Əgər sizə desəm ki, iki saatdan da az bir vaxtda on, on beş gəncə iş tapmağa kömək etmişəm mənə inanardınız? Gəlin izah edim.
İşsizliklə çaşqınlıq bir çox insanın həyatına bir yerdə gəlir. Bu ona görə baş verir ki, işsiz qalan insanların əksəriyyətinin iş axtarma strategiyası olmur. Onlar ya xaotik şəkildə iş axtarırlar, ya da bunu etməyi ümumiyyətlə bacarmırlar. Qeyri müəyyənlik nə qədər uzun çəkirsə apatiyaya qapılma və sonra da depressiyaya düşmə ehtimalı da bir o qədər çox olur.
Gəlin işsizliyin səbəb olduğu bu emosional çatışmazlığı aradan qaldırmağın və işinizi itirdikdən sonra ya da karyeranıza yeni başlamaq istədikdə dərhal iş tapmağın yollarına baxaq.
Əgər siz yeni məzun olmusunuzsa və ya işinizi təzəlikcə itirmisinizsə deməli siz daha da maraqlı və tələbkar bir iş əldə etmişiniz – iş axtarmaq! Yeni vəzifənizin adı belədir: ‘İş axtarma mütəxəssisi’. Sizin yeni ofisiniz evinizdir (yaxşı olar ki ayrıca bir otağınız olsun). İşiniz normalda 09:00-da başlayır 18:00-da bitir. Yemək fasiləsi üçün bir saatınız, (evdən kənarda keçirsəniz lap yaxşı) istirahət edib yeni enerji yığmanız üçünsə Şənbə və Bazar günləriniz var.
Gündəlik, həftəlik və aylıq fəaliyyət planı hazırlayın, resurslarınızı səfərbər edin və prioritetlər müəyyənləşdirin. Sizin məqsədiniz mümkün işəgötürənlərin siyahısını hazırlamaq, onların ‘radar’larına düşmək, nə qədər çox mümkünsə iş müsahibələrinə qatılmaq və ən nəhayət iş tapmaqdır.
İş axtarmağa tam ştatlı iş kimi baxın
İş axtarışına tam ştatlı iş kimi baxmaq nəinki sizə ‘hələ də işləyirsiniz’ hissini saxlayaraq həvəsdən düşməməyə kömək edir həmçinin ozünə-nəzarət hissini aşılayır və irəli getməyinizə səbəb olur. Həqiqilik hissini bir az da artırmaq üçün bu da sizin işinizin təsviri (görəcəyiniz işlərin siyahısı) və vəzifənizi icra etmək üçün lazım olan əsas tələb və bacarıqlar.
İş axtarma mütəxəssisi kimi siz ofisin (evin) təchizat məsələlərinin təmin olunmasını və müşahidəsini həyata keçirməli, şəxsi təqviminizi idarə etməli və lazım olduqca yeniləməlisiniz. İşinizin həssaslığını nəzərə alıb büdcənizi əl gəzdirməlisiniz: ofis (ev) üzrə xərclərin ciddi şəkildə yerbəyer olunmasını təmin etməli və xərclərin hesabatını hazırlamalısınız. İşinizin daha da yaxşı getməsi üçün siz sosial və biznes tədbirlərə qatılmalı və yeni tanışlarınızın və potensial tərəfdaşlarınızın siyahısını hazırlayın və yeniliklərdən vaxtında agah olmaq üçün gələn və gedən elektron məktublarınızı izləməyə başlayın.
Həmçinin ‘gizli iş bazarı’na da yol tapmalı olduğunuz üçün siz böyük həcmdə sənədlərin, tapşırıqların, və məlumatların təşkil edilməsi və idarə olunmasını bacarmalısınız. Məqsəd hələ tam yetişməmiş işləri vaxtında aşkar edib özünüzü hamıdan əvvəl ideal namizəd kimi təqdim etməkdir. Maksimum səmərəli olmaq üçün sizin çox işi eyni zamanda görmək bacarığınız, yüksək səviyyədə təşkilatçılığınız və daim öyrənmək və inkişaf etmək istəyiniz olmalıdır. Əgər bu mühüm bacarıqlardan hansısa sizdə yoxdursa internetdə olan saysız-hesabsız pulsuz kurslardan və məsləhətlərdən bəhrələnin.
