Müsahibə sualları: Biz sizi niyə işə götürək?... (3. hissə)

17 fevral, 2021 0 7 016


Müsahibə sualları: Biz sizi niyə işə götürək?... (3. hissə)


- Biz sizi niyə seçməliyik?
- Çünki sizin işçiyə, mənim də işə ehtiyacım var.


Bu suala hamının ilk ağlına gələn cavab yəqin ki, budur. Amma təbii ki, qarşınızdakı “eyçar” daha kreativ, maraqlı və onu təəccübləndirəcək cavab gözləyir.
Qeyd etdiyimiz sual tək bizdə yox, ümumiyyətlə, bütün dünyada müsahibələr zamanı namizədləri ən çox qıcıqlandıran sualların arasında birinci yerdədir. Bəlkə biz “eyçar”lar bu sualı fərqli şəkildə qoyaq? Məsələn:

- Öz üstün cəhətləriniz barədə danışın.

Bir az “Ən güclü və ən zəif tərəfləriniz hansıdır?” sualına bənzəsə də, “Sizi nə üçün işə götürməliyik?” cümləsini sanki bir az yumşaldır və namizədə azacıq da olsa “ipucu” vermiş oluruq.

Təlimdə iştirak edən tələbələrimlə ara-sıra müsahibələrdə verilən sualları müzakirə edirik. Bu suala onlardan aldığım cavablar təxminən belə olub:

• Mən çox zəhmətkeşəm və məsuliyyətliyəm!
• İnsanlarla dil tapmağı bacarıram!
• Özümü tərifləmək mənə bir az qəribə gəlir. Cavab verməmək də doğru deyil, bilirəm. Bəlkə sizdə bu sualın hansısa şablon cavabı var?

Əgər bu suala cavab tapmaq istəyirsinizsə, birinci növbədə özünüz özünüzə sual verin: “Mən bu işdə və ya şirkətdə niyə işləmək istəyirəm”?
Əgər özünüz bu sualın cavabını bilmirsinizsə, təbii ki, qarşı tərəfi də cavabınızla razı salmaq çox çətin olacaq. Ona görə də mütləq şəkildə müraciət etdiyiniz vakansiyanın tələblərini, şirkəti dərindən araşdırın. Təəssüf hissi ilə onu qeyd edim ki, günümüzün reallığının bir parçası olaraq sırf işləmək və maddi olaraq özünüzü təmin etmək xatirinə müraciət etmisinizsə, əlbəttə ki, bu sual sizi qıcıqlandıracaq, onu yersiz və mənasız hesab edəcəksiniz (anlayışla qarşılayıram).
Məqaləni oxuyanların arasında SWOT analiz haqqında eşitməyən yəqin ki, yoxdur. Bir çox şirkətlər güclü və zəif tərəflərini, qarşılarındakı imkan və onları gözləyən təhlükələri araşdırmaq üçün bu analizi həyata keçirirlər. Tələbələrimə məhz bunu tövsiyə edirəm: “Özünüzün SWOT analizinizi həyata keçirin (bu barədə növbəti yazılarımdan birində ətraflı yazacağam). O zaman tək bu deyil, müsahibədə qarşılaşacağınız digər suallara da cavab tapmış olacaqsınız”.
Qeyd etdiyimiz sual, adətən, müsahibənin sonlarına doğru verilir. Sualı eşitdiyinizdə, bütün hirsinizi-hikkənizi büruzə verməyin. Qarşınızdakı təcrübəli “eyçar”dırsa, o, mimika, davranış və səs tonunuzdan sizin konfliktə meylli olub-olmadığınızı anlayacaq (bu zaman sual bir növ “stress müsahibəsi”ni əvəz edəcək). Beləcə, müsahibənin əvvəlində yaratdığınız xoş təəssüratı da yox edə bilərsiniz.
Sualın məqsədi namizədin özünə inamını və təqdimat bacarığını yoxlamaqdır. Kobud səslənsə də, özünü doğru təqdim edə bilməyən namizəd bəs lazım gəldikdə şirkətin təqdimatını necə həyata keçirəcək?

Sonda tövsiyyəm: bu sualın cavabını həmişə hazır saxlayın. Tək iş müsahibəsi üçün yox, həm də hal-hazırda işlədiyiniz iş yeri üçün. Arada özünüz özünüzə sual verin:

- Mən bu şirkətdə niyə işləyirəm?

Əmək haqqınızın artırılmasını istəyirsiniz. Rəhbəriniz sizə sual verir:

- Əməkhaqqınızı nə üçün artırmalıyıq?

İş yerində daha yuxarı vəzifə boşalıb. Özünüzü o vəzifədə görürsünüz. Yenə də bənzər sualla qarşılaşırsınız:

- Nə üçün sizi təyin etməliyik?

Çox güman ki, özünüzə əmin və rahat bir şəkildə (həm də hirslənmədən) nə üçün daha yüksək əmək haqqına, daha yuxarı vəzifəyə layiq olduğunuzu cavablarınızla əsaslandıracaqsınız (bəs niyə müsahibələrdə eyni şəkildə davranmayasınız ki)?
Bu 3 suala verdiyiniz cavabları ümumiləşdirib gələcəkdə iştirak etdiyiniz müsahibələrdə müzakirə etdiyimiz sualın cavabı olaraq da istifadə edə bilərsiniz.
Cavablarınız və şərhləriniz çox maraqlıdır.

Həmçinin oxuyun:
Müsahibə sualları: Mənə bir az ondan danış... (1. hissə)
Müsahibə sualları: 5 il sonra özünüzü harada görürsünüz?... (2. hissə)

Müəllif: Sevinc Qarakişiyeva











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə