HR peşəsi qadınlar üçündürmü?

23 aprel, 2017 0 2 245


HR peşəsi qadınlar üçündürmü?


Azərbaycandakı iri təşkilatlarda kadrlarla iş üzrə bütöv struktur bölmələr fəaliyyət göstərir. Kiçik şirkətlərdə isə bu iş bir və ya iki nəfərə tapşırılır.

HR-la bağlı peşələr həmin sahədə çalışan mütəxəssislərdən menecment, psixologiya, biznesin idarə edilməsi sahəsində dərin biliklər tələb edir (Human Resource – «əmək ehtiyatları»). Lakin onu əksər hallarda sırf qadınların işləyəcəyi bir vəzifə və deməli, o qədər də vacib olmayan bir sahə hesab edirlər. Bəs əslində necədir?

Çoxüzlü peşə

Smart Resources Group şirkətinin icraçı direktoru Arzu Camalova «əvvəllər çalışdığı bütün şirkətlərdə HR şöbəsinin kollektivi əsasən qadınlardan ibarət olduğunu bildirir. «Müştəri şirkətlərlə əməkdaşlıq əsnasında görürəm ki, bütün HR xidmətlərə qadınlar rəhbərlik edirlər. Bəlkə də, bu işçi heyətin idarə olunması üçün daha çox qadınlara xas xüsusiyyətlərin lazım olması ilə əlaqədardır. Qadınların müşahidə qabiliyyəti daha güclüdür və onlar son dərəcə dəqiqdirlər. Onlar hətta ən xırda təfərrüatları da sezməyə qadir olurlar və yaxşı intuisiyaya malikdirlər. Lakin statistik reallığa baxmayaraq, hesab edirəm ki, HR peşəsi — insanlarla işləməyi, ətrafdakılara simpatiyasını nümayiş etdirməyi sevənlər, insanların potensialını qiymətləndirməyə, hiss etməyə qadir olanlar üçündür», - deyə Arzu Camalova qeyd edir.

Hazırda Azərbaycan bazarında HR sahəsində bir neçə ixtisaslaşma var:

Rekruterlər – müəssisələri kadrlarla təchiz edən mütəxəssislər.

HR-generalist – işə qəbul, təhsil və yeni işçilərin az müddət ərzində uyğunlaşmasına görə məsuliyyət daşıyan, habelə «mobbinq» təzahürləri – həmkarlarının işdən sıxışdırıb çıxarmaq istədikləri «arzu edilməyən» işçiyə qarşı psixoloji zorakılıqla mübarizə aparan universal əməkdaşlar.

HR-menecer bəzən mütəxəssislərin axtarışı və işə qəbulunu rəsmiləşdirmə ilə yanaşı kadrlar üzrə hesabatları da hazırlayırlar.

HR-direktorlar, bir qayda olaraq, təşkilati-kadr konsaltinqi funksiyasını da yerinə yetirirlər. Bu, kadrların səmərəliliyinin artırılması məqsədi ilə müəssisə və təşkilatlara məsləhət verilməsi ilə bağlı fəaliyyətdir.

EMBAWOOD şirkəti baş direktorunun inzibati və kadr işləri üzrə müavini Cəmilə Ömərova qeyd edir ki, son illər Azərbaycanda bu sahədə mütəxəssislərin peşəkarlıq səviyyəsi yaxşı istiqamətdə xeyli dəyişib

«Bu gün onlar öz fəaliyyətində kadrlarla işin demək olar ki, bütün funksiyalarını əhatə edirlər: işə qəbul, uyğunlaşma və motivasiya sistemi, əməkdaşların karyera yüksəlişinin və inkişafının planlaşdırılması, səmərəliliyin idarə olunması və hətta brendin şirkət daxilində mövqeyinin müəyyənləşdirilməsi».

HR mütəxəssisin əsas məqsədi – əməkdaşın bütün qabiliyyətlərini aşkara çıxarmaq və bu qabiliyyətləri lazımi istiqamətə yönəltməkdir.

HR xidmətinin biznesə töhfəsi

Dünya Bankının 192 ölkədə apardığı tədqiqatın nəticələrinə görə, iqtisadi artım amili yalnız 16% hallarda fiziki kapitalla (avadanlıq və infrastruktur), 20% hallarda isə təbii kapitalla bağlıdır. Qalan 64% isə insan amili ilə bağlıdır. Bu amilin idarə olunmasında isə, məlum olduğu kimi, HR mütəxəssislərin rəyi heç də sonuncu deyil.

HR – insanlarla çeviklik və təcrübə tələb edən işdir. Bu peşə sahibləri top-menecerlər və sıravi işçilər arasında əlaqələri qaydaya salırlar. Bütün potensial əməkdaşlar onlardan keçirlər – beləliklə, HR-ın fəaliyyəti şirkətin bütün bölmələrinin işini müəyyən edir.

