“Tesla”da işə düzəlmək üçün universitet və ya kollec diplomu lazım deyil. Şirkət rəhbəri İlon Maskın mövqeyi bir neçə ildir ki, dəyişməz qalıb: milyarder müraciət edənlərdə başqa keyfiyyətləri axtarır.
İlon Mask əmindir ki, “Tesla”da işləmək üçün diploma ehtiyacı yoxdur. Tvitterdə ali təhsilin işaxtaran üçün məcburi tələb olmadığına əmin olub-olmadığı soruşulduqda, şirkətin təsisçisi bunu təsdiqlədi.
Maskın düşüncəsi Almaniyanın “Auto Bild” nəşriyyatına verdiyi müsahibədən sonra ötən beş ildə dəyişməyib. “Ali təhsilli olmaq və hətta orta məktəbi bitirmək heç də lazım deyil”, — onda Mask demişdi. — Kimsə prestijli universitet bitiribsə, bu, onun böyük işlərə qadir olduğunu göstərə bilər, amma bu, mütləq deyil. Məsələn, “Microsoft”un həmtəsisçisi Bill Qeytsə və ya “Oracle”ın CEO-su Larri Ellisona, “Apple” həmtəsisçisi Stiv Cobsa baxın: bu adamlar universitetdən məzun olmamışdı, ancaq onları işə götürmək şansınız olsaydı, çox sevinərdiniz”.
Mask qeyd edib ki, diplomdan daha çox “müstəsna qabiliyyət” əhəmiyyət daşıyır. Milyarderin dediyinə görə, vakansiya üçün müraciət edənlərdən müsahibədə karyeraları haqqında qısa məlumat vermək və qarşılaşdıqları mürəkkəb problemləri necə həll etdiklərini izah etmək tələb olunur. Eyni zamanda Mask müsahibə əsnasında namizədin haqqında danışdığı çətinliklərin, həqiqətən, onun tərəfindən həll olunduğuna və başqalarının xidmətlərini mənimsəmədiyinə əmin olmaq istəyir.
Milyarder vurğulayır: “Hər bir işçi baş mühəndis olmalıdır”. İlon Maskın özünün iki ali təhsili var: o, Pensilvaniya Universitetindən iqtisadiyyat və fizika ixtisası üzrə fərqlənmə ilə məzun olub, bakalavr dərəcəsi qazanıb. 1998-ci ildə məzun olduqdan bir müddət sonra “PayPal” ödəniş xidmətinin qurucularından biri olub, 2002-ci ildə “SpaceX”, bir il sonra isə “Tesla Motors” şirkətini yaradıb. Mask hazırda “Forbes”in dünyanın ən varlı iş adamları siyahısında 40-cı yeri tutur. Siyahını tərtib edərkən onun sərvəti 22,3 milyard dollar dəyərində qiymətləndirilirdi. Jurnal onu Amazon şirkətinin direktoru Ceff Bezos ilə birlikdə 2019-cu il üzrə ən innovativ biznes lideri adlandırıb.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Finco.az