bənzəyirlər və xarici dildə də eyni mənanı daşıyırlar.
Məsələn, roman dil qrupuna aid dillərdə (ispan, italyan, fransız, portuqal və s.) həm öz aralarında, həm də german dil qrupuna (ingilis, alman və s.) oxşar çox sayda eyniköklü, oxşar səslənən sözlər mövcuddur.
Hətta slavyan dillərində (ukrayna, rus, belarus, çex, polyak və s.) bayaq sadalanan iki qrupdan götürülmüş sözlərin sayı çoxdur. Məsələn:
Bacı: сестра— rus, sister — ingilis, søster — norveç, danimarka, schwester — alman, sorella — italyan, soeur — fransız.
Gecə: ночь — rus, ніч — ukrayna, night — ingilis, nacht — alman, noche — ispan, notte — italyan, noz — breton, kelt, νύχτα (nýchta) — yunan.
Təcrübə olsun deyə “Google”a ”rus və ingilis dillərindəki oxşar sözlər” yazın və axtarışın nəticələrindən istifadə edin.
Mnemonik lüğət ehtiyatınızı artırın.
Lyuisin sözlərinə görə, qarmaqarışıqlıq kifayət deyil və mnemonikadan sözləri yadda saxlamaq üçün istifadə etmək çox məqsədəuyğundur. Bu, yaddaşınıza hər hansı sözü həkk etməyə kömək edəcək.
Mnemonika yadda saxlamağı asanlaşdıran üsulların məcmusudur.
Məsələn, “shrug” (çiyinlərini çəkmək) sözünü yadda saxlamaq lazımdır. Bunu etmək üçün sözü və onun tərcüməsini xatırlamağa imkan verəcək bir növ vizual görüntünü xəyal edin. Məsələn, Şrek çiyinlərini çəkir. Bu sözü eşidən kimi dərhal bu görüntünü, sonra sözün tərcüməsini xatırlayacaqsınız.
Özünüz “mem”lər yarada bilərsiniz və ya çoxdilli “Memrise” kimi saytlarda axtarış edə bilərsiniz.
Dil mühitinə nüfuz etməyə çalışın.
Müasir texnologiyalar bunu çox çətinlik çəkmədən və təyyarə bileti olmadan da etməyə imkan verir.
Onların necə danışdıqlarını görmək üçün “Youtube”da videolara və sevdiyiniz seriala lazım olan dildəki dublyajla baxın. Bir çox xəbər mənbələri, o cümlədən “France24, “Deutsche Welle”, “CNN Español” və başqaları öz saytlarında müxtəlif dillərdə videolar təqdim edir.
Oxumaq təcrübəsi əldə etmək üçün yalnız xəbər saytlarını deyil, həm də maraqlı bloqlar və digər faydalı mənbələrdən yararlana bilərsiniz.
Gündəlik praktika üçün “Skype”da söhbət edin.
Beləliklə, artıq ehtiyac duyduğunuz dildə dinləyirsiniz, izləyirsiniz və hətta oxuyursunuzsa, böyük bir addımın vaxtı gəlib çatıb: Dilin daşıyıcısı ilə bu dildə canlı danışmaq. Nə qədər tez danışmağa başlasanız, dil bir o qədər tez möhkəmlənəcək. Səhvlər buraxaraq, asta-asta da olsa, danışın!
Lyuis interneti bir dili öyrənmək üçün ən yaxşı vasitələrdən biri adlandırır, çünki o, bütün dövlət sərhədlərini silir. Pulsuz “Skype” danışıqları və “native speaker”lərlə həyata keçirilən ucuz dərslər harada olmağınızdan asılı olmayaraq həmin dildə ünsiyyət qurmağa imkan verir.
Səhvlər et və davam et
Ana dilinizlə öyrənilən dil arasındakı fərqlər yadda saxlamağınız lazım olan bir lüğət və qrammatika qaydaları şəklində təqdim olunur. Ənənəvi fikir: Hamısını öyrənəndə dili biləcəksiniz. Məntiqli səslənir, düzdür?
Problem ondadır ki, dili öyrənmək ondan istifadə etməyə alışmaq deməkdir. Bu sizin bilə biləcəyiniz və bilməyəcəyiniz bir şey deyil, insanlar arasında ünsiyyəti nəzərdə tutan anlayışdır.
Dillər öyrənilə bilməz, istifadə edilməlidir.
İlkin mərhələdə edə biləcəyiniz ən yaxşı işlərdən biri də hər şeyi mükəmməl etməyə çalışmamaq, səhv edə biləcəyinizi etiraf etməkdir. Benni Lyuis gündə ən az 200 səhv etdiyini söyləyir, buna görə də dildən istifadə edir, biliklərini təkmilləşdirir.
TED çıxışında məşhur poliqlot öz uğurunun sirrini belə əsaslandırıb.
Yeni başlayanlar üçün problem materialı mükəmməl öyrənmək istəyidir, buna görə irəliləmədən bir yerdə ilişib qalırlar. Benninin tövsiyəsi mükəmməl olmağa çalışmamaqdır. Səhvlərinizlə yaşamağı və özünüzü o dilin mühitində rahat hiss etməyi öyrənin. Çünki bunlar öyrənməyin və uğurunuzun ayrılmaz hissəsidir.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Finco.az