“Başqalarını aldatmaq yaxşı deyil” – yəqin ki, uşaq vaxtı bu ifadəni tez-tez eşitmisiniz. Müəyyən hallarda yalan kimisə xilas edə bilər və biz bunu başa düşürdük. Bəs işə düzəlmək istəyəndə necə? Potensial işəgötürəni aldatmaq olarmı və müsahibə zamanı hansı məqamlarda sussaq, daha yaxşı olar?
Sözün hansı situasiyalarda gümüş, hansılarında isə qızıl olduğunu öyrənmək istəyirsinizsə, bu məqaləni oxumağa davam edin.
Gizli olan hər bir şey gec-tez üzə çıxır
Fakt budur: müsahibəni uğurla başa vurmaq istəyirsinizsə, heç bir halda rekruteri aldatmayın. CV-də heç vaxt sahib olmadığınız bacarıqları və reallıqda mövcud olmayan iş yerlərini qeyd etmək – bu, uğurlu karyera qurmaq istəyən bir insan üçün tabudur. Belə ki, təcrübəli işəgötürən yalanlarınızı asanlıqla başa düşəcək.
Tutaq ki, işəgötürəni aldada bildiniz, bu halda belə yaxşı heç nə alınmayacaqdır. İş yoldaşlarınız qısa zamanda “səlis ingilis dili”nin əslində orta məktəb səviyyəsində olduğunu, “tədbirlərin təşkili sahəsində geniş təcrübə”nin isə yalnız qəhvə sifariş etmək bacarığı ilə yekunlaşdığını başa düşəcəklər.
Buna baxmayaraq, heç kim üçün sirr deyil ki, bəzi məlumatlar insanlara işə düzəlməyə maneə ola bilər. Təşəbbüs göstərib işəgötürənə həyatınızın bəzi təfərrüatları barədə məlumat vermək lazımdırmı? CV-də və müsahibədə hansı məqamlara toxunmasanız, daha yaxşı olar?
İş müddətinin çox qısa olması
Bəzən elə olur ki, iş axtaranın peşə təcrübəsi olduqca mənfidir. Məsələn, əmək kitabçasında əks olunmayan iş müddətinin çox qısa olması – insan səhvə yol verdi, komandanı bəyənmədi və ya vəzifələrinin maraqsız olduğunu başa düşdüyü üçün bir-iki həftə sonra işdən çıxdı. Və ya rəhbərlik tərəfindən işdən çıxarıldı. Necə deyərlər, alınmadı.
Belə qısamüddətli iş təcrübəsi CV-də qeyd edilməlidirmi? CV – namizədin bacarıq və qabiliyyətlərini əks etdirən sənəddir. İki-üç həftə davam edən iş ərzində hansı faydalı bacarıqlar əldə etdiniz? Bizcə, heç birini. Buna görə işəgötürəni bu lazımsız məlumatlardan xilas edin və CV-yə yalnız həqiqətən vacib olan faktları yazın.
Əgər qısamüddətli iş təcrübəni əmək kitabçasında əks olunubsa, rekruter işdən çıxmağınızın səbəbini soruşacaqdır. Şübhəsiz ki, ya müsahibədə, ya da sənədləşmə prosesində. Bu halda işəgötürəni aldatmaq olmaz. Yaxşı olar ki, işə düzələndə yanlış qərar verdiyinizi və vaxtınızı itirməmək üçün dərhal işdən çıxdığınızı izah edəsiniz.
Keçmiş rəhbərliklə mübahisələrin olması
Müsahibəyə gələn namizədlərin əksəriyyəti əvvəlki iş yerindən ayrılma səbəbləri barədə soruşulmaqdan qaça bilmir. Əgər keçmiş iş yerinizi bir peşəkar olaraq inkişaf etmək üçün tərk etmisinizsə, belə cavab sizin xeyrinizə olacaq. Bəs işdən çıxmağınızın səbəbi rəhbərlik və ya həmkarlarla yaranmış qarşıdurma olarsa, onda necə?
