Müsahibələrdə iştirak edən namizədlərin əksəriyyəti “eyçar”ların yersiz və mənasız (!) suallar verdiklərini düşünürlər. Ən yersiz hesab edilən ilk üçlüyə düşən suallar isə bunlardır:
• Mənə özünüz haqqında danışa bilərsiniz?
• Özünüzü 5 il sonra harada görürsünüz?
• Əmək haqqı gözləntiniz nə qədərdir?
İlk yazım “mənə özünüz haqqında danışa bilərsiniz” sualı haqqında olacaq.
I hissə
Fərz edin, iş müsahibəsinə gəlmisiniz, müraciət etdiyiniz sahə üzrə bilik və bacarıqlarınız nümayiş etdirməkdən ötrü çıxış, prezentasiya hazırlamısınız, yaxud portfolionuzu təqdim etməyə hazırlaşırsınız, müsahibə götürən tərəf etinadsızlıqla bunların heç birinə fikir vermədən Sizə “romantik” bir sual ünvanlayır:
- Mənə bir az özündən danış...
***
Bu suala iki fərqli yanaşma mövcuddur.
Birinci yanaşma: bir sıra namizədlərdə bu sual gərginlik və həyəcan yaradır. Elə düşünürlər ki, nəyisə artıq və ya əskik desələr, qarşı tərəfin xoşuna gəlməyəcək və onları işə qəbul etməyə bilərlər.
İkinci yanaşma: namizədlərin böyük əksəriyyəti düşünür ki, əgər müsahibə aparan tərəf namizədin CV-sı ilə tanış olmuşdursa, o zaman oradakı məlumatları yenidən təkrar etməyə nə ehtiyac var?
İlk baxışdan haqlı irad kimi görünə bilər.
Lakin edə biləcəyimiz bir şey yoxdur: sual verilib, biz isə ona cavab verməliyik və başlayırıq:
- Mən, ......., XXXX-ci ildə ....... şəhərində dünyaya göz açmışam. .....-ci ildə N saylı məktəbə daxil olmuşam... - Beləcə keşməkeşli həyat tarixçəmizi göz önümüzdə canlandırıb, entuziazmla danışmağa başlayırıq.
Əslində, bir az kobud da səslənsə də, müsahibə götürən İR mütəxəssisləri üçün Sizin özünüz haqqında danışdığınız geniş avtobioqrafiya heç maraqlı deyil. Öz təcrübəmə əsaslanaraq onu deyim ki, mənim bu sualı verməkdə məqsədim müsahibin danışıq tərzinə, diksiyasına, cümlə qurmaq bacarığına, bədən dilinə, etikasına və ən əsası da, müraciət etdiyi vakansiyaya uyğun olub olmadığına diqqət yetirməkdir. Öyrənmək istədiyim müsahibin hansı ildə orta məktəbə gedib, hansı ildə universitetdən məzun olduğu deyil. Fərz edin, sualı ünvanlanıb, alınan cavab isə belədir: “Nə bilmək istəyirsiniz ki”? Həm də kobud tonda. Namizədin aqressiv olduğu stress müsahibəsinə ehtiyac olmadan meydana çıxdı.
Bu sualın səhv və ya düz cavabı da yoxdur. Sual sizin qabiliyyətlərinizi aşkarlamaq üçündür. Özünüz haqqında 2-3 maraqlı faktı təqdim etmək üçün əla fürsətdir.
Tutaq ki, siz layihə rəhbəri vakansiyasına müraciət etmisiniz. Özünüz barədə danışarkən, ən çox rəhbərlik və liderlik qabiliyyətlərinizi göstərən detallara yer verməlisiniz. Məsələn: “Mən ......-ci ildə universiteti bitirdim” yox, “Mən universitetdə oxuyarkən qrup nümayəndəsi idim. Qrup yoldaşlarımla müxtəlif tədbirlər təşkil edirdik. .....-ci ildən məzun olanadək həm də universitetimizin “Nə? Harada? Nə zaman?” komandasına rəhbərlik edirdim”. Bu iki sadə faktla namizəd artıq özünün rəhbərlik və liderlik qabiliyyətlərini qarşı tərəfə çatdırmış oldu.
Sual həm işəgötürən, həm də namizəd üçün müəyyən mənada əhəmiyyət kəsb edir. İşəgötürənin məqsədini izah etdik. Bəs namizədə bu sual nə verir?
Bildiyimiz kimi, CV-də sadəcə konkret məlumatlar göstərilir. Məsələn, ixtiyari şirkətdə işlədiyimiz dövr, tutduğumuz vəzifə və yerinə yetirdiyimiz vəzifə öhdəlikləri. Konkret və şablon təsvir. “Özünüz haqqında danışa bilərsinizmi?” sualı sizə əmək fəaliyyətinizi daha geniş təsvir etmək, işlə əlaqədar başınıza gələn maraqlı hadisələri danışmaq, ağlınızda olan kreativ və maraqlı ideyalar paylaşmaq imkanı yaradır.
Bir az özünüzdən bəhs edə bilərsiniz?
Həmçinin oxuyun:
Müsahibə sualları: 5 il sonra özünüzü harada görürsünüz?... (2. hissə)Müsahibə sualları: Biz sizi niyə işə götürək?... (3. hissə)Müəllif:
Sevinc Qarakişiyeva
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com