Secondment bir işçinin başqa bir şirkətə və ya şirkət daxilində başqa bir departamentə müvəqqəti təyin olunmasıdır. İki növ secondment mövcuddur:
• Daxili – işçi şirkətin başqa bir departamentinə, şöbəsinə və ya ərazisinə ezam edilir.
• Xarici – işçi müvəqqəti olaraq fərqli bir şirkətdə çalışır.
Secondment üçün şirkətin müxtəlif səbəbləri ola bilər:
• Təlim məqsədi ilə
• Bilik və təcrübə mübadiləsi məqsədi ilə
• İşçi çatışmazlığı olan başqa bir struktur bölmənin ehtiyaclarını qarşılamaq məqsədi ilə
Bir sıra ədəbiyyatlarda job rotation (rotasiya) olaraq da adlandırılan secondment termini pandemiya dönəmində daha da aktuallaşdı. Gözəl iş mühiti ilə hər zaman işaxtaranlar üçün cəlbedici olan Avstraliya şirkətlərinin bir qismi pandemiya zamanı qapanmadan dolayı işçi çatışmazlığı yaşayıb. Bir sıra şirkətlərdə isə, biznesin durğunluğu və hibrid iş modelinə keçidlə əlaqədar, əksinə gizli işsizlik simptomları görünməyə başlayırdı. Vəziyyətə çevik adaptasiya olan şirkətlər həll yolunu secondment-də tapdı. Məsələn, PWC Australia şirkəti bu vəziyyətdən istifadə edərək işçilərini bir sıra şirkətlərə, o cümlədən, Teslanın təchizatçı şirkətlərinə secondment-ə göndərdi.
Başqa bir nümunə isə, Suncorp şirkətidir. Suncorp şirkətinin İnsan Resursları üzrə mütəxəssisi Syuzi Moqun sözlərinə görə, daxili secondment onların təşkilati mədəniyyətinin, öyrənmə proseslərinin bir parçasıdır. Misal üçün, bir işçinin uzun müddətli xəstəliklə əlaqədar işdə olmamasını və ya analıq məzuniyyətinə çıxmasını şirkət faciə kimi deyil, fürsət kimi qiymətləndirir. Belə ki, bilik və təcrübəsi dar çərçivədə olan işçilər müəyyən olunaraq onlara secondment kimi işdə olmayan işçilərin əmək funksiyalarının müvəqqəti icrası təklif olunur. Secondment təklifini qəbul edən işçi bu zaman çərçivəsində bilik və təcrübələrini artırır. Öyrənmədən əlavə, şirkət daxilində komanda işi, empatiya və təşkilati mədəniyyətin formalaşması baxımından secondment mühüm əhəmiyyət kəsb edir.
Secondmentin üstünlükləri:
• Şirkət üçün iqtisadi vəziyyətin yaxşı olmadığı dönəmlərdə işçini ixtisar etmək əvəzinə başqa bir şirkətə müvəqqəti göndərə bilər. Bu zaman həmin işçinin müvafiq dövr üçün əmək haqqısını məhz qarşı şirkət ödəyir.
• Secondment olunmuş işçilər öz vəzifəsinə yeni ideyalar, biliklər və entuziazmla qayıdır.
• İşçinin yeni bilik və təcrübə yiyələnməsi üçün yaxşı üsullardan biridir.
• Yeni komanda, yeni iş yeri secondment-dən qayıdan işçinin netvörkinqinin, əlaqələrinin artması üçün gözəl imkandır.
• Digər struktur bölmənin işini öyrənən işçi çeviklik və adaptasiya səriştəliklərini də inkişaf etdirmiş olur.
Secondmentlə transfer-in fərqi:
Transfer bir işçinin digər struktur bölməyə birdəfəlik keçididir. Secondment zamanı isə, işçi müvəqqəti olaraq müəyyən bir zaman çərçivəsində yerini dəyişir və daha sonra öncəki iş yerinə geri dönür. Bundan əlavə, bir işçinin bir şirkətdən digərinə transferi zamanı işçinin əmək müqaviləsi ləğv edilir və yeni şirkətlə yeni əmək müqaviləsi bağlanır. Secondment zamanı isə, dünya təcrübəsində buna ehtiyac duyulmur. Azərbaycan qanunvericiliyində müvafiq proseslər nəzərdə tutulmasa da, qeyd olunan məsələlər ezamiyyət, xidmət göstərilməsi kimi (outsourcing services), şirkət daxilində isə müvəqqəti əvəzetmə (Başqa işçinin əmək funksiyasının icrası) prosesləri ilə tənzimlənə bilər.
Vacib məqamlar:
Secondment göndəriləcək işçinin yoxluğunun şirkətdə proseslərin (istehsalatın) fasiləsizliyi və ya maddi cəhətdən hər hansı problem yaratmayacağına əmin olmaq lazımdır. Eyni zamanda, işçinin iş yerinin dəyişməsi (başqa şəhər və ya ölkə) işçinin xərclərinin artması ilə nəticələnə bilər ki, bütün bu xərclərin şirkət tərəfindən qarşılanması nəzərə alınmalıdır. İşçi və işəgötürən münasibətlərinə xələl gəlməməsi üçün bütün risklər nəzərdən keçirilməli və buna uyğun şirkətin secondment proseduru hazırlanmalıdır.
Müəllif:
Orxan Səfərli
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com