Siz başa düşməlisiniz ki, müdirinizin sizə qarşı necə haqsız olduğu barədə ətraflı hekayə danışmağınız, işəgötürənin gözündə namizədliyinizi xeyli aşağı sala bilər. Belə işçini ziddiyyətçi, qeyri-konstruktiv və komandada işləmək iqtidarında olmayan biri kimi qiymətləndirirlər.
Digər tərəfdən, işəgötürəni aldatmağa cəhd göstərmək (“Rəhbərliklə münasibətlərim çox yaxşı idi, sadəcə əlaqəli bir sahədə inkişaf etmək istədim”) ilk növbədə etikadan kənara çıxır və karyera üçün olduqca təhlükəlidir. Unutmayın ki, yalan olan hər bir şey gec-tez üzə çıxır.
Bəs necə etmək lazımdır? Qızıl orta axtarın. Çalışın yalan danışmayasınız və rekruterə söylədiyiniz həqiqət sizi gələcək işdən məhrum etməsin. Keçmiş müdirinizi tənqid etməyin, onun sayəsində qazandığınız təcrübədə yaxşı bir şey tapmağa hazır olun. “Keçmiş müdirimlə bəzi məsələlərdə fikirlərimiz ayrılırdı. Mən başa düşdüm ki, şirkət təklif etdiyim dəyişikliklərə hazır deyil və bu səbəbdən başqa bir iş axtarmağa qərar verdim”, “Dəyişən mühitdə işləməyi öyrəndiyim üçün komandama borcluyam, amma yenə də məqsədim fərqli bir işdir”, – bu cür cavablar həm səmimi səslənir, həm də işəgötürəni qane edəcəkdir.
Şəxsi həyat haqqında
Bəzən işəgötürənlər iş axtaranın şəxsi həyatı ilə bağlı suallar verirlər. Elə olur ki, namizəd onları qeyri-etik hesab edir, bu halda cavabdan qaça bilərsiniz. Əlbəttə, yalan danışmaq lazım deyil, lakin heç kim sizi boşanmada kimin təşəbbüskar olduğu və ya bir il sonra uşağa sahib olub-olmayacağınızı kimi suallara cavab verməyə məcbur edə bilməz.
Bu vəziyyətdə cavabınızı diplomatik formaya salmağınız vacibdir. Məsələn: “CV-də boşandığınızı qeyd etmisiniz. Boşanmanın səbəbi nə idi?” – “Bunun gələcək işimlə necə əlaqəli olduğunu başa düşmürəm, amma sualınıza cavab verməyə hazıram. Həyat yoldaşım və mən xasiyyətcə bir-birimizə uyğun gəlmədik”.
Əlavə iş, uğursuzluqlar, problemlər…
Müsahibə zamanı başqa nə barədə susmaq olar? Yaxşı olar ki, əvvəlki şirkətin əməkdaşı olduğunuz müddətdə əlavə götürdüyünüz iş barədə məlumat verməyəsiniz. Eyni zamanda uğursuz layihələrin detalları haqqında məlumat verməzdən əvvəl yaxşı-yaxşı düşünün.
Bundan əlavə, nə vaxtsa alkoqol asılılığından əziyyət çəkdiyiniz və ya çoxdandır ki, həll etdyiniz digər şəxsi problemlər barədə susmağınız məqsədəuyğundur.
Yenə də yalanla susqunluq arasındakı xətt çox incədir. İşinizə təsir göstərə biləcək hər hansı bir ciddi hal barədə (məsələn, uşağınızın tez-tez xəstə olması və vaxtaşırı məzuniyyətə ehtiyacın olması) susmaq, layiqli bir insan kimi nüfuzunuzu aşağı salmaq deməkdir. Başqa sözlə desək, müsahibə zamanı nə haqqında danışacağınızı özünüz qərar verirsiniz.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Smartjob.az