Çoxumuz bu sualı nəzərdən qaçırırıq desəm, yanılmaram. Ölkəmizdə iqtisadi böhrandan sonraki vəziyyət yaxşılaşmağa doğru getməyinə baxmayaraq, işçilər, eləcə də işsiz əhali hər hansı bir işi dəyərləndirərkən bu cür dərin sualları yan keçib əmək haqqı statusuna fikir verməyi üstün tuturlar. Bu danılmaz faktdır, qınaq deyil.
Uğurlu iş deyəndə ağlınıza nə gəlir? Böyük şirkət? Yüksək əmək haqqı? İlk ağlınıza gələn fikri yadınızda saxlayın. İndi isə həmin düşündüyünüzü analiz edək. Ona nail olmaq üçün hansı addımlar atardınız. Fikrinizcə bu əlçatılmazdır? Gəlin işimizin effektivliyini təmin edən unutduğumuz təməldən danışaq.
Əslində sizin o uğurlu iş adlandırdığınız sizdən asılı olduğu qədər işlədiyiniz şirkətdən də asılıdır. Şirkət deyəndə, həmən hüquqi şəxs sanıb ümumiləşdirməyin. Şirkət dediyimiz onun işçi qüvvəsidir. Ən öndə gedən şirkətləri savadlı, bacarıqlı insanlar yönəldir. Yəni ki, iş yerinə diqqət edərkən mütləq iş mühiti ilə maraqlanmaq lazımdır. Bizi ilhamlandıran tək təklif olunan "rəqəmlər" yox, humanitar faktorlar da olmalıdır. Məsələn, karyera başlanğıcında qazancınız arzu olunan qədər olmaya bilər ( 99% hallarda olmayacaq kimi tərcümə olunur), lakin elə gözəl insanlarla işləyə bilərsiniz ki, beş iş dəyişdiyinizə baxmayaraq, indiki işinizdə belə məhz onların dəstəyini axtararsınız, onlardan öyrəndiklərinizi indi də tətbiq edərsiniz.
Elə müəssisə rəhbəri, kadrlar üzrə mütəxəssis kimi işçi axtararkən əsas məqsəd işinizin uğurudursa, namizədləri təcrübə cəhətdən müqayisə etdiyiniz qədər şəxsi xususiyyətlərə diqqət yetirməyiniz daha vacibdir. İllərin işçisi olub işini həmən yaxşı təqdim edən birisi ilə yanaşı yeni məzun olan savadlı gənclərə də şans vermək gərəkdir. Bizim ölkədə isə gənclərə yalnız xarici təşkilatlar fikir verir. Zənnimcə, bu çox ciddi mövzudur, halbuki əksər şirkətlərin İnsan Resursları departamentləri qeyd etdiyim halı görməzlikdən gəlir.
Bir sözlə, ətrafınızı gözəl insanlarla əhatə edin ki, işinizi daha da çox sevəsiniz. İş çətin ola bilər, insanlar çətin olanda isə adam lap əziyyət çəkir. Razıyam, hər yerdə əhvalınızı pozan birisi olacaq, lakin onlar uzağı 1% təşkil edəcək. Belələrinə rast gəldikdə necə davranmaq lazımdır, düzü, gələn dəfə sizinlə paylaşmaq istəyirəm.
Uzatmaq istəmirəm, ilk məqaləmdir, ümid edirəm ki, maraqlı idi. Özünüzü sevin və dəyərləndirin, çünki hər bir işinizin uğuru sizin ruhunuzun və düşüncələrinizin əksidir.
Müəllif: Nigar Əzizli
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com