Nədənsə, ən çox “qıcıq” yaradan suallardan biri də “özünüzü 5 il sonra harada görürsünüz” sualıdır. Sosial şəbəkələrdə, ələlxüsus da Linkedİn seqmentində çox az adam tapılar ki, bu sualdan xoşu gəldiyini yazsın. Sualı başqa cür də qoymaq olar:
• Gələcək üçün planlarınız nədir?
• Karyera hədəfləriniz haqqında danışa bilərsiniz?
Yenə eyni təsiri bağışladı?
Ümumiyyətlə, necə qoyulursa qoyulsun, bu sual heç də hesab edildiyi kimi mənasız, boş, yersiz sual deyil. İşəgötürən tərəfindən doğru zamanda və doğru şəkildə verilmiş bu suala namizədin verdiyi səmimi cavab hər iki tərəf üçün çox böyük əhəmiyyət kəsb edir.
Müsahibədə bu sualın verilməsinin əsas məqsədi müsahibin ambisiya və hədəflərini müəyyənləşdirməkdir. Mütləq deyil ki, münəccim kimi 5 ildən sonra nə baş verəcəyini dəqiq bir şəkildə qarşı tərəfə izah edəsiniz. Qısaca olaraq məqsədlərinizdən, arzu və xəyallarınızdan bəhs edə bilərsiniz.
Suala səmimi və doğru cavab verməyin mənfi və müsbət tərəfləri var. Əgər İşəgötürən sizin çox ambisiyalı və hədəfli olduğunuzu görərsə, lakin təmsil etdiyi şirkət sizə məqsədlərinizə doğru irəliləmək imkanları yarada bilməyəcəksə, çox güman ki, sizi işə götürməsinlər. Çünki elə müsahibə ərəfəsində məlum olacaq ki, sizin karyera strategiyanız şirkətin mövcud strategiyası ilə üst-üstə düşmür.
Digər tərəfdən, müsahibə zamanı bu suala verilən:
- Heç bilmirəm nə deyim;
- Heç vaxt bu barədə düşünməmişəm;
- Sabah başıma nə gələcəyini bilmirəm, 5 il sonra nə olacağını haradan bilim – tipli cavablar qətiyyən qəbuledilməzdir. Belə cavablar sizin ətalətli, irəliləyişi sevməyən, laqeyd biri kimi təsir bağışlamağınıza səbəb olacaq. Həmçinin şəxsi həyatınızla bağlı planlar da bu sualın cavabı deyil. Məqsəd sizin şəxsi yox, iş həyatınızın müzakirəsidir.
Suala: “öz şəxsi biznesimi qurmağı düşünürəm” – cavabı da uyğun deyil. Çünki İşəgötürəndə bu cavabdan sonra şüuraltı olaraq elə bir fikir formalaşacaq ki, siz iş vaxtında ancaq 5 ildən sonra quracağınız şəxsi biznesinizlə məşğulsunuz və hal-hazırda işlədiyiniz Şirkət üçün heç bir səy göstərmirsiniz.
Suala cavab verərəkən, yuxarıda da qeyd etdiyim kimi, ambisiyalı olduğunuzu və qarşınıza hədəflər qoyduğunuzu vurğulaya bilərsiniz. LinkedIn-də bir neçə dəfə “Özünüzü 5 il sonra harada görürsünüz” sualı ilə bağlı postlarla qarşılaşmışam. Bir neçə dəfə belə bir cavab oxudum:
“Mənə bu sualı verdilər, cavab verdim ki, belə lap sizin yerinizdə görürəm özümü. “Eyçar” pərt oldu”.
Açığı, belə cavabı oxuyub mən də pərt oldum. Hər nə olursa, olsun, müsahibə kimisə pərt etmək və bundan zövq almaq prosesi deyil. Təcrübəsiz “eyçar”lar olduğu qədər, təcrübəsiz namizədlər də var. Bəlkə suala belə kobud və rişxəndlə cavab verməklə indiyədək “eyçar”lardan yığdığınız hirsinizi boşaltmış ola bilərsiniz, amma nəzərə alın ki, sualın cavabı ilə artıq arzuolunmayan namizədlər siyahısına düşdünüz. Digər tərəfdən, doğrudan da gələcək hədəflərinizdə menecer, şöbə rəisi olmaq varsa, “özümü sizin yerinizdə görürəm” yox, “mən də sizin kimi rəhbər vəzifədə çalışmaq istəyirəm”- deyin.
Sualı mütləq vəzifə ilə əlaqələndirmək lazım deyil. Təhsil, özünüz təkmilləşdirmək kimi planlarınızdan da danışa bilərsiniz:
“Qarşıdakı 5 il ərzində öz üzərimdə çalışmağı düşünürəm. İlk əvvəl MBA üzrə təhsil almağı planlaşdırıram. İşlədiyim sahə üzrə bir neçə beynəlxalq kvalifikasiya almağı, 5 il ərzində dil biliklərimi akademik səviyyəyə qaldırmağı qarşıma məqsəd qoymuşam”.
Əgər suala konkret cavabınız yoxdursa, o zaman neytral cavablar verə bilərsniz: “5 il ərzində Şirkətinizin mənə verəcəyi bütün imkanlardan istifadə edərək irəliləmək, bilik və bacarıqlarımı inkişaf etdirmək, yeni təcrübə qazanmaq istəyirəm”. Belə cavab İşəgötürəndə Sizə rəğbət oyadacaq, eyni zamanda əgər işə qəbul olunsanız, bir növ qarşı tərəfdə də məsuliyyət hiss etdirəcək.
Uğurlar!
Həmçinin oxuyun:
Müsahibə sualları: Mənə bir az ondan danış... (1. hissə)Müsahibə sualları: Biz sizi niyə işə götürək?... (3. hissə)Müəllif:
Sevinc Qarakişiyeva
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com