İş müsahibəsinə hazırlaşmaq bir çox hallarda stressli ola bilər. Müsahibə zamanı özünüzü necə təqdim edəcəyiniz, sualları necə cavablandıracağınızı düşünmək tək başına kifayət qədər stress yaradarkən bir də görünüşünüzə fikir vermək, necə geyinəcəyinizi fikirləşməklə də qarşı-qarşıya qalırsınız.
Nəzərə alsaq ki, geyim və xarici görünüş sizin haqqınızda insanların zehnində ilkin təəssüratın yaranmasına səbəb olur, bu halda xüsusilə də iş müsahibəsi zamanı geyim seçərkən diqqətli olmaq lazımdır. Bəzi hallarda müraciət etdiyiniz vəzifənin tələblərinə uyğun geyinmək məntiqli olsa da, bəzən isə müraciət etdiyiniz şirkəti nəzərə alaraq geyinmək olduqca vacibdir. Rəsmi üslubda geyinmək hər kəsin ilk ağlına gələn seçim ola bilər, ancaq bu qayda artıq dəyişməyə başlayıb.
Bugünkü məqaləmizdə sizə iş müsahibəsinə gedərkən necə geyinməli olduğunuzla bağlı həm ümumi, həm də fərdi tövsiyələr verəcəyik.
1. Əvvəlcədən araşdırma edin
Müraciət etdiyiniz şirkəti yaxşı tanımaya bilərsiniz. Odur ki, ən azı internetdə axtarış edə bilərsiniz. LinkedIn platformasında həmin şirkətdə çalışan insanların profillərini tapa bilər, Instagram platformasında bu şəxslərin ofis daxilində çəkilmiş fotoşəkillərinə baxaraq necə geyinməli olduğunuzla bağlı fikir sahibi ola bilərsiniz.
Bununla yanaşı həmin şəxslərdən hər hansı biri ilə ünsiyyət yaradaraq tövsiyə ala bilərsiniz.
2. Dəbdəbədən uzaq durun
İş müsahibəsinə gedərkən əsas diqqət etməli olduğunuz odur ki, müraciət etdiyiniz şirkətdə işləyənlərdən bir az daha yaxşı geyinməlisiniz. Məsələn şirkətdə casual tərzdə geyinilirsə, siz müsahibə zamanı business casual geyinin.
Bəs sözügedən bu casual tərzi nədir?
Gündəlik, rahat, idman geyiminin nizamlı və gözəl olmasını ifadə edən sözdür. Yəni kostyum, don, qalstuk və s. olmadan da baxımlı olmağı təmin etmək mümkündür.
Casual: Startap şirkətlərdə, media sektorunda, informasiya texnologiyaları kimi sahələrdə əsas diqqət geyimə deyil, görülən işə yönəldiyindən belə şirkətlərə müsahibəyə gedərkən sadə tişört, cins şalvar, idman ayaqqabısı da geyinə bilərsiniz. Ancaq heç kəs sizi kostyum geyinərək müsahibəyə gəldiyiniz üçün qınamaz.
Business casual: Bu geyim tərzində isə kişilər parça materiallı şalvar, polo yaxalı köynək geyinə bilərlər. Kostyum əvəzinə pencək və şalvara üstünlük verə bilərlər. Qalstuka ehtiyac olmaya bilər. Qadınlar üçün isə köynək, kostyum şalvarı, klassik ayaqqabı və ya çəkmə uyğundur.
3. Kiçin nüanslara fikir verin
Geyimlərinizin ləkəsiz, təmiz, ütülü olması çox vacibdir. Ayaqqabılarınız çirkli olmamalıdır. Dişlərinizi fırçalamağa, gözlərinizdə yuxusuzluq əlamətinin olmamasına diqqət yetirin. Qadınlar həddindən artıq makyaj etməkdən qaçınmalı, dırnaqların baxımlı olmasına fikir verməlidirlər.
4. Sadəlik hər zaman yaxşıdır
İş müsahibəsi zaman diqqət mərkəzində siz olmalısınız. Həddindən artıq diqqət cəlb edəcək geyim tərzi müsahibəni götürənlərin fikrinin yanınmasına səbəb ola bilər. Bu səbəbdən ziynət əşyalarından həddindən artıq istifadə etməyin, geyimlərinizdə dekolte olmamasına xüsusi diqqət yetirin, saç düzümündə ifrata varmayın.
5. Ətirə ehtiyac yoxdur
Müsahibəyə getməzdən əvvəl duş qəbul edin və antiperspirantdan istifadə edin. Beləliklə də ətirə ehtiyac qalmaz. Ətirsiz evdən çıxmayanlardansınızsa, o halda kəskin qoxulu ətirlərə müraciət etməyin.
Nəzərə almalısınız ki, müsahibəni götürənlərin ətirə qarşı alergiyası ola bilər. Hətta bəzi qoxular insanlarda ürək bulanması və baş gicəllənməsi yarada bilər.
6. Parlaq və canlı rənglərə üstünlük verməyin
Müsahibə zamanı diqqətin sizin geyindiyiz parlaq rəngli geyimlərə yönəlməsini yəqin ki, siz özünüz də istəməzsiniz. Hətta geyim tərzini düzgün seçsəniz belə, geyimin rənginə də xüsusi fikir verməlisiniz.
7. Qulaqcıqları evdə qoysanız, yaxşı olar
İş görüşməsinə gedərkən yolda qulaqcıqla musiqiyə qulaq asmağınız çox təbii bir haldır. Ancaq ofisə daxil olduğunuz zaman onları çıxardın və gözləmə zalında musiqi dinləməyin. Əks təqdirdə, sanki burada olmaq sizin üçün mühüm əhəmiyyət kəsb etmirmiş kimi bir təəssürat yarana bilər.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banco.az