Əgər alış-veriş etdiyiniz mağazada hansısa satıcı sizi əsəbiləşdirirsə, siz, sadəcə, həmin mağazaya bir daha getməyə bilərsiniz, lakin eyni vəziyyət sizin iş yerinizdəki iş yoldaşlarınızla baş verirsə, məsələ daha çətindir.
Bir qayda olaraq əsəblərinizin gərilməməsi və təmkininizi itirməmək üçün “Finmarket.az”-ın təqdim etdiyi bir neçə sadə üsuldan istifadə edin.
İş yoldaşlarınızla dava etməyin (ağır söz deməyin)
İcazə verməyin ki, iş yerində bir nəfərlə olan probleminiz digər həmkarlarınızla münasibətinizə də pis təsir etsin. Bura məktəb deyil, bura iş yeridir. Uca səslə, hətta bir nəfərlə kobud danışmaq heç də yaxşı şey deyil. Təmkininizi itirməyin, hərəkətlərinizə fikir verin. Bunlar sizə indi çox sadə gəlsə də, əsəbi vaxtınızda kobudluq əvəzinə, təmkin göstərsəniz bütün heyət arasında rəğbət qazanacaqsınız.
Öz xoş xasiyyətinizi göstərin.
İş həyatınızda, iş yerinizdə fərqli-fərqli situasiyalarda özünüzü necə aparmalı olduğunuzu bilməyəndə, sadəcə, xoş xasiyyətinizi işə salmağa çalışın. Bəlkə, bu kifayət qədər çətindir, ancaq inanın, belə davranış sizin peşəkarlığınızı göstərəcək. Sadə şeylərdən başlayın: sizi əsəbiləşdirənlərlə üz-üzə gələndə onlara gülər üzlə “Sabahınız xeyir” deyin. İş gününüz bitəndə isə “Sağ olun, görüşərik” deyin. Siz kimisə dəyişə bilməzsiniz, lakin ətrafınızdakı o ağır auranı dəyişməyə tam qadirsiniz.
Səmimi münasibətə açıq olun.
Bəzilərinin antoqonistliyi (kobud davranışı), sadəcə, xarakterlərinin bir hissəsidir və bunu dəyişmək, düzəltmək çox çətindir. Amma əgər hansısa bir iş yoldaşınızla bu və ya digər xoşagəlməz hala görə münasibətinizdə problem yaranıbsa, bunu düzəltmək kifayət qədər asandır. İlk addım atmaqdan çəkinməyin, səmimi olun. Problem yaşadığınız iş yoldaşınızı sakit bir otağa dəvət edin, ya da içməyə nəsə təklif edərək, balaca gəzintiyə çıxın. O zaman problem yaşadığınız iş yoldaşınıza deyin ki, sizin yalnız birlikdə işləyərək müsbət nəticə əldə etmək istəyiniz var. Qoyun o da başa düşsün ki, sonsuz münasibət çaxnaşmaları sizin üçün də maraqlı deyil.
Heç nəyi şəxsi qəbul etməyin.
Bəzi insanlar sizin onlara sərf edəcəyiniz enerjiyə dəyməzlər. Unutmayaq ki, iş mühitində hamı əsl peşəkar olmaya da bilər. Bu zaman mövcud vəziyyət sizin günahınız deyil və bu səbəbdən öz şəxsi inkişafınızı və karyerə yüksəlişinizi əngəllməyin. Yaxşı iş yoldaşı olmağa çalışın. Bir insana nifrət etməyə sərf etdiyiniz enerjinizi gözünüzün qabağına gətirin. Məgər bu enerjini gördüyünüz işə yönləndirə bilməsiniz?
Unutmayın ki, hamını sevməyə borclu deyilsiniz.
Necə ki siz hamını, eləcə də hamı sizi xoşlamağa borclu deyil. Bəzən iş həyatında elə məqam gəlir ki, siz, sadəcə, başınızı aşağı salıb xoşlamadığınız mühitdə işləməlisiniz. Belə olan zaman sizi sevənləri yadınıza salın, yadınıza salın ki, hər bir ağır iş gününün sonu var və siz yenə də öz rahat evinizə, öz doğma mühitinizə qayıdacaqsınız. Ona görə də təmkininizi əldə verməyin, gülümsəyin və məsul olduğunuz işi görün.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Finmarket.az