Nəhayət digər uğurlu işlərdə olduğu kimi gördüyünüz işin keyfiyyətini ölçmək üçün keçmiş həmkarınızla və ya sınanmış peşəkar tanışınızla həftəlik və aylıq görüşlər keçirin və onlardan sərt rəylər alın. Çünki hər nə qədər müsbət rəylər əla həvəsləndirici vasitə olsa da, konstruktiv tənqid öyrənmək və iş icranızı inkişaf etdirmək baxımından daha vacibdir.
Diqqət çəkin
Günümüzdə diqqət çəkməmək diqqətdə olmaqdan daha çətindir. Bəli, ‘müqəssir’ sosial mediadır. Amma sual budur ki, sizin ‘ictimai portret’iniz necədir? Siz sosial mediadakı davamlı mənfi rəylərinizə görə daim narazı və acılayan biri kimi tanınırsınız? Adınız potensial hakerlər siyahısındadır? Yoxsa şəxsi və peşəkar həyatınızdakı dürüstlüyünüz və canıyananlığınıza görə haqqında ağızdolusu danışılan birisiniz?
İstənilən halda arzuolunan bir namizəd kimi tanınmanız üçün şərt olan şəxsi brendinizə – dəyərləriniz, ehtiraslarınız, virtual və məişət həyatınızadakı fəaliyyətlərinizə əl gəzdirməlisiniz. Məhşur novellaçı Corc Eliotun deyimindəki kimi “nə vaxtsa ola biləcəyiniz kimi olmaq heç vaxt gec deyil”.
Bir araşdırmaya görə bütün sosial bacarıqlar arasında effektiv yazma, emosional zəka, düzgün suallar vermək, dinləmək, anlamağın da daxil olduğu kommunikasiya (bu, həmçinin uğurlu şəxsi brendin mühüm hissəsidir) bacarığı işəgötürənlər tərəfindən ən çox tələb olunan bacarıqdır. Odur ki, yaxşı iş axtarma mütəxəssisinin mütləq kommunikasiya bacarığı olmalıdır. Əgər sizin kommunikasiya bacarığınız rəqabətədavamlı deyilsə o zaman bu bacarığı artırmağa bir öyrənmək və inkişaf layihəsi kimi baxın.
Əlaqələr, əlaqələr və əlaqələr
Əgər siz əlaqələrin gücünə inanmırsınızsa ‘tövbə’ etməyin vaxtıdır. Əlaqələr şahdır. Əlaqələr bilik mənbəyidir. Əlaqələr bir çox sahənin müəllimidir. Əlaqələr yaxşı işdir. Bir də ki, əlaqə qurmaq həyatboyu dostlar qazandıra bilir. İş axtarma mütəxəssisi kimi əlaqələr yaratmaq görəcəyiniz işlərin başında gəlir.
Odur ki, ‘dəli kimi’ əlaqələr yaratmağa çalışın, amma sizə kimlərin daha əhəmiyyətli olduğunu müəyyən edin. Karyeranız üçün mühüm olan 5 və ya 10 mümkün insanın siyahısını tərtib edin. Gələcək əlaqələrinizi tanımaq üçün ciddi vaxt sərf edin – onların maraqlarını, bəyəndiklərini və sevmədiklərini, sizin ortaq dəyərlərinizi və onların ehtiyaclarını öyrənin. Bəli, ehtiyaclarını da, çünki kiminsə sizi qəbul etməyini istəyirsinizsə ona necə kömək etməyin yollarını öyrənin. Əgər dərhal işə yarayan əlaqələr qurmaq istəyirsinizsə, sonuncu, amma əsla az əhəmiyyətli olmayan təsirli hekayənizi hazırlayın.
Beləliklə, əgər siz bu addımların hər birini atsanız, yepyeni, bəlkə də elə arzuladığınız işi tezliklə əldə edəcəksiniz. Hələliksə, kefiniz kök olsun, sizin perspektivli işiniz var!
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Fins.az