Bizə çox zaman yaşadığımız ölkədəki qanunlar, qanunsuzluqlar, sistematik problemlər irəliləməyə mane olur. 34 yaşında olan bir şəxs mənə yazaraq yaşına görə iş tapa bilmədiyini dedi.
Harada yazılıb ki, bu yaşda insan işə götürülə bilməz? Aydın məsələdir ki, bu, açıq-aşkar diskriminasiyadır. Bundan əlavə, mən burada işə götürənlərin səriştəsizliyini hiss edirəm.
Azərbaycanda 45-50 yaşından yuxarı insana hər sahədə (evlilik, iş tapmaq, övlad sahibi olmaq, əylənmək və s.) ‘vaxtı keçib’ davranışı sərgiləndiyi üçün 34 yaşında bir insan da iş üçün ‘yaşlı’ sayıla bilir. Bu, işin mentalitet tərəfidir. Bəs yaxşı işəgötürənin peşəkarlığı harda qaldı?
İşəgötürən şəxs (rekruter) peşəkardırsa, belə stereotiplə namizədlərə yanaşa bilməz. Yalnız o halda ki, məsələn iş yerində hər kəs 18-25 yaş arasındadır və 34 yaşlı insan komandanın enerjisinə, dünya görüşünə, gözləntilərinə uyğun gəlməsin. O halda belə, siz 34 yaşlı o şəxslə ən azı telefon müsahibəsi etməlisiniz. O şəxsin arzu və istəklərini, iş tempini, dəyərlərini müəyyən etdikdən sonra sizə uyğun olub-olmadığına qərar verə bilərsiniz.
Əlbəttə ki, bu telefon müsahibəsinə qədər onun #CV-dəki bilik, bacarıq və təcrübəsi işi görməyə uyğun olmalıdır. Uyğun gəldikdən sonra belə, siz onun yaşına görə müsahibəyə dəvət etmirsinizsə, ayrıseçkilik etmiş olursunuz.
Yaşadığımız ölkədə, cəmiyyətdə qarşılaşdığımız sistematik ayrıseçkiliklər onun kənarında düşünməyi bizim üçün çətinləşdirir.
Məsələn, mənim olduğum ölkədə 1 il müddətində getdiyim müsahibələrdə əksər işəgötürən işləmək icazəsinə görə işə götürməyin çətin ya da onlara uyğun olmayacağını deyirdi. Burada yaşayan dostlarımın da iş tapmaqda yaşadığı çətinliklər bu inancı möhkəmləndirirdi.
Mən də bir müddət sonra yorulub ancaq öz biznesimə - kouçinqə yönəlməyə başladım. Bunu etməyə başlayan kimi, bir təklif aldım. Bu təklifdə hər şey mənə çox uyğun idi, üstəlik iş icazəsini almaq da şirkət üçün heç sorğu-sual mövzusu deyildi.
Hər-hansı bir sistemin içində uzun müddət yaşamaq, orada eyni problemlə dəfələrlə qarşılaşmaq insanı öyrəşdirir. Bizim eyni çətinliklə yenə qarşılaşacağımıza inamımız möhkəmlənir və bunun kənarında düşünə bilmirik.
Əlbəttə əgər əlinizdə vaxt, enerji və imkanlar varsa, süni əngəllərin (yaş, cinsiyyət və s.) qarşınıza qoyulması ilə mübarizə aparmaq lazımdır. Bununla paralel olaraq aradabir sistemin kənarına çıxmaq sizi depressiyaya düşməkdən, ümidsizliyə qapılmaqdan qoruyacaq. Çünki sistemin kənarında başqa reallıqlar var və biz öz reallığımızı yaratmaqda məsuluq.
Siz iş axtararkən hansı ayrıseçkiliklərlə qarşılaşmısınız? Sizi seçməyəndə hansı səbəbi göstəriblər? Belə olan halda siz necə davranmısınız?
Müəllif:
Leyla Surxayzadə
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com