Uilyam Ceymsin bir vaxtlar söylədiyi kimi, “bütün həyatımız sadəcə vərdişlər toplusudur — praktik, emosional və intellektual”.
Bu vərdişlər müasir dünyada həyatın faydalı bir təkamül xüsusiyyətidir. Bunlar bizə sadə qərarları sürətlə qəbul edərək zehni enerjimizi daha vacib işlər üçün saxlamağa imkan verir. Hər hansı bir işlər qrupu vərdişə çevrildikdə beynimiz vahid bir iş kimi qəbul edir və onu instinktiv olaraq asanlıqla görürük. Rutin insanların qərarların qəbulundan qaynaqlanan yorğunluğunu azaldır.
Yaxın bir neçə ay ərzində bütün dünyada insanlar şəxsi və peşəkar vərdişlərində kəskin dəyişikliklərlə üzləşəcəklər, bunlardan ən əhəmiyyətlisi isə distant iş rejiminə qəfil keçiddir.
Sizin və komandanızın aşağı stresslə, üstəlik, əmək məhsuldarlığını qoruyaraq çalışmağınız üçün mütəxəssislərin məsləhət gördüyü strategiyalara nəzər yetirin.
1. Gündəlik cədvəlinizə əməl edin
Uzaqdan işləyərkən də əvvəllər əməl etdiyiniz məsələlərə diqqət yetirin. “Eyni vaxtda durmağa çalışın və işə hazırlaşarkən etdiyiniz hər şeyi edin”, — Ratgers Menecment və Əmək münasibətləri məktəbinin (Rutgers School of Management and Labor Relations) professoru Uilyam Kastellano “The New York Times”a müsahibəsində qeyd edib.
Gününüz adətən görüşlə başlayırsa, onu “Zoom” və ya “Google Hangouts”da təşkil edin. Ofisə getməzdən əvvəl trenajor zalında məşq edirdinizsə, evdə də idmanla məşğul olmağa davam edin. Dəyişən bütün amilləri nəzərə alaraq bəzi vərdişləri qoruyub saxlamaq keçidi az stressli edir.
Gün ərzində fasilələr etməyi unutmayın. Tədqiqatlar beyinin istirahətinin yaradıcı potensial, məhsuldarlıq və öyrənmə qabiliyyətini artıra biləcəyini göstərib. Buna görə də gəzişin, dua edin, sevimli qəhvənizi dəmləyin və ya sadəcə xəyal edin – beyin qabığınızın bir müddət dincəlməsinə imkan verən istənilən şeyi edin.
2. Sizinlə eyni məkanı bölüşən insanlarla əsas qaydaları müəyyənləşdirin
Nəzərə alsaq ki, hər kəs öz komfort zonasından kənarda fəaliyyət göstərir, ev sakinləri ilə sərhədləri müəyyənləşdirmək lazımdır. Nyu-Yorkda fəaliyyət göstərən psixoloq və “Emosional ilk yardım” kitabının müəllifi Qay Vinç evdə iclas keçirdib bir neçə sual verməyi tövsiyə edir:
* İş saatlarımız necədir?
* Zəngə cavab verməli olanda hansı otağa keçirik?
* Fərdi iş yerlərimiz harada yerləşəcək?
* Uşaqlara kim və nə vaxt baxır?
Qoyulmuş əsas qaydalar sayəsində bütün iştirakçıların günlərini planlaşdırması və işlərini səmərəli təşkil etməsi asanlaşır.
3. Komandanızı uğur qazanması üçün infrastrukturla təmin edin
Resursların məhdud olmasına baxmayaraq, bütün avadanlıqlarınızın əlinizin altında olması üçün səliqəli, mütəşəkkil bir iş sahəsi yaratmaq üçün əlinizdən gələni edin.
Məsələn, “JotForm” şirkəti COVID-19 böhranı ərzində əməkdaşlar üçün rahat iş yeri yaratmaq məqsədi ilə onların ofis mebeli və material alınmasına görə müraciət etmələrini tövsiyə edir. İşçilər üçün zəruri olan şeylər ünvanlarına çatdırılır. Həmçinin kommunikasiya proqram təminatı vasitəsilə əməkdaşlarla əlaqə saxlanılır. Rəhbərlik “Discord”dan istifadə edərək ayrıca kanal yaradır ki, bu da virtual ünsiyyət üçün həmişə əlçatan olmağa imkan verir.
4. Evin ofislə eyni olmadığı fikri ilə barışın
#WFH, yəni evdən işin yolda vaxt itirməmək, hər gün naharda ev yeməyi yemək, bütün gün pijamada gəzə bilmək kimi bir sıra üstünlükləri olsa belə, bəzi çatışmazlıqları var. Məsələn, diqqəti yayındıran məqamlar, məişət problemləri, ofislə əlaqə saxlamağın çətinliyi və s.
Bundan başlaya bilərsiniz: Evdə ofisdə nümayiş etdirdiyiniz məhsuldarlıqla işləyə bilmədiyinizə görə özünüzü bağışlayın. Tədricən praktikanın köməyi ilə məhsuldar olmağın yeni üsullarını tapacaqsınız. Tədqiqatlar göstərir ki, narahatlıq qərar qəbul etmə bacarığına təsir göstərir, odur ki, təmkininizi qoruyun.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banco.az