Mobbing nədir?
Mobbing- mürəkkəb və çox faktorlu bir təbiətə sahib olan qlobal bir konsepsiyadır. Bu konsepsiya, iş mühitində bir şəxsə və ya bir qrupa psixoloji ziyan vurmağı, onları xaric etməyi və ya bunlara şərait yaratmağı hədəfləyən şiddətli davranışlara aiddir. Bu çox ciddi bir iş yeri problemidir. Bir insanın şəxsiyyətinə, dürüstlüyünə və ya səriştəsinə edilən hücumlar, özünəinamlarını dəfələrlə azaldır və tez-tez psixiatrik problemlərə səbəb olur. Məhz bu səbəbdən “mobbing”, işəgötürənlərin işçilərini zərərsiz və təhlükəsiz bir iş yeri ilə təmin etməkdən məsul olduqları üçün iş yerində həll etməli olduqları vacib bir məsələdir. Bir sözlə, mobbing: "Psixoloji terror, psixoloji zorakılıq, psixoloji şiddət, emosional istismar, hədə-qorxu." deməkdir.
“Mobbing”in istiqamətləri:
• Üfüqi “mobbing” – Bu mobbing növü daha çox işçilərin öz həmkarları arasında baş verməyə meyillidir. Bu zaman “mobbing”-ə məruz qalmış işçidə ciddi psixoloji sarsıntılar yarana bilir ki, işçinin işə davamlılığına, səmərəliliyinə və performansına bir başa təsir edir.
• Şaquli “mobbing” – Bu növdə “mobbing”-i tədbiq edən şəxs “mobbing”ə məruz qalan qurbandan vəzifəcə yuxarıda və ya aşağıda yerləşir. Bu səbəbdən şaquli mobbing özüdə 2 yerə ayrılır.
a) Yuxarı istiqamətlənmiş mobbing – iyerarxik quruluşda yüksək vəzifədə olan işçinin bir və ya bir neçə işçisi tərəfindən həyata keçirilir.
b) Aşağı istiqamətlənmiş mobbing – birincinin əksinə olaraq yüksək vəzifədə çalışan işçinin tabeliyində olan bir və ya bir neçə işçiyə psixoloji təzyiqi nəticəsində yaranır.
“Mobbing”in növləri:
• Sözlə təzyiq – “mobbing”qurbanı olmuş şəxslə sərt və xoşagəlməz tərzdə səs tonu ilə təcavüzkar və ədəbsiz sözlərdən istifadə edərək danışmaq.
• ”Stonewalling” – işçinin təkliflərinin, təşəbbüslərinin həmkarları və ya supervayzerləri tərəfindən göz ardı edilməsi, dəstəyin göstərilməməsi və üstəlik bu cür addımların lazımsız və vaxt itkisi kimi qələmə verilməsi.
• Təcrid etmək – İşçini bilərəkdən vacib iclaslara çağırmamaq, ona vacib e-məktubları yönləndirməyərək proseslərdən uzaq saxlamaq və işçinin ofis daxilində və xaricində “sosiallaşmasının” qarşısını almaq.
• Qeybət etmək və ya böhtan atmaq – bəzən qeybət etmək böhtana çevrilə bilər və “qurban” haqqında professional iş həyatına aid olmayan utandırıcı informasiyaları ortaya çıxara bilər.
“Mobbing”in təsirləri:
“Mobbing”in həm işçiyə, həm də şirkətə böyük ölçüdə mənfi təsirləri vardır.
“Mobbing”in işçilərə təsiri:
• Gündəlik iş fəalliyyətinə fokuslana bilməməsi nəticəsində performansın aşağı düşməsi
• Həmkarlarına etibar edə bilməmək
• Artan narahatlıq və stres
• Psixoloji problemlər və ya fiziki xəstəliklər
• İstefa vermək və s.
“Mobbing”in iş yerinə təsiri:
• Məhkəmə xərclərindən və ya araşdırmalardan yaranan maliyyə itkiləri
• Səmərəliliyin, effektivliyin və motivasiyanın azalması
• İşçilərin işə gəlməməsi və ya gecikmələri, məzuniyyətlərin və bülletenlərin artması
• Pis komanda dinamikası
• İşçilərin iş yerinə qarşı etibarının zədələnməsi və sədaqətin, loyallığının olmaması
• Marka nüfuzuna zərər
• Yüksək “Turnover”
“Mobbing”in qarşısını necə almaq olar?
• Bildirmək: Birbaşa rəhbərinizlə danışarkən özünüzü təhlükəsiz hiss etmirsinizsə, iş yerinizdə danışmaq üçün xüsusi bir adam ola bilər. İnsan resursları başlamaq üçün yaxşı bir yerdir. Bunun qarşılığında İR nümayəndələri anti-mobbing siyasəti hazırlamalı, işçiləri maarifləndirməli və “mobbing”ə qarşı ofis mədəniyyətini şirkətdə fomalaşdırmalıdır.
• Mobbinqi sənədləşdirmək: Bütün hərəkətlərini yazılı şəkildə izləyin. Tarixə, baş verdiyi vaxta və otaqdakı digər insanlara diqqət yetirin.
• Rəhbərliyin dəstək verməsi: Bəzi şirkətlərdə işçilər rəhbərliyin dəstəyi olmadıqda özlərini iş yerində baş verən aqressiyaya və ya “mobbing”-ə qarşı acız hesab edirlər. Həm şirkətin, həmdə işçilərin xeyri üçün rəhbərlik bu kimi məsələlərə ciddi yanaşmalı və daim aktual olaraq nəzarət altında saxlamalıdır.
Müəllif:
Ömər Balacayev
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com