Azərbaycanın biznes şirkətlərindəki HR strukturların hələ ki, böyük iş təcrübəsinə malik deyillər. Əksər hallarda nəzərəçarpacaq nəticələri yalnız qismən də olsa xarici kapitala əsaslanan şirkətlərdə müşahidə etmək olar. Bundan əlavə, kadr ehtiyatları seqmentində çalışan mütəxəssislərin çatışmazlığı da hiss olunur.

Vision Fund AzerCredit LLC-nin insan ehtiyatları və inzibati məsələlər departamentinin işə qəbul üzrə mütəxəssisi Ayaz Abdulla məsələni belə şərh edir: «Azərbaycanda xaricdə akademik təhsil almış HR üzrə mütəxəssislər çox azdır. Müasir şərait Azərbaycanın ali məktəblərində HR fakültələrinin yaradılmasını tələb edir. Bəlkə də, bir çox həmkarlarım mənimlə razılaşmayacaqlar, amma kadrlarla bağlı kargüzarlığı qadınlara tapşırmaq daha məqsədəuyğun olar. HR-da elə sahələr var ki, orada qadınlar işi daha böyük məhsuldarlıqla yerinə yetirə bilərlər, bəzi istiqamətlərdə isə kişilərin daha səmərəli ola bilər».

HR üzrə mütəxəssislərin seçimi necə həyata keçirilir?

Şirkətlərdə HR mütəxəssislərin seçimini iki tipə ayırmaq olar: yeganə mütəxəssisin seçimi və fəaliyyət göstərən kadrlar şöbəsinə mütəxəssisin seçilməsi.

Müəssisəyə yeganə mütəxəssis tələb olunursa, o zaman müsahibəni direktor və ya onun müavini aparır.

Ayrıca kadrlar şöbəsinin olduğu iri şirkətlərdə isə vəziyət başqa cürdür. Müsahibəni HR üzrə baş mütəxəssis aparır, bundan sonra isə gələcək rəhbərlə ikinci mərhələ keçirilə bilər. Bir namizəddən əlavə, ehtiyat namizəd də seçilir. Bu mütəxəssis, birinci namizəd obyektiv və ya subyektiv səbəblərdən işəgötürənin təklifindən imtina edəcəyi halda işə dəvət olunur.

Kadr resursları üzrə mütəxəssislər həm işçi heyətlə rəhbərlik, həm də bir neçə departament arasında balanslaşdırılmış siyasət aparmağa hazır olmalıdır.

«Bizim şirkət qadınlar və kişilər arasında fərq qoymur, bizim üçün əsas işçinin öz sahəsində peşəkar olmasıdır. İşçini cinsi mənsubiyyətinə görə seçmək, kişiyə və yaxud da qadına üstünlük vermək qanuna ziddir», – deyə Jobs.day.az portalının HR üzrə eksperti Fatimə Səmədova bildirir.

Henri Ford stereotiplərlə mübarizədə

Bəs HR vakansiyasına qəbulda kimə üstünlük verməli: qadın, yoxsa kişi mütəxəssisə?

«Bir dəfə Henri Ford deyib: «mən işə işləmək istəyənləri götürürəm». Əgər insanın işləmək arzusu yoxdursa, qadın və ya kişi olmağından asılı olmayaraq, onu işləməyə məcbur etmək çətindir. Sırf kişi və ya sırf qadın peşəsi anlayışı yoxdur, işə marağı olmaq, işləmək və inkişaf etmək arzusu var. Bu sahənin vacibliyini isə gender tərkibi deyil, şirkətin siyasəti həll edir ki, bu da iyerarxiyada hər bir strukturun yerini müəyyənləşdirir», – deyə Cəmilə Ömərova bildirir.

HR-ın ənənəvi qadın peşəsi olması və müvafiq olaraq, o qədər də vacib sahə olmaması barədə stereotip müasir dünyanın reallıqlarını əks etdirmir.

«Eyni zamanda, işə qəbul prosesində, əksər hallarda rekruterlər rayonlara ezamiyyətə getməyə məcbur olurlar. Azərbaycanın spesifik ənənələrini nəzərə alsaq, qadın rekruterlər arasında vaxtının çox hissəsini səfərlərdə keçirərək bu və ya digər şirkətin filialları üçün işçi axtarışında keçirmək istəyənlər o qədər də çox deyil. Bu iş daha çox kişilərə uyğundur», – deyə Ayaz Abdulla qeyd edir.

HR xidmətinə mütəxəssis seçərkən bilik səviyyəsinə, iş təcrübəsinə əsaslanmaq lazımdır. Cinsi mənsubiyyətə görə ayrıseçkilik isə tamamilə qəbuledilməzdir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Biznesinfo